dini radikalizm və ekstremizmlə mübarizə

“İndi öz səsimizi biləsuvarlılara çatdırmaqdan daha çox biləsuvarlıların səsini əlaqədar yerlərə çatdırmağa ehtiyac var”


(Müsahibimiz 66 saylı Biləsuvar Seçki Dairəsindən deputatlığa namizəd Araz Aslanlıdır)

-Araz müəllim, zəhmət olmasa, oxucularımıza tanışlıq üçün bir qədər özünüz haqda məlumat verərdiz...

- Biləsuvar rayonunda doğulmuşam. Orta təhsilimi da rayonumuzda almışam. Ali təhsilimi (bakalavr, magistratura və bitmək üzrə olan doktorantura pillələrində) Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində almışam. Bakalavr və magistratura təhsilimi dövlət idarəçiliyi və politologiya ixtisasları üzrə, doktorantura təhsilimi isə beynəlxalq münasibətlər ixtisası üzrə almışam. Nüfuzlu beynəlxalq siyasət mərkəzlərində işləmişəm. Diaspor təşkilatlarında rəhbər vəzifələr tutmuşam. Təhsil və tədqiqat fəaliyyəti ilə məşğulam. Məqalələrim ABŞ, Fransa, İngiltərə, Türkiyə, Rusiya və digər dövlətlərdə nəşr olunub. Müxtəlif ölkələrin televiziya və radio kanallarında 200-dən çox çıxışım olub. Müxtəlif ali təhsil qurumlarında müəllim kimi də, rəhbər vəzifələrdə də işləmişəm. Eyni zamanda Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədriyəm.

-Sizi parlament seçkilərinə qatılmağa sövq edən əsas hansı istək və ya amillərdir?

- Səbəblər çoxdur. Həm rayon miqyasında, həm ölkə miqyasında bu seçkilərdə namizəd kimi iştirakımı şərtləndirən amillər var. İslahatlarla bağlı ölkə rəhbərliyinin çıxışları, cəmiyyətin gözləntiləri vacib məqamlardandır. Rayonumuz üçün reallaşdırılmasını arzuladığım müəyyən layihələr var. Ölkə səviyyəsində gedən proseslərə, qanunvericilik fəaliyyətinə töhfə vermək arzum var. Amma bir məqam da var ki, onu xüsusi qeyd etmək istəyirəm: Biləsuvarlıların narahatlıqlarının, arzularının, ümumiyyətlə səsinin Biləsuvardan kənarda, əlaqədar orqanlarda eşidilməsinə töhfə vermək arzusu.
Çünkü hər bir seçici qrupunun, hər bir rayonun arzusudur ki, öz dəyərli övladlarından biri ilə parlamentdə təmsil olunsun. Bu çox təbii hissdir və əsla yerliçilik, yerlipərəstlik deyil. İnsanlar arzulayır ki, bizi bizdən biri, bizi anlayan, arzularımızı öz arzuları kimi, narahatlıqlarımızı öz narahatlıqları kimi hiss edən bir şəxs rayonumuzdan deputat seçilsin. Amma Biləsuvar 20 ildir ki, bu imkandan məhrum qalıb. Bildiyiniz kimi mən 2005-ci ildəki parlament seçkilərində də namizəd kimi iştirak etmişdim. O vaxt da seçkilərdə iştirak etməyimin əsas səbəblərindən biri bu idi ki, biləsuvarlılar parlamentdə layiqli şəkildə təmsil edildiklərinə inanmırdılar və dəyişiklik arzulayırdılar. O vaxt bu arzunu reallaşdıra bilmədik və bu arzu təəssüf ki, rayonumuz üçün hələ də qüvvədə qalır. Ölkə başçısının çağrışını və cəmiyyətin gözləntilərini əsas tutaraq bu seçkidə yenidən namizəd olmağa qərar verdim ki, bu arzunu reallaşdıraq.

-Biləsuvarda sosial yönümlü hansı layihələrin həyata keçirilməsini qarşıya əsas məqsəd qoymusunuz?

- Müəyyən məsələlər var ki, onların həlli üçün respublika miqyasında tədbirlər görülməlidir. Sosial, iqtisadi xarakterli (eləcə də aztəminatlı ailələlərlə bağlı) məsələlər əsasən bu kateqoriyadadır. Amma respublika miqyaslı tədbirlərə qədər rayonlarda da görülə biləcək işlər var. Məsələn təhsil ilə bağlı. Rayonumuzda təhsili ilə qürur duyduğumuz Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksi var. Quranlara, yaşadanlara, müəllimlərinə və zəhmət çəkən bir bir şəxsə daim minnətdarıq. Amma əlavə bir fond yaratmaq olar ki, bu məktəbə qəbul olunan şagirdlərdən maddi imkanı zəif olanlara əlavə dəstək imkanı yaransın. Eləcə də bu məktəbdən kənar olaraq rayonda istedadlı uşaqların və gənclərin təhsilinin dəstəklənməsi üçün həmin fonddan istifadə etmək olar.
İdman ilə bağlı da müəyyən düşüncələrimiz var. Rayonumuzda çox potensiallı gənc idmançılar var. Amma onların çox hissəsi lazımı dəstək görmədikləri üçün istedadlarını, potensiallarını reallaşdıra bilmirlər. Onlara dəstək lazımdır. Ümumiyyətlə rayonumuzda güclü bir idman klubunun yaradılması vacibdir. İnşallah deputat seçilərəmsə bu istiqaməti xüsusi olaraq diqqətdə saxlayacağam.
Eyni şəkildə səhiyyə ilə bağlı olaraq da addımlar atılmalıdır. Şübhəsiz ki, icbari tibbi sığorta ilə bu sahədəki problemlərin respublika miqyasında aradan qaldırılması hədəflənir. Amma gözlənilən odur ki, bu proses vaxt alacaq və təəssüf ki, bir anda insanların sağlıqla bağlı bütün narahatlıqları ortadan qalxmayacaq. Ən azı müəyyən bir müddət üçün imkansız şəxslərin mütləq əlavə dəstəyə ehtiyacı olacaq. Bununla bağlı da mütləq əlavə tədbirlər görülməlidir.
Ümumiyyətlə təhsil, səhiyyə, idman, gənclər ilə bağlı xüsusi dəstək layihələrinin həyata keçirilməsi zəruridir. Etibarlı bir sistem qurulduğu təqdirdə bu bu cür layihələri dəstəkləməyə hazır olan biləsuvarlıların sayı da az deyil. Sadəcə etibarlı bir sistem qurmaq lazımdır.

-Ölkədə işsizlik probleminin olduğu hər kəsə məlumdur, Biləsuvarda insanların işlə təmin olunması üçün konkret hansı müəssisə və obyektlərin açılmasına ehtiyac olduğunu düşünürsünüz?

- Bir daha təkrarlamaq istəyirəm ki, müəyyən məsələlər respublika miqyasında tədbirlər vasitəsi ilə həll edilməlidir və deputat kimi bunun üçün zəruri addımları atmağa çalışacağam. Amma konkret olaraq Biləsuvarla bağlı iki məqamı daha çox vurğulamaq istəyirəm. Bunlardan biri Biləsuvarın sərhədyanı rayon olması, digəri aqrar potensialı yüksək olan bir rayon olması.
Hər iki məqamla bağlı müəyyən düşüncələrim var. Sərhədyanı rayon amilindən iqtisadi məqsədlə istifadə edilməsiylə bağlı dövlət səviyyəsində qaldırmağı düşündüyüm məsələlər var. Bunları indidən paylaşmaq istəmirəm. İnşallah deputat kimi reallaşdırmağa çalışacağam.
Aqrar potensialla bağlı düşüncəm odur ki, Biləsuvar sadəcə xammal istehsal edən rayon olmamalıdır. Yarımfabrikatlar və hətta hazır brend məhsullar istehsal etməlidir. Bunun üçün rayonumuzun ciddi potensialı var. Rayonumuzun potensialı və coğrafi mövqeyi imkan verir ki, sadəcə Azərbaycan miqyasında deyil, ölkəmizin ixracat potensialına töhfə vermək imkanı baxımından da Biləsuvar lider mövqelərdən birinə malik olsun. Bu, həm də dövlətimizin həyata keçirmək istədiyi qeyri-neft sektorunun inkişafı strategiyası ilə də üst-üstə düşür.

-Biləsuvarı Milli Qəhrəmanımız Mübariz İbrahimovun timsalında qəhrəman diyar adlandırırlar. Yəqin ki, şəhid ailələri və bu qəbildən olan insanlara sizin də xüsusi diqqət-qayğınız olacaq...

- Mübariz İbrahimov sadəcə rayonumuz üçün deyil, sadəcə Azərbaycan üçün deyil, hətta sadəcə Türk və İslam dünyası üçün də deyil, insanlıq üçün cəsarət, mübarizə, qəhrəmanlıq simvollarından biridir. Mübariz İbrahimov zirvə deməkdir. Öyrənməliyik, öyrətməliyik. Vətən uğurunda, müqəddəs dəyərlər uğurunda bir insanın nələr edə biləcəyinin şanlı nümunəsidir. Əlbəttə başqa şəhidlərimiz, qəhrəmanlarımız, qazilərimiz, döyüşçülərimiz də var və hamısı başımızın tacıdırlar. Allah şəhidlərimizə rəhmət eləsin. Qalanlara can sağlığı versin. Onlara qayğı, diqqət hər bir şəxsin mənəvi borcudur. Amma icazənizlə bu mövzunu seçki mövzusuyla əlaqələndirməyim. Bu mövzuda seçki təbliğatının bir parçası kimi danışmayım. Çünkü bu qayğı, bu diqqət seçki ilə əlaqələndirilməyəcək bir qayğı, diqqət olmalıdır. Nə ediriksə borcumuz olduğu üçün edirik. Bundan sonra da nə edəcəyiksə reklam xatirinə yox, borcumuz olduğu üçün edəcəyik.

-Təşəkkür edirik, Araz müəllim və uğurlar diləyirik.

-Sağ olun.

Söhbətləşdi: Surxay ŞAHBAZOV, AJB-nin üzvü

Oxunub: 1 497
Oxşar xəbərlər
SON XƏBƏRLƏR