dini radikalizm və ekstremizmlə mübarizə

Torpaq sənə əmanətdir, Azərbaycan ordusu...

Torpaq sənə əmanətdir, Azərbaycan ordusu...

Azərbaycanın suveren hüququ, onun illərdir ki, işğalda olan ərazilərinin taleyi niyə Şoyqunun və ya digərinin "istəyinə" uyğun idarə olunmalıdır?!

Dağlıq Qarabağ və ətraf rayonların işğalını süründürən "atəşkəs rejimi" otuz ilə yaxındır uzansa da, amma nə illah edir Azərbaycan xalqının səbrini kəsə bilmir. Ermənistan mediasının informasiya cəbhəsində "duzla" doldurulmuş güllələrdən açdığı manipulyativ atəşləri isə, səbrli olmağa sanki, məhkum edilmiş hər bir vətənpərvər Azərbaycan övladının ürəyini göynədir.

Əslində bu "duzla" doldurulmuş güllələrə indiyədək əsl güllə ilə cavab verilməməsinin nəticəsidir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin son müsahibələrinin "altından girib, üstündən çıxan" erməni jurnalistlər yenə də ənənəvi olaraq öz istəklərinə uyğun şəkildə şərh etməkdən utanmırlar.

Baxın, Zakir Həsənovun Aprel döyüşləri ilə bağlı dediyi əsas sözləri diqqətdən kənara qoymaq məqsədi ilə erməni icmalçısı Naira Ayrumyan bildirir ki, güya, Aprel döyüşləri zamanı erməni ordusu birinci zərbəni dəf edib irəliləməyə başlayanda, rəsmi Bakı ciddi cəhdlə tez Rusiyadan xahiş etdi ki, müharibəni dayandırmaqda ona yardım etsin. Bu azmış kimi, həyasızlığın səviyyəsinə baxın ki, erməni jurnalist 4 günlük döyüşdə Ermənistan ordusunu 560 canlı itki ilə geri atan, çoxlu sayda hərbi texnikasını məhv edən və strateji mövqeləri azad edən Azərbaycan ordusunun bir nömrəli əsgərini bu döyüşdə "məğlub nazir" hesab edir. O, əlavə edir ki, Azərbaycan naziri öz müsahibəsində erməni hərbçilərinin "ön xətdə" videomüşahidə sisteminin quraşdırılmasından öz narahatlığını bildirib və güya bu, Azərbaycan ordusuna hücuma keçməyə imkan vermir.

Əslində, düşmən də olsa, bu yerdə erməni qızının fikrində müəyyən haqlı məqamlar vardır. Sözsüz ki, Dağlıq Qarabağ və 7 ətraf rayon işğaldan azad edilməyincə, nəinki Azərbaycan Müdafiə naziri, hətta bütün xalq özünü məğlub hesab etmək zorundadır. Azərbaycan ordusuna hücuma keçməyə imkan verilməməsinə gəlincə isə, bu hansısa video sistem məsələsi deyil, sadəcə imzalanması çoxdan gözlənilən hücum əmri ilə bağlıdır.

Əlbəttə, Azərbaycan Müdafiə nazirinin öz müsahibəsində qeyd etdiyi - orduda aparılan ciddi islahatlar, zabitlərin yüksək peşəkarlığı, şəxsi heyətin mənəvi psixoloji durumu, vətənpərvərlik ruhu, müasir texnika və müasir silah-sürsatla təchis olmasına heç kəs şübhə etmir, əksinə, bu amillər hər kəsdə çoxdan gözlənilən qələbəyə böyük inam yaradır.

Ancaq, eyni zamanda, burada Aprel döyüşləri ilə bağlı səslənən - Rusiya Müdafiə naziri Şoyqunun telefon etməsindən sonra əks hücumun dayandırılması fikri Azərbaycan cəmiyyətində heç də bir mənalı qarşılanmır. Çünki bu yerdə istər-istəməz məntiq öz sualını ortaya qoyur: Azərbaycanın suveren hüququ, onun illərdir ki, işğalda olan ərazilərinin taleyi niyə Şoyqunun və ya digərinin "istəyinə" uyğun idarə olunmalıdır?!

Sözsüz ki, Azərbaycan ordusunun beynəlxalq təşkilatların hüquq və prinsiplərinə uyğun olaraq, Dağlıq Qarabağı düşməndən azad etmək üçün istənilən vaxt hərəkətə keçməsinə imkanı vardır.

Baxın, BMT-nin 4 qətnaməsindən əlavə, təkcə elə bu ilin iyun ayı ərzində Avropa Parlamentinin Dağlıq Qarabağda üçüncü yolunun tikintisi ilə bağlı qəbul etdiyi məlum bəyanat və Şərq tərəfdaşlığı ölkələrinin Sammitinin Ermənistanın işğalçılıq siyasətini qlobal müstəvidə ifşa etməsi, rəsmi Bakı üçün öz torpaqlarını düşməndən azad etməyə növbəti dəfə "yaşıl işıq" yandırdı. Ancaq buna baxmayaraq, rəsmi Bakının bu "yaşıl işığı" "qırmızı" ilə əvəz etməsi və ya əldə etdiyi bu diplomatik uğurdan yerindəcə istifadə etməməsi, cəmiyyətin ümidini bir çox halda puç edir.
Yeri gəlmişkən, bu yeni sənəd barədə Ermənistanın milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri David Şahnazaryan hələ may ayında "Avropa Birliyi Azərbaycanın tərəfində durdu və ona Ermənistanla yeni müharibə başlamağa kart-balanş verdi", başlıqlı yazı ilə erməni mediasında həyacan təbili çalmışdı. Şahnazaryan burada öz narahatlığını ortaya qoyaraq, "Avropa parlamentinin plenar iclasında qaldırılacaq bu layihə çox güman ki, qəbul ediləcək. Avropa Birliyi Azərbaycanı yeni müharibəyə təhrik edəcək və onu bu müharibədə dəstəkləyəcək", - deyə, həyacanını gizlətmirdi.

Ancaq nə olsun, nə dəyişdi? Bu illər ərzində torpağı işğalda qalan, narahat və həyacanla Qarabağın azad ediləcəyi günü gözləyən yenə də Azərbaycan xalqıdır. Görünür şoyquların istəyinə əməl etmək, Azərbaycan xalqının istəyinə əməl etməkdən daha önəmlidir.
Belə olan halda əlbəttə ki, Zakir Həsənovun cəmiyyətə Qarabağın tezliklə işğaldan azad edilməsi ilə bağlı müəyyən dərəcədə ümidverici müsahibəsindən dərhal sonra, Paşinyanın zövcəsi foto-model eşqinə düşüb Qarabağ ərazilərini Ermənistan ərazisi kimi təqdim etməklə, gəlib Şuşada, Kəlbəcərdə və digər görməli yerlərdə "göz-başını" nümayiş etdirərək, Azərbaycan tərəfinə "yandı-qındı" verə-verə müxtəlif fasonda şəkillər çəkdirəcək. Bu, həm də Ermənistanın bilavasitə Avropa Parlamentinin bəyanatının və Şərq tərəfdaşlığı ölkələrinin mövqeyinə təpik atması deməkdir. Odur ki, nə qədər erməni təpik atanlarının boyunları qoltuqarası, "yanları" isə təpik görməyib, onlar Azərbaycan torpaqlarında hələ çox modellik edib şəkil-şükül çəkdirəcəklər. Bunu isə onlara yalnız Azərbaycan ordusu tərgitməlidir.

Bu gün isə Azərbaycan Ordusunun ad günüdür. Ayağı hələ ki Qarabağ torpağında olan düşmən tərəfin nə deməsindən asılı olmayaraq, az da olsa, son döyüşdən, həmlələrdən sən qalib çıxmısan Azərbaycan Ordusu! Ən böyük qalibiyyətin isə işğaldakı Azərbaycan torpaqlarını tam azad etdiyin gün olacaq! Çünki torpaq xalqa, torpaq sənə əmanətdir, Azərbaycan Ordusu! O gün indikindən fərqli olaraq, daha ürəkli, daha uca səslə eşidəcəksən: Gözün arxada qalmasın, yaşa, var ol, məğlubedilməz Azərbaycan Ordusu! Günün mübarək olsun!

Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Oxunub: 650
Oxşar xəbərlər
SON XƏBƏRLƏR