dini radikalizm və ekstremizmlə mübarizə

Torpaq zəbt etmək üçün əkilən ağaclar neft kəmərləri üçün hansı təhlükələr yaradır? - FOTO


Ağac əkmək xeyirxah və savab bir iş hesab olunur. Lakin bəzi işbazlar bu gözəl əməldən öz çirkin niyyətlərini gerçəkləşdirmək üçün istifadə edirlər.

Məsələ burasındadır ki, Bakının bir sıra ərazilərində neft kəmərlərinin ətrafındakı boş torpaq sahələrini zəbt etmək istəyənlər guya ərazinin yaşıllaşdırılması adı altında ələ keçirmək istədikləri torpaq sahəsi boyu tinglər basdırırlar. Bir müddət sonra isə metal torlar vasitəsilə ərazi çəpərlənir. Növbəti addım ərazinin daş hasara alınması və sonda qanunsuz tikinti işlərinin aparılması olur.

Bunun nəticəsidir ki, paytaxtın bir sıra ərazilərində neft kəmərlərinə bitişik yaşayış massivləri salınıb. İllərdir bunun təhlükələri barədə cəmiyyət maarifləndirilsə də, hələ də neft kəmərlərinin mühafizə zolağında, hətta boru xəttinin düz üstündə yaşayış evləri tikilir.

Halbuki qanunla boru kəmərindən 50 metr məsafədə mühafizə zonası müəyyən olunub. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə mühafizə zonası 25 metr götürülür. Mühafizə zonasında tikinti işlərinin aparılması və digər fəaliyyətlər qadağan edilir.

Neft kəmərlərinin mühafizə zolağında evlərin tikilməsi, ağacların əkilməsi bu kəmərlərə zəruri hallarda texniki xidmətin göstərilməsi, o cümlədən qəza hallarında operativ müdaxilənin və təmir-bərpa işlərinin aparılmasına ciddi şəkildə maneə yaradır. Bundan başqa, neft-qaz sızması nəticəsində partlayışlar baş verə bilər ki, bu da həmin ərazidə yaşayan insanların həyatı üçün ciddi təhlükə mənbəyidir.

Bəzi yerlərdə ağaclar düz boru xəttinin dibinə əkilib. Aşağıdakı fotoya diqqət edin, ağac böyüdükcə onun gövdəsi boru ilə birləşib və hazırda bu ağaclar boru xətti üçün təhlükə yaradır.

Yeraltı neft kəmərlərinin üstündə əkilən ağaclar böyüyüb inkişaf etdikcə onların kökü daha dərinə nüfuz edir. Bir müddət sonra ağac kökləri boru xəttinin xüsusi izolyasiya qatını zədələyir və yeraltı sular boru xəttinə təmas edir. Nəticədə korroziyaya uğrayan boru xətti müəyyən vaxtdan sonra deşilir və neft sızıntısı baş verir.

İri gövdəli ağacların aşması nəticəsində boru xətti zədələnə bilər, xüsusilə borunun qaynar olan hissələrində neft sızıntıları baş verə bilər. Bundan başqa quru ağac budaqları, kol-kosun səbəb olduğu yanğınlar tezalışan neft məhsullarının nəql olunduğu boru xətləri üçün ciddi risk təşkil edir.

Bəzən neft kəmərlərinə yaxın ərazidə yaşayan insanlar özləri üçün istirahət guşələri, bağçalar salırlar. Yay aylarında bu ərazilərdə təndir qalayıb, samovar çayı dəmləyənlər də olur. Dizel, benzin və başqa neft məhsullarının nəql olunduğu boru xəttinin yaxınlığında ocaq qalanmasının nə dərəcədə böyük təhlükə olduğunu yəqin ki, izah etməyə ehtiyac yoxdur.

Sadaladığımız bütün təhlükələri nəzərə alıb, neft kəmərlərinin ətrafında ağac əkməkdən çəkinmək lazımdır. Bu cür ərazilərdə ev tikib yaşamaq, bağ salıb istirahət etmək həyatınız üçün təhlükə yaratmaqla yanaşı, neft sənayesinin normal fəaliyyətinə də maneələr yaradır.



Oxunub: 452
Oxşar xəbərlər
SON XƏBƏRLƏR