İri, badami qara gözləri, qələm qaşları ilə diqqət çəkən, zahiri cazibədarlığı ilə göz oxşayan, oynadığı rolları ilə yaddaşlara həkk olan, xoş xasiyyəti və gözəl rəftarı ilə ürəyə yatan Xatirə xanımı bir gənc yazar kimi nə qədər təsvir etsəm də belə, yenə də onun haqqını verə bilmərəm.
Onun elə təkcə zahiri gözəlliyi nəyə desəniz, dəyər. Sanki, insan özü istər-istəməz Xatirə xanımın zahiri əzəməti qarşısında təzim etməli olur. Mənəvi əzəməti, möhtəşəm qüruru və məğrurluğu qarşısında isə tərksilah olmaya bilmirsən.
Xatirə xanım elə xanım kimi xanım, ana kimi ana, dost kimi dost, aktrisa kimi aktrisa və ən əsası da ki, şəxsiyyət kimi bir şəxsiyyətdir.
Haqqında məqalə qələmə aldığım bu dəyərli qadının həyat tarixçəsinə baş vurmağımız lap yerinə düşər.
Xatirə xanım Süleymanova 1970-ci ilin sentyabr ayının 1-də tarixində Sumqayıt şəhərində anadan olub. O, 1977-1987-ci illər aralığında Arif Hüseynzadə adına 20 nömrəli tam orta liseydə oxumuşdur. 1983-1988-ci illər aralığında 2 nömrəli İncəsənət Musiqi Məktəbinin "Qarmon" sinfində musiqi təhsili alıb. 1989-1994-cü illər aralığında Əli bəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" ixtisasında təhsil alıb.
Xatirə xanım 1994-cü ildə Sumqayıt şəhər 11 nömrəli orta məktəbdə musiqi müəllimi vəzifəsində çalışmağa başlamışdır. 1995-ci ildə Şəhər uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzinə metodiki şöbənin və incəsənət şöbəsinin müdiri vəzifəsinə təyin ediblər. 1994-1996-cı illərdə Sumqayıt şəhər 11 nömrəli məktəbin "Uşaqlar birliyi təşkilatı"nın rəhbəri, 1996-2002-ci illər aralığında "Uşaq və Yeniyetmələrin Bədii şöbəsi"-nin müdiri vəzifəsində çalışmışdır. 2005-ci ilin yanvar ayından bu günümüzə qədər H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa kimi fəaliyyət göstərir.
Aktrisa kimi fəaliyyət göstərən Xatirə xanıma uğur qazandıran rolları "Qarağaclar altında məhəbbət" tamaşasındakı Abbi rolu və "20 ildən sonra" tamaşasındakı İşıq obrazı olub. Teatrda işlədiyi dövrdə Abbi (Y.Onilin "Qarağaclar altında məhəbbət") Zaqs müdiri (Ə.Əmirli "Varlı qadın"), Əli Əmirlinin "20 ildən sonra" İşıq obrazı, Katya (B.Mirzəzadə "Qudalar"), Nunu (N.Dumbadze "Ağ bayraqlar"), Qaraçı qadın və Yasəmən (A.Şaiq "Qaraca qız"), Ana (A.Babayevin "Xilaskar"), Zülfiyyə (R.Tohidoğlu "Nakam arzular"), Gəlin (M.Atəş "Şərəfin sandığı"), Zivər xanım (C.Məmmədquluzadə "Anamın kitabı"), Böyük qız (Ə.Səmədli "Ölüm hökmü"), Elçinin "Qatil"ində kimya müəlliməsi kimi rollar oynayıb. Bundan əlavə Xatirə Süleymanova "Qaynana" serialında "psixoloq", "Həyat varsa" serialının "Quş yuvası" bölümündə baş qəhrəmanın həyat yoldaşı, "Axsayan ayaq" bölümündə isə qaynana rollarını məharətlə oynayıb. "Bir ailəm var" serialında "Şəfəq" obrazını canlandırmışdır.
Hörmətli Xatirə xanıma 2018-ci ilin oktyabr ayının 16-da uəməkdar artist fəxri adı verilmişdir.
Mən Xatirə xanımdan nə qədər danışsam da, yenə də qurtara bilmərəm. Çünki, onu bir-iki cümlə ilə təsvir və ifadə etmək qeyri-mümkündür.
O, film səhnəsinə çıxarkən, sanki, ekranlar işıqlanır.
Adı da Xatirədir, özü də... O, bir xatirə kimi həm də ürəklərdə, könüllərdə, hətta beyinlərdə və yaddaşlarda yaşayır. Onu dərk etmək bəsirət, zəka istər. Xatirə xanım yer üzərində hər bir şeyin ən gözəlinə, ən üstününə və ən layiqlisinə layiqdir.
Əziz və sevimli Xatirə xanım! Uca Allah-Təalanın(c.c) sizə bəxş etdiyi bu parlaq ömür yollarında sizə hər bir zaman uzun ömür, can sağlığı, bol-bol ruzi-bərəkət, yüksək nailiyyətlər, tükənməz müvəffəqiyyətlər, sonsuz uğurlar, xoşbəxt və firavan həyat arzulayıram! Allah sizi böyüklükdən əskik etməsin və sizi Azərbaycan Film sənətinə, sevdiklərinizə, sevənlərinizə çox görməsin, amin!
Ərtoğrul Mehdizadə
Oxunub: 882