dini radikalizm və ekstremizmlə mübarizə

Bəzi insanlarımızın etdiyi bu yanlışı dövlət edə bilməz

Bəzi insanlarımızın etdiyi bu yanlışı dövlət edə bilməz

Əziz həmvətənlər!

Hər birimiz işğala və terrora məruz qalmış dövlətin vətəndaşının mövqeyindən çıxış edərək işğalçılara adekvat cavabın verilməsini arzulayırıq. Bu, təbiidir və bu qədər ağrını-acını yaşayan bir xalqın nümayəndələri kimi, emosiyalarımıza qapılıb terrora terrorla cavab verilməsini tələb etməyimiz düzgün olmasa da, normaldır.

Ancaq insanın etdiyi səhvi dövlət edə bilməz. Çünki bir insanın etdiyi yanlışı ətrafındakı digər insanlar, onun üçün gec olsa belə, digərlərinə də zərər verməməsi üçün təlafe edə bilərlər. Ancaq dövlətin etdiyi yanlış ümumi faciə ilə bitə bilər ki, o da artıq həmin dövlət üçün çox gec ola bilər.

Əslində, hazırda Azərbaycan dövlətinin və ordusunun ümumi olaraq ən düzgün mövqedə olduğunu düşünürəm. Çünki Azərbaycan terror dövləti deyil!

Və nə olursa olsun Azərbaycan heç bir halda terrorun və ya terrorçunun yanında yox, onların qarşısında mövqe tutur!

Ümumiyyətlə terrorçu nə vaxt terrora əl atır? Düşmən daha güclü olanda və terrora əl atan ona qarşı mübarizədə özünü gücsüz hesab edəndə. Bu gün açıq döyüş meydanında işğalçı Ermənistan özünün gücsüzlüyünü və acizliyini bir daha dərk etdikdən sonra yenidən terrora əl atmaqdadır.

Çünki cəbhədə heç bir qarşıdurmada duruş gətirə bilmir. Cəbhəboyu bütün istiqamətlərdə məğlub olmaqla mövqelərini və işğal etdiyi əraziləri ard-arda itirməkdədir.

İşğalçı Ermənistan çox gözəl başa düşür ki, Azərbaycan ordusu iki həftə ərzində onların otuz ilə yaxın dövrdə ciddi eşelonlaşdırılmış çoxzolaqlı müdafiə xəttini qırmaqla və düşmənə geniş müdafiə imkanları yaradan keçilməz coğrafi əraziləri aşmaqla artıq işinin ən çətin hissəsini görmüşdür. Bu, o deməkdir ki, artıq Ermənistanın sərhədlərinə qədər ordumuzun önü açılmışdır.

Bu zaman terrorçu təfəkkürlü və işğalçı təxəyyüllü dövlətin beynində “bunun qarşısını necə almaq olar?” sualına yeganə cavab yenə də rəzilliyin şah əsəri olan “Terror” olur!

Bununla da terrorçu Ermənistan nəyə nail olmaq istəyir?!

-Terrorla bizim günlərdir davam edən uğurlu hücum taktikamızda dəyişiklik etməyə nail olmaq!

-Terrorla onlar üçün ən pis halda adekvat cavabın veriləcəyi təqdirdə onsuz da maraqlara xidmət edən dünyanın diqqətini bura yönəltmək!

-Terrorla faktiki olaraq ikinci cəbhəni açmaqla müharibə cəbhəsindəki hücumları mümkün qədər səngidərək itirilmiş mövqelərinin bərpasına çalışmaq!

-Terrorla ön cəbhəmizin daim güclü və hücumlarının kəsərli olmasında əvəzolunmaz rola malik olan arxa cəbhəmizin, cəmiyyətimizin və insanlarımızın birliyinə, vahidliyinə və məğrur duruşuna sarsıdıcı zərbə vuraraq ciddi fikir-ayrılığı yaratmaq!

-Və ən nəhayət, terrorla elə terrorun və terrorçunun mahiyyətini və məzmununu təşkil edən özünün qeyri-insaniliyini, vəhşiliyini, heç bir dəyər və əxlaq normalarına uymadıqlarını ortaya qoymaqla ümumi bir xof yaratmaq!

Bütün yaradılışlar adətən özlərinin vərdişlərindən əl çəkə bilmirlər. Fərqi yoxdur, pis və ya yaxşı vərdişindən.

İşğalçı Ermənistan və onun cinayətkar ruhlu rəhbərliyi özlərinin terrorçu, qeyri-insani və vəhşi xarakterli vərdişlərini tərk edə bilmədikləri kimi, biz də özümüzə aid olan Mübariz və Polad xarakterimizdən bir an belə imtina etməməliyik! İstəsək də belə edə bilməyəcəyik!

Bütün bunlara görə hazırkı çox həssas dönəmdə cəmiyyətimizə aid bir sıra həyati əhəmiyyətli məqamları qeyd etmək istərdim:

İlk öncə unutmamalıyıq ki, bizim üçün müharibənin aparılacağı bir döyüş cəbhəsi var ki, o da Qarabağ istiqamətində hazırda da bizim böyük üstünlüyümüzlə davam edən ağır döyüşlərin getdiyi cəbhədir.

Bizim üçün bir düşmən var, o da Ermənistandır!

Təkcə apardığımız haqq müharibəsi ilə deyil, həm də, bu müharibədə çox qısa zamanda əldə edəcəyimiz böyük qələbə ilə düşmən Ermənistana havadarlıq edənlərə çox böyük yanlışa yol verdiklərini isbat etmiş olarıq. Çünki istəsək də, istəməsək də tarixi reallıq “Qalibləri mühakimə etmirlər” deyir.

Bu ədalətsiz dünyada ətalət qanunlarına əsaslanıb bir gün ədaləti bizə hədiyyə edəcəklərinin tam əksinə olaraq baş verən hər bir hadisədən mümkün qədər maraq və mənafelərimizə uyğun istifadə etməyi düşünməliyik artıq.

Buna görə dəmüvəqqəti atəşkəsin pozulması əslində işimizə yarayır. Bu amil cəbhədə iki həftədir ki, davam etməkdə olan uğurlarımızın davamını gətirmək üçün bizə hava və su kimi lazımdır!

Məhz elə bu səbəbdən də, hazırda bu istiqamətdə prosesi davam etdirən dövlətimizə və ordumuza günlərdir ki, göstərdiyimiz maksimum dəstəyi daha kəsərli və daha aktiv formada davam etdirməliyik.

Bir təkzibolunmaz faktı unutmayaq ki, işğal olunmuş ərazilərimizin, Qarabağın və ümumiyyətlə mənfur düşmənlə aramızda otuz ildən artıq gedən müharibənin taleyi heç bir masada və ya hansısa terrora terrorla cavab veriləcək platformada deyil, yalnız və yalnız işğal olunmuş ərazilərimizin azad edilməsi iləo bağlı gedən müharibə cəbhəsində həll olunacaqdır!

Bütün bunlara görə də, biz məkrli düşmənin istədiyinə və planına uyğun deyil, öz istədiyimizə və planlarımıza uyğun olaraq yalnız müharibə cəbhəsində sürətlə irəliləməliyik!

Çünki divin canı şüşədə olduğu kimi, işğalçı düşmənlərimizin də canı elə işğal olunmuş ərazilərimizin qalan hissəsindədir!

İrəli, irəli, yalnız irəli, Azərbaycan əsgəri!

Uca Tanrı Azərbaycanı və əsgərimizi qorusun!

Politoloq Xəyal Bəşirov

Oxunub: 415
Oxşar xəbərlər
SON XƏBƏRLƏR