dini radikalizm və ekstremizmlə mübarizə

Erməni terrorçu məhkəmədə Azərbaycan ərazisinə qanunsuz keçdiyini etiraf etdi

Erməni terrorçu məhkəmədə Azərbaycan ərazisinə qanunsuz keçdiyini etiraf etdi

Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin tərkibində döyüşən – Astanyan Yeqiş Oqanesoviç, Aramyan Karen Armenoviç, Avakyan Tiqran Manikoviç, Qevorkyan Qriqor Qevorqiyeviç, Manukyan Ovsep Robertoviç, Martirosyan Qevorg Samveloviç, Qevorkyan Robert Ovikoviç, Avetisyan Vaqarşaq Aşotoviç, Akopyan Volodya Qaqikoviç, Sukiasyan Andranik Srapoviç, Manukyan Andranik Tiqranoviç, Saqatelyan Qriqor Seyranoviç, Giraqusyan Eduard Armenoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən K.Aramyan ifadə verib.

O deyib ki, 2020-ci ilin noyabr ayının 27-də hərbi komissarlığa çağırılmayıb, birbaşa hərbi hissəyə gətirilib:

“Bizə silah və zirehli geyim verib dağ apardılar. Azərbaycan hərbçiləri ilə rastlaşdıq, bizi saxladılar və silahlarımızı aldılar. Onlara təslim olub silahları verdik. Azərbaycan əsgərlərinin müşahidəsi ilə hərbi hissəyə gətirildik. Bizə Azərbaycan əsgərləri heç bir təzyiq göstərmədi”.

Prokurorun suallarını cavablandıran K.Aramyan qeyd edib ki, o, Hadrut ərazisinə gəlməkdən imtina edə bilməyib: “Hadrutda silahlı dəstələrin hansının hansı ərazidə olmasını Kazaryan təyin edirdi. O, qərar verəndən sonra bizim postları təyin edirdilər.

Mən 2013-2015-ci illərdə Qubadlı rayonundakı hərbi hissədə xidmət etmişəm. Bilirdim ki, ora Azərbaycan ərazisidir”.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə ilə məhkəməyə verdiyi ifadəsi arasında bəzi ziddiyyət var. Ona görə də prosesdə onun ibtidai istintaqa ifadəsi elan edilib. K.Aramyan istintaqa dindirilərkən söyləyib ki, Arsen Kazaryanın tapşırığı ilə onları Xocavəndə gətirib Hadrurtda yerləşdiriblər. Orada deyilib ki, “Azərbaycan əsgərləri bu əraziyə yaxınlaşarsa, silahlı müqavimət göstərin”.

Daha sonra məhkəmədə A.Manukyan dindirilib. O, ifadəsində özünü qismən təqsirli bildiyini deyib: “Etiraf edirəm ki, Azərbaycan ərazisinə qanunsuz keçdiyimi bilirdim. Lakin biz tapşırıq icra edirdik. Kazaryan Rusiya sülhməramlıları ilə danışandan sonra bizi Azərbaycan ərazisinə buraxdılar. 14 gün dağdakı postda qaldıq. Sonra qida göndərilən yerə düşdük, orada bizi erməni komandir qarşılamalı idi. Amma gördük ki, komandir orda yoxdur, qaçıb. Təxminən yarım saat yol gedəndən sonra Azərbaycan əsgərləri ilə rastlaşdıq, onlara təslim olduq”.

Prokurorun suallarını cavablandırarkən təqsirləndirilən şəxs qeyd edib ki, o, 2015-2017-ci illərdə Tərtər rayonunun Təpəkənd (Tonaşen) kəndində hərbi xidmətdə olub: “Müharibənin dayandırılmasından məlumatım var idi. Bilirdim ki, Ermənistan kapitulasiya aktını imzalayıb”.

Hakim söyləyib ki, təqsirləndirilən şəxs istintaqda onlara Kazaryanla yanaşı Artur Muradyan rəhbərlik edərək tapşırıqlar verdyini bildirib. Həmçinin o, istintaq ifadəsində deyib ki, Xocavənddə xidmət etməkdə məqsədi həmin ərazilərə Azərbaycan hərbçilərinin daxil olmasına maneçilik törətmək olub.

Daha sonra təqsirləndirilən E.Giraqusyan dindirilib. O deyib ki, dağda postda olan zaman bir dəfə atəş açıb.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsində ziddiyyətlər var. Həmin ziddiyyətlər ondan ibarətdir ki, onlar Azərbaycan hərbiçilərinə müqavimət göstərmək barədə rəhbərliklərindən tapşırıqlar alıblar.

Növbəti proses iyulun 5-nə təyin edilib.

Oxunub: 540
Oxşar xəbərlər
SON XƏBƏRLƏR