dini radikalizm və ekstremizmlə mübarizə

Zəfər qurultayı Zəfər məkanında


Xalqımızın həyatında tarixi hadisə baş verdi – Dünya Azərbaycanlılarının V Qurultayı 30 ilə yaxın erməni faşizminin işğalı altında olmuş və 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi rəşadətli Ordumuzun səyi nəticəsində azadlığa qovuşmuş Şuşa şəhərində baş tutdu.

Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda qanlı savaşda qazanılmış böyük Zəfərdən sonra keçirilən Dünya Azərbaycanlılarının ilk Qurultayına ölkəmizin mədəniyyət paytaxtının ev sahibliyi etməsi, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın məhz bu müqəddəs məkanda bir araya gəlməsi 270 yaşlı Şuşanın mənəvi dəyərinin 50 milyonluq Azərbaycan xalqı üçün nə qədər yüksək olduğunu göstərir. Həqiqətən də, dünya azərbaycanlılarının Zəfər Qurultayının Zəfər şəhərində keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisədir.

Azərbaycan diasporunun yeni reallıqda fəaliyyət istiqamətlərinin məhz bu reallığın ayrılmaz tərkib hissəsi olan Şuşa şəhərində müəyyənləşdirilməsi xüsusi məna kəsb edir. “Şərqin konservatoriyası”, “Milli musiqinin beşiyi”, “Abidələr şəhəri” adlanan Şuşa qədim tarixi və zəngin mədəniyyəti ilə tanınan Azərbaycanın mədəniyyət paytaxtı olmaqla yanaşı, həm xalqımızın zəfər rəmzi, həm də milli birliyimizin və həmrəyliyimizin rəmzidir".

Dünya azərbaycanlılarının zirvə toplantısında ölkə Prezidenti cənab İlham Əliyevin proqram xarakterli və dərin məzmunlu nitqi Azərbaycan diasporunun yeni reallıqda fəaliyyətini müəyyənləşdirən strateji yol xəritəsi kimi dəyərləndirilir və diasporumuzun fəaliyyət tarixində tamamilə yeni mərhələnin başlanğıcından xəbər verir. Vətən müharibəsində əldə edilmiş tarixi qələbədən sonra regionda yaranmış reallıqlar və dünyada baş verən mürəkkəb ictimai-siyasi proseslər kontekstində yeni çağırışlar və hədəflərin meydana çıxması Azərbaycan diasporunun fəaliyyətində ciddi dəyişiklikləri labüd edir. Siyasi iradəsi, qətiyyəti və müdrikliyi ilə Böyük Zəfərə imza atmış Azərbaycan Prezidentinin Zəfər Qurultaydakı nitqində səsləndirdiyi tövsiyələr qarşıdakı dövrdə diasporun fəaliyyətini müəyyən edən əsas ideoloji istiqamətlər kimi qəbul edilməlidir.

Dünya azərbaycanlılarının həmrəyliyi, xalqımızın tarixi və mədəniyyəti, dövlətimizin sosial və iqtisadi həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin və mədəni irsimizin xarici ölkələrdə təbliği kimi aktual məsələlərlə yanaşı, bu gün Azərbaycan diasporunun qarşısında dövlətimizin yürütdüyü siyasətin mahiyyətini və məqsədlərini, bölgədə sülhün və əmin-amanlığın, siyasi sabitliyin və iqtisadi əməkdaşlığın zəruriliyini əks etdirən çağırışlarını dünyaya çatdırmaq kimi mühüm vəzifələr durur.

Bu gün hər birimiz əminik ki, haqq və ədalətin bərpası uğrunda mübarizədə Zəfər qazanmış dövlətimizin çoxmilyonlu diasporu müzəffər ölkə Prezidentinin Zəfər Qurultayında səsləndirdiyi tövsiyələri rəhbər tutaraq yeni reallıqda üzərinə düşən missiyanı uğurla yerinə yetirəcək, Azərbaycanın hərtərəfli inkişafına öz töhfəsini verəcəkdir.

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri
Zəfər qurultayı Zəfər məkanında

Oxunub: 265
Oxşar xəbərlər
SON XƏBƏRLƏR