dini radikalizm və ekstremizmlə mübarizə

ONA BOY BOYLAMAQ, SOY SOYLAMAQ BORCUMUZDUR!


ONUN ADI YOXDUR, SANI VAR: MÜBARƏK KOMUTAN ASİM BƏYİMİZƏ İTHAFƏN YAZIRAM!


Dədəm Qorqudun sazından-sözündən süzülüb-gələn igidlərdən biri də Asim komutandır. Yüzbaşımız Asim Əfrasim oğlu Quliyev 1989-cu ilin sentyabr ayının 15-də Salyan rayonunda dünyaya göz açmışdır. Məşhur şairimiz Məhəmməd Füzulinin adını daşıyan rayonda, yəni ki, Füzulidə hərbi həyata qədəm qoyan bu türk subayı allahsız, dinsiz-imansız, vətənsiz, kafir erməni tayfası ilə üz-üzə idi. Öz üstündən əmr aldı ki, komandanlığında olan əsgərlər ilə bərabər döyüş əməliyyatına yollansın, ancaq Asim bəyimizin cavan əsgərlərin cavan canına yazığı gəlmiş və yalnız öz altı nəfərlik yavəri ilə sazlı-sözlü meydana baş vurmuşdur. O meydan ki, vaxtı ilə, igidlik göstərənlərə məhz bu meydanda ad qoyularmış; o meydan ki, bahadırlar məhz bu cəng meydanında ad-san, ləqəb sahibi olarmışlar. Asim komutan yavərlərini bu döyüşdə itirdi, amma mənliyini və çiyinlərində daşıdığı o 4 mübarək ulduzu itirmədi, yerə düşməyə qoymadı. Dədəm Qorqud burada olsaydı, yaralanmış Asimə nə deyərdi?! Qolundan tutaraq qaldırar, yarasına məlhəm, saçına sığal çəkər və onun haqqında belə bir soy soylayar, boy boylayardı:

"Allah səni namərdə möhtac etməsin!
Uca başın aşağı əyilməsin! Düşmənin gözü kor olsun;
Səni belə yaralı görməsin!
Sevinib də gülməsin! Sən ayaqüstə ol, qoy, bağrı çatlasın! Namərdin sənə atdığı da namərd olar.
Əlindən tutub qaldıran, kədərinə kədərlənən, sevincinə sevinən mərd olar!
Allah bu etdiyinə baxsın, yığıb-yığışdırsın günahlarını Məhəmməd Mustafanın hörmətinə bağışlasın, Asimim hey!"

Asim yüzbaşı düz 5 gün ortada qaldı, amma tək deyildi, başının üstündə Uca Allahı, sevgili yarı var idi. Elə bir dostu olan heç tək qalardımı?! Əlbəttə ki, xeyr. Vətən onu bağrına basmış, torpaq qucaqlamış, Allah nəzər yetirmişdir. Nə düşmən onu görmüş və nə də ki, bizimkilər izinə rast gəlmişdir. Ruh kimi, kölgə kimi olmuş; görən qorxmuş, görməyən də çaş-baş qalmışdır. Düşmənin atdığı atəşlər nəticəsində, daha doğrusu, qəlpələrdən aldığı zədələr hesabına ayaq barmaqlarını bu müqəddəs vətənə qurban vermiş, özünü dövlətə ərməğan etmiş, millətin dilinin əzbəri olmuşdur. Füzuli qəbristanlığında yatan ölülərin ruhları "Var olasan, Asim!" deyərək onu alqışladı, göylər halına ağladı. Ondakı cəsarətə, şücaətə, rəşadətə heyran olduq. Evinə şəhid olduğu xəbəri verildi. Amma Allah istəməsə, heç kim istəyə bilməz. Nə ölmək? Hələ vaxtı çatmamışdı. Sürünə-sürünə öz hərbi hissəsinə gəlib-çatmış, əsgərləri və komutanları onu bağrına basmışdır. Ailəsinə sağ olduğu xəbəri verildi, yenidən toy-bayram, şənlik quruldu, qurbanlıqlar kəsildi, qanı alnına sürüldü. Qaziliyin mübarək olsun, Asim bəy! Bu günləri Dədə Qorqud aramızda yaşasaydı, başqa igidlərə ad verdiyi kimi gəlib sənə də ad-san verərdi; başqa igidlərə dastan qoşduğu kimi sənə də dastan qoşardı; başqa igidlərə boy boylayıb, soy soyladığı kimi sənə də boy boylayar, soy soylayardı. Dədəm Qorqud bu gün aramızda olmasa da belə, narahat olmayasan, sənə millətin ad-san qoyar, arxandan dastan qoşar, boy boylayar, soy soylayar. Sən yüz əsgərə dəyərsən. Üstündə gəzdiyin torpaq, aldığın hava, içdiyin su, yediyin çörək, yaşadığın vətənin haqqı, içindən çıxdığın millətin haqqı sənə halal və halal olsun! Üzün ağ olsun! Başın uca olsun! Çiyinlərin möhkəm olsun! Allah səni namərdə möhtac etməsin! Dostun çox, düşmənin az olsun! Allahsız ilə bir süfrə başında oturmayasan, süfrəndə igidlərin çox olsun! Arzum budur ki, səsin yüksəkliklərdən eşidilsin, şan-şöhrətin bütün türk diyarlarına yayılsın. Sanın baş tacın olsun! Düşmənlərin zəlil, xar olsun! Necə ki, xar oldular. Necə ki, zəlil oldular. Allah səni hifz etsin, ömrünü uzun etsin, amin! Allah bu cihadını qəbul etsin, amin!

Ərtoğrul Aypar

Oxunub: 1 403
Oxşar xəbərlər
SON XƏBƏRLƏR