dini radikalizm və ekstremizmlə mübarizə

Biləsuvar təhsilindən yeni bir uğur.


Şəkildə gördüyünüz məktəbimizin 5-ci sinif şagirdi Məhərrəmli Gülü Həsən qızıdır. Onun 10 yaşı mart ayının 5-də tamam oldu. 10 yaşında şagirdin ümumi orta təhsil səviyyəsinin 5-ci sinfində təhsil alması qəribə görünə bilər. Yox, o, düşündüyünüz kimi ibtidai təhsil səviyyəsinə vaxtından tez başlamayıb. Məhərrəmli Gülü Həsən qızı "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1.0.39-cu bəndinə uyğun olaraq ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsini vaxtından əvvəl bitirib. Gülü öz yaşıdları arasında psixoloji dayanıqlılığı, qeyri-standart düşünmə bacarığı, tədris materiallarını asan mənimsəməsi, yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnməsi, xarici dili sərbəst öyrənmə bacarığı, rabitəli nitq və çevik təfəkkürü ilə müəllimlərinin və məktəb rəhbərliyinin diqqətini cəlb etmişdir. Müvafiq prosedurlar həyata keçirildikdən sonra şagirdimiz Təhsil Nazirliyinin təyin etdiyi mütəxəssislər qrupu tərəfindən təkrar yoxlanıldıqdan sonra onun ibtidai təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə qərar qəbul edilmişdir.
Gülünün fəaliyyəti məktəb rəhbərliyi və müəllimləri tərəfindən daim diqqət mərkəzində saxlanılır. Onun qazandığı bu nailiyyət təkcə Biləsuvar şəhər 4 saylı tam orta məktəbin deyil, Azərbaycan təhsilinin uğurudur. Yaşının kiçik olmasına baxmayaraq, özünün müsbət keyfiyyətləri ilə hər kəsə nümunə olmağı bacaran Gülünün ən böyük arzusu həkim olmaqdır. Biz inanırıq ki, o, bu arzusunu da reallaşdıraraq dünyanın tanınmış həkim-mütəxəssislərindən olacaqdır.

Biz səninlə fəxr edirik, kiçik yaşlı, böyük düşüncəli şagirdimiz!

Uğur səninlə olsun!


Elşən Ağazadə
Biləsuvar şəhər Ə.Eynullayev adına 4 saylı tam orta məktəbin direktoru.

Oxunub: 1 094
Oxşar xəbərlər
SON XƏBƏRLƏR