dini radikalizm və ekstremizmlə mübarizə

1avqust- Azərbaycan əlifbası və Azərbaycan dili günüdür


Sovet Azərbaycanında milli özünüdərk məsələsi: Allahverdi Qurbanov haqqında düşüncələr.

Ötən əsrin əvvəllərinin ictimai-siyasi və fəlsəfi fikir tarixini öyrənərkən ilk növbədə bu dövrün ən mürəkkəb və ziddiyyətli hadisələrini araşdırmaq lazım gəlir.
XX əsrin əvvəllərində Azərbaycanın maarifpərvər ziyalı gəncləri milləti cəhalət və xürafat girdabından çıxartmaq, onun maariflənməsinə və mədəni tərəqqisinə kömək etmək yollarını arayırdılar. Azərbaycan mütəfəkkirlərinə görə bir millət özünü tanımayınca hüququnu düşünməz , özünü tanıması üçün millətə milli dil , milli məktəb , milli mətbuat və milli ədəbiyyat lazımdır. Bütün bunlar üçün isə millətə hürriyyət lazımdır. Qeyd edək ki, bir ideya olaraq ortaya qoyulan milli özünüdərk həm psixoloji , həm də ideoloji proses olan hərəkatdır. Eyni zamanda milli özünüdərk xalqların, millətlərin taleyində ciddi dönüşlərin baş verdiyi, şərti olaraq keçid dövrü adlandırdığımız dövrlərdə xüsusilə mühüm əhəmiyyət kəsb edir. Məhz araşdırdığımız dövrdə bu qəbildəndir. XX əsrin əvvəllərində Azərbaycan xalqının özünüdərkində islamçılığın və türkçülüyün xüsusi yer alması , son nəticədə milli azadlıq mübarizəsinin , milli oyanışın , milli mənlik şüurunun və milli özünüdərk ideyalarının inkişafına , yüksəlişinə səbəb olmuşdur. Çar Rusiyasında 1917- ci il məlum fevral burjua inqilabından sonra əgər sosialist bolşeviklər milli müstəqil dövlətin qurulmasının əleyhinə idilərsə , özündə isalamçılığı, türkçülüyü, müasirliyi, demokratiyanı ehtiva edən müsavatçılar isə milli müstəqil dövlətin yaradılmasının tərəfdarı idi. Xalqın özünüdərk ideyalarının inkişafı nəticəsində 28 may 1918-ci ildə Şərqdə ilk demokratik dünyəvi dövlət Azərbaycan Xalq Cumhuriyyəti yarandı. Cəmi 23 ay yaşayan , Sovet Rusiyası tərəfindən 28 aprel 1920-ci ildə işğal edilən Azərbaycan Xalq Cumhuriyyəti süqut etsə də, xalqda yaşayan milli özünüdərk və milli-azadlıq ideyaları Sovet Azərbaycanı dövründə də yüksək inkişaf etmişdir. Sovet hökumətinin imperiya siyasəti xalqın milli kimliyinə , adət- ənənəsinə , milli psixologiyasına və s. təsir etsə belə onda yaşayan özünüdərk ideyalarını məhv edə bilmədi. Sovet Azərbaycanında bu ideoloji mübarizə davam etmiş və bu özünü XX əsrin sonlarında imperiyaya qarşı aparılan milli azadlıq mübarizəsində göstərmişdir.
“Sovet Rusiyasının 28 aprel işğalı AXC-ni süquta uğratsa da, onun milli ideologiyasını ( türkləşmək, islamlaşmaq və müasirləşmək ), əsrlər boyu formalaşmış milli-mənəvi dəyərlər sistemini məhv edə bilmədi və bunun üçün uzun müddət mübarizə aparmalı oldu. Həm dövri mətbuat, həm sənət sovetləşdirildi, yəni marksist-leninçi baxışlar, modelinə uyğunlaşdırıldı. Milli şüuru dəyişmək istiqamətində məqsədyönlü siyasət yürüdüldü.
Sənət adamları yaşlı və gənc nəslin nümayəndələri adı altında iki cəbhəyə bölündü. Yaşlı və gənc nəsil arasında bir qadağa zolağı , uçurum yaradıldı. Çalışdılar ki , onları bir-birindən uzaq salsınlar, tarixi irslə varisliyin əlaqəsini qırsınlar. Ona görə də Sovet cəmiyyətini mədh etməyənlər və 30-cu illərdə sosializmi bəyənməyənlər pantürkizmdə , millətçilikdə ittiham olundu. Başqa sözlə , Azərbaycan F K (Fövqəladə Komissiya-Ə.O.), D S İ (Dövlət Siyasi İdarəsi-Ə.O.), “tərbiyə edə” bilmədiklərini X D İ K (Xalq Daxili İşlər Komissarlığı - Ə.O.) məhv etdi” (1, 213s.). Bu dövrdə milli respublikaların xalqları o cümlədən Azərbaycan xalqı öz tarixinin mühüm tərkib hissəsi olan ictimai-siyasi və fəlsəfi fikir tarixinin obyektiv şərhindən məhrum edilmişdir. Dövrün tələblərinə uyğun olaraq Azərbaycanın bir çox görkəmli simaları kommunist rejiminin diqtəsi altında marksist-leninçi fəlsəfəsinin təhlili və təbliği ilə məşğul olmuşlar. Bunlardan S.Ağamalıoğlunun, N.Nərimanovun, R.Axundovun, S.M.Əfəndiyevin, C.Nağıyevin, M.Quliyevin, M.Hüseynovun, H.Hüseynovun, A.Y.Seyidovun, Ə.Y.Əfəndiyevin, B.Həsənbəyovun və adlarını çəkmədiyimiz digər filosof alimlərimizi göstərmək olar. Eyni zamanda sadalanan filosof alimlər özünüdərkin əsas amilləri olan maarif, mədəniyyət, yeni əlifba, insan azadlığı və s. məsələlərə aid əsərlər yazmışlar. Məsələn: Ruhulla Axundovun özünüdərkdən qidalanan dil məsələsi barəsində, vahid Azərbaycan dili haqqında fikirləri də mühüm əhəmiyyət kəsb edir. O, bu barədə yazır: “Azərbaycanda sosializm qurduğumuz bir vaxtda ola bilməz ki , azərbaycanlılar Gəncədə bir ləhcədə , Gürcüstanda başqa ləhcədə danışsınlar və hətta Buzovna və başqaları kimi ayrı-ayrı kəndlər öz ləhcələrində danışsınlar. Vahid dil yaratmaq lazımdır” (2, 156s.). Eyni zamanda N.Nərimanov milli özünüdərk prosesində xalqın, ölkənin tərəqqisini , dininin, dilinin, mədəniyyətinin inkişafını millətin hüriyyətilə bağlayırdı. N.Nərimanova görə millətin özünüdərketməsi və özünütanıması onun birliyinin və təşəkkülünün vacib şərtidir. Onun fikrincə özünüdərk ideyaları millətə inkişaf və tərəqqi yolunu göstərir. Ona görə də bu ideya müxtəlif cəmiyyətlər vasitəsilə yayılıb reallaşa bilər. Mütəfəkkirin milli özünüdərk ideyalarından qaynaqlanan dil haqqında fikirləri də mühüm əhəmiyyət kəsb edir. N.Nərimanova görə, ana dili millətin əsas atributudur, onsuz millətin nə xüsusi məsləki, nə də pak milli hissiyyatı ola bilər. Odur ki, daim onun inkişafının qayğısına qalır, onu qoruyur, başqalarındanda bunu tələb edirdi. “1922-ci ildə N.Nərimanovun mətbuatda türk dilinin məhdudlaşdırılması və türk dili dərslərinin azaldılması haqqında fitnəkar məqalələrə “Bakinski raboçi” qəzetində cavab verərək, türk dilinin Azərbaycanda dövlət dili elan edildiyini və Azərbaycanda heç kimin və heç bir şəraitdə onu ləğv etməyə və ya əhəmiyyətini azaltmağa ixtiyarı çatmadığını sərt bir şəkildə bəyan etməsi buna bariz nümunədir” (3, 26-27s.).
Azərbaycan fəlsəfə tarixinin əsasını qoyan filosof-alim Heydər Hüseynov Azərbaycan fəlsəfi və ictimai-siyasi fikir tarixinə həsr etdiyi əsərlərində xalqın özünüdərkindən bəhs etmişdir. Onun xalqın özünüdərk ideyalarından qaynaqlanan “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən adlı əsəri nəinki Azərbaycanda hətta keçmiş SSRİ-nin bütün yerlərində müsbət qarşılanmışdır. O, bu əsərində təkcə XIX əsri deyil , xalqımızın ən qədim tarixindən başlamış XIX əsrin axırınadək olan böyük bir dövrü əhatə etmişdir.
Beləliklə, Heydər Hüseynovun milli özünüdərk ideyalarından qidalanan və Azərbaycan xalqının fəlsəfi fikir tarixinə dil və mədəniyyətinə , ədəbiyyat və incəsənətinə aid qiymətli əsərləri Azərbaycan elm xəzinəsinə həmişə aktual olan dəyərli bir hədiyyə kimi daxil olmuşdur. XX əsrin 50-60 cı illərində Sovet Azərbaycanında milli özünüdərkdən gələn milli adət-ənənələrin davam etdirilməsi, milli oyanış, milli dəyərləri, dilin və dinin qorunması , uğrunda mübarizə genişləndi. Məsələn, ... 1957- ci ildə əslən Cənubi Azərbaycandan olan şair Məhəmməd Bağırzadə Biriya Azərbaycanın hökumət başçılarına ünvanladığı məktubda marksizm-leninizm məktəblərini bağlamağı, Marksın, Engelsin, Lenin və Stalinin heykəllərini götürməyi, kiril əlifbasından imtina edib əski əlifbaya qaytarmağı, aləmi-islamın düşməni olan erməniləri Azərbaycandan çıxartmağı, sərhədləri açmağı , sürgünə məhkum olunmuş bütün müsəlmanları ənənələrinə qaytarmağı və s. tələb edirdi.
Məhəmməd Bağırzadə Biriyanın məktubundan bir qədər sonra Bəxtiyar Vahabzadə “Gülüstan” (1959-1960) poeması ilə çıxış etdi və Gülüstan müqaviləsinin Azərbaycan xalqının taleyində oynadığı faciəvi rolu açıq göstərdi. Belə bir vaxtda imperiya qarşısında Azərbaycanın bütövlüyü uğrunda məsələ qaldırmaq böyük cəsarət tələb edirdi. Öz milli mütsəqillikləri uğrunda mübarizəyə qoşulanlar təbii ki, həmin illərdə bu və ya digər dərəcədə repressiyalara məruz qalırdı... (4, 203s.).
Xalqın milli özünüdərk duyğusunun ölməzliyi və inkişafı nəticəsində 1956- cı ildə Azərbaycan SSR Ali Soveti 1937-ci ildə qəbul edilmiş Konstitusiyaya respublikada dövlət dilinin Azərbaycan dili olması barədə maddə əlavə etmişdi.
Məhz Heydər Əliyevin XX əsrin 70-80 ci illərində həyata keçirdiyi kompleks inkişaf proqramları nəticəsində Şimali Azərbaycan Sovet imperiyası məkanında qabaqcıl sənaye və kənd təsərrüfatı respublikasına çevrilmişdir. Eləcə də onun respublikaya rəhbərliyi dövründə xalqımızın tarixi keçmişinə də maraq artdı və bu sahədə milli oyanış başlandı. Bu özünü XX əsrin 80-cı illərində Sovet Azərbaycanında milli özünüdərk prosesində geniş vüsət almış milli-azadlıq hərəkatında göstərmişdi.
1987- ci ilin sonunda keçmiş sovet imperiyasında “yenidən qurma” adlanan dağıdıcı proseslər zəmnində süni “Dağlıq Qarabağ” problemi meydana gətirildi. Həmin dövrdə SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyev hakimiyyətdən kənarlaşdırıldıqdan sonra Ermənistanın qatı millətçi dairələrinin və onların xarici dövlətlərdə olan havadarlarının uzun illər boyu xalqımıza qarşı hazırladıqları planı həyata keçirmək üçün münbit siyasi zəmin yarandı. O, dövrdə keçmiş SSRİ rəhbərliyi başda M.Qarbaçov olmaqla konstitusiya borcunu yerinə yetirmək , qanunçuluğu qorumaq əvəzinə , erməni millətçilərinin separatçı hərəkətlərini həvəsləndirmək, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb , Ermənistana inteqrasiya etmək yolunu tutdu. “Nəticədə ilk mərhələdə tamamilə aradan qaldırılması mümkün olan münaqişə tədricən böyüyərək , iki xalqın tammiqyaslı qarşıdurmasına , geniş müharibəyə çevrildi” (5, 213s.).
Buna bir tərəfdən Qərbi Azərbaycandan-Ermənistandan qovulan həmvətənlərimizin acınacaqlı vəziyyəti, digər tərəfdən ermənilərin əsasən Dağlıq Qarabağ və onun ətrafı ərazilərində apardıqları etnik təmizləmə siyasəti səbəb olmuşdu. Sovet Azərbaycanındakı milli-azadlıq hərəkatını boğmaq xalqa divan tutmaq üçün imperiya rəhbərliyi Bakıya xüsusi ordu qüvvələri göndərdi.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordu hissələri milli oynışın qarşısını almaq milli-azadlıq hərəkatını boğmaq məqsədilə Bakıda tayı-bərabəri olmayan 20 yanvar qırğınını törətdi. Lakin imperiya rəhbərliyinin Azərbaycanda milli-azadlıq hərəkatının qarşısını almaq cəhdi boşa çıxmış və əksinə bu hərəkat daha da genişlənmişdi.
1991-ci ilin fevralında dövlətimizin adından “Sovet ” və “sosialist” sözləri çıxarılaraq o, Azərbaycan Respublikası adlandırıldı. Həmin ilin oktyabrında Azərbaycan Ali Sovetinin ikinci sessiyası Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 1991-ci ilin dekabrında keçmiş Sovet imperiyasının süqut etməsi ilə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi xarici dövlətlər tərəfindən tanınmağa başlandı. Totalitar Sovet sisteminin iflasından və kommunist rejiminin süqutundan sonra formalaşan milli dövlətçiliyimiz artıq inkişaf yoluna çıxmaq üçün geniş imkanlar qazandı. Milli ideya, milli özünüdərketmə xalqı və hakimiyyəti birləşdirən bir zəmin olaraq müstəqil yaşamaq hüququ əldə edən Azərbaycan Respublikasına öz tarixi milli özünüdərk ənənələrini yeni demokratik dövlət təsisatları ilə üzvi surətdə əlaqələndirmək imkanı verdi.
Qeyd edək ki, Sovet Azərbaycanında imperiya əleyhinə aparılan milli-azadlıq mübarizəsində Azərbaycan xalqının bir çox oğulları, peşəsindən asılı olmayaraq fədakarlıq göstərmişlər. Xalqın belə övladlarından biri də haqqında söz açacağımız Allahverdi Qurbanovdur. Qurbanov Allahverdi Hüseynəli oğlu 1940-cı ildə Biləsuvar rayonunda (keçmiş Puşkin rayonu - Ə.O) kolxozçu ailəsindı anadan olmuşdur. Orta təhsilini Biləsuvar şəhər Nizami adına 1saylı orta məktəbində başa vuran A. Qurbanov 1959-1962-ci illərdə keçmiş Sovet ordu hissələrində hərbi xidmət dövrünü keçmişdir. O, 1962-ci ildə Bakı Neft Texnikumunun axşam şöbəsinə daxil olmuş və 1968- ci ildə oranı bitirmişdir.Uzun illər kolxoz təsərrüfatında və dövrünün bir çox ictimai-siyasi işlərində işləmişdir. Qüsursuz xidmətlərinə görə Allahverdi Qurbanov “Əmək veteranı” medalı ilə təltif olunmuşdur. 2015-ci ilin oktyabrın 21-də 75 yaşlı vətən sevdalısı yaşadığı evdə dünyasını dəyişmişdir.
Tələbəlik illərini fəhlə yataqxanasında keçirən , leytenant Şmitd adına zavodda tornaçı vəzifəsində işləyən Allahverdi Qurbanov və onun məsləkdaşları sovet imperiyasının ruslaşdırma siyasətinə qarşı çıxmış , Azərbaycan dilinin , mədəniyyətinin müdafiyəsinə qalxmışlar. Bu barədə daha geniş və dolğun tanınmış Azərbaycan yazıçısı ictimai xadimi və publisisti Elmira Axundovanın “ Heydər Əliyev : Şəxsiyyət və zaman ” adlı əsərində (6, 212-216s.) bəhs edilmişdir. Elmira Axundova həmin əsərində bu barədə yazır:
“Bir sözlə, özləri kimi düşünən həmfikirlərini başlarına yığan Paşa və Allahverdi Bakının müxtəlif yerlərində gizli məclislər , dəqiq desək , ittihamnamədə göstərildiyi kimi “qeyri-leqal yığıncaqlar” keçirməyə başlayırlar. Mayın 16-da avqustun 1-nə qədər onlar cəmi 12 “yığıncaq” keçirməyə və geniş “cəlbetmə və təbliğat fəaliyyəti göstərməyə müvəffəq olurlar” (6, 213s.).
Bu nöqteyi-nəzərdən 1965-ci ildə Allahverdi Qurbanov və onun məsləkdaşı Paşa Əbdülrəhimov barəsində Azərbaycan SSR CM 67-ci maddəsi ilə açılmış cinayət işi səciyyəvi xarakter daşıyır. Elmira Axundovanın adı çəkilən əsərində milli-azadlıq ideoloqları olan Allahverdi Qurbanov və Paşa Əbdülrəhimova qarşı irəli sürülən ittihamnamədən bəhs olunur. DTK arxivlərinə istinad edən E. Axundova bu barədə yazır:... ittihamnamə materiallarından bəlli olur ki, 1965- ci ilin mayında Qurbanov və Əbdülrəhimov “Azərbaycan milli dilinin müdafiə” komitəsini yaratmaq qərarına gəliblər. Onların dosyelərindən çıxış etsək bu adamlar savadlı və yetərincə fəal gənclər idi. Hər ikisi fəhlə yataqxanasında qalırdı və istintaq zamanı boyunlarına alırdılar ki, narazılıqların ilk cücərtiləri məhz orada yaranmışdır: bu yataqxanalarda yaşayanların 90 faizi respublikanın kənd rayonlarından gələnlər idi, rus dilini pis bilirdilər ya da heç bilmirdilər.Halbuki, komendant bütün elanları rus dilində yazmağa üstünlük verirdi. Bütün iclaslarda rus dilində keçirdi” (6, 213-214s.). E. Axundova əsərində Allahverdi Qurbanov və Paşa Əbdülrəhimova qarşı irəli sürülən ittihamnamədən bəhs edərək yazır: “İclaslarda deyilirdi ki, ruslar və ermənilər guya respublikada azərbaycanlılardan daha çox imtiyazlara malikdir, sonuncular isə məhdudiyyət və sıxışdırmalara məruz qalırlar, ruslar azərbaycanlılar üzərində hökmranlıq edir. Azərbaycan məktəbləri rus məktəbləri ilə əvəz olunur. Bundan əlavə çıxışlarında və oxuduğu neft texnikumunun tələbələri ilə söhbətlərində Qurbanov guya Azərbaycan xalqının ruslar tərəfindən istismar edildiyini, onun dilinin, mədəniyyətinin , adətlərinin sıxışdırıldığını , var-dövlətinin respublikadan daşındığını, Sov.İKP-nin guya Azərbaycan xalqının ruslaşdırılması siyasəti apardığını və bu məqsədlə azərbaycanlılara ərə gedib milli dili sıxışdırmağa imkan yaratmaq üçün Bakı, Sumqayıt, Mingəçevir və digər şəhərlərə çoxlu sayda rus qızları göndərdiyi barədə böhtanlar söyləmişdir. Çox keçmədi ki, komitənin üzvləri söhbətlərlə kifayətlənməyərək aktiv fəaliyyətə keçməyi qərarlaşdırdılar.
1965-ci ilin iyununda yataqxana otağında müzakirə zamanı Qurbanov zəhmətkeşlərin 7 noyabr nümayişindən istifadə etmək və radiostansiyanı zəbt etmək fikrini irəli sürür. Müttəhim Qurbanov və müttəhim Əbdülrəhimovla birlikdə Azərbaycan Sovet İttifaqının tərkibindən çıxması fikrini söyləmişlər.
Gördüyünüz kimi, cavan oğlanların iclaslarda irəli sürdüyü, o vaxt üçün olduqca təhlükəli sayılan ideyalar , respublikada yaranmış real vəziyyətə söykənirdi. 60- cı illərdə Bakı kosmopolit və beynəlmiləl şəhər idi , azərbaycanlılar rus dilində təhsil almağa üstünlük verirdilər, sovetlər ittifaqının titul millətinin dilini bilməyənlərə isə az qala nifrətlə baxırdılar. Respublikada bütün kargüzarlıq işləri rus dilində aparılırdı, Konstitusiyada Azərbaycan dilinin dövlət dili olmasını təsbit edən maddəni isə yada salmamağa çalışırdılar. Yeri gəlmişkən, məhkəmə iclasının gedişində Allahverdi Qurbanov əqidə yoldaşları ilə birlikdə Azərbaycan dilinə dövlət statusunun qaytarılması və onun dövlət idarələrində işlənməsi tələbi ilə ölkə və Respublika rəhbərliyinə müraciət etmək istədikləri haqqında danışmışdır” (6, 213-214s.). İstintaqı aparan müstəntiq Əkrəm Səlimzadə bir çox məqamlara aydınlıq gətirərək məlum hadisə ilə bağlı Heydər Əliyevə müraciət edir. İttihamnaməni Ə.Səlimzadə ilə Bileçenko və DTK-sədrinin müavini H.Əliyev imzaladılar. Əvvəllər Ukrayna , Moldova və Tacikistanda işləmiş Azərbaycan DTK-nın sədri Sviqunun bütün ciddi cəhdinə baxmayaraq dindirilən 100-dən artıq adamdan yalnız 4-nəfəri həbs olunur. Bütün bunlar ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri idi. Onun dəmir əlləri nəinki milli-azadlıq ideoloqlarını, eləcə də bütün xalqını qoruyurdu. Məhz Allahverdi Qurbanov və onun digər məsləkdaşlarının inadcıl mübarizələri nəticəsində bu dövrdə milli dəyərlərə, adət-ənənələrə, milli mədəniyyətə diqqət artdı.1966-1967-ci illərdə Azərbaycan KPMK-nın katibi işləmiş Şıxəli Qurbanov və onun əməkdaşlarının bu sahədə böyük xidmətləri Azərbaycanda imperiya əleyhinə aparılan milli mübarizənin məntiqi nəticəsi idi.
Beləliklə, Sovet işğalının bütün neqativ tərəfləri ilə bərabər Azərbaycan xalqı bu dövrdə xalq kimi, millət kimi inkişaf etmiş və hazırda mövcud olan iqtidadi, siyasi, intellektual və mədəni potensialını yaratmışdır. Bu dövrü xarakterizə edən ümummilli lider Heydər Əliyev demişdir: “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cumhuriyyətinin varisidir. Biz bu varislik prinsipini şərəflə, sədaqətlə yerinə yetiririk. Şübhəsiz ki, 1918-1920-ci illərdə 1990-cı illər arasında böyük fərq var , yaxud o dövrlə bu dövr arasında çox böyük məsafə var. Bu məsafədə boşluqdan ibarət deyil-bu 70 ildə Azərbaycan xalqı yaşayıb, yaradıb, xalq kimi, millət kimi inkişaf edibdir və Azərbaycanın bu gün mövcud olan iqtisadi, siyasi, intellektual , mədəni potensialnı yaradıbdır” (4, 176s.). Beləliklə XX əsrin əvvəllərində “Bir kərə yüksələn bayraq bir daha enməz ” deyən M.Ə.Rəsulzadə Şərqdə milli özünüdərkimizin bəhrəsi olan ilk demokratik respublikanın təməlini qoymuşdursa , XX əsrin sonlarında milli özünüdərkə milli hərəkatın rəhbəri Əbülfəz Elçibəy tərəfindən bu bayraq altında Azərbaycan Respublikası yarandı və Heydər Əliyev milli özünüdərkin bariz nümunəsi olan müasir dövlətimizdə yenilməz bayrağın təməlini əbədiləşdirdi. Müasir Azərbaycan Cəmiyyəti bu gün Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və bütün milli-mənəvi və əxlaqi keyfiyyətlərimizi özündə birləşdirən Azərbaycançılıqda əksini tapmış milli özünüdərk ideyaları ilə beynəlxalq aləmə inteqrasiya olunur.
Müasir Azərbaycanda milli şüurun və milli özünüdərkin bütün formalarının yüksək vüsət almasına imkan verən surətli inkişaf strategiyasının prezident İlham Əliyev tərəfindən seçilməsi və uğurla həyata keçirilməsi , ölkəmizdə istehsal, elm, mədəniyyət , Azərbaycan dilinin inkişafı sahəsində əldə edilmiş tərəqqi , milli şüurun inkişafına , milli özünüdərkin yüksəlməsinə və müstəqil Azərbaycan dövlətinin inkişafına xidmət edən uzaqgörən planın tərkib hissəsidir. Bütün bunlar Azərbaycan dövlətinin, dövlətçiliyinin daha da möhkəmlənməsinə, onun sosial, siyasi, iqtisadi və mədəni cəhətdən inkişaf etməsinə zəmin yaradır .

Əliyar Ağagül oğlu Orucov,
fəlsəfə üzrə fəlsəfə doktoru.

Oxunub: 445
Oxşar xəbərlər
SON XƏBƏRLƏR