dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan polisi Azərbaycan xalqının və dövlətinin keşiyindədir

Vaxtilə Ulu Öndər Heydər Əliyev demişdir:
"Mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi Azərbaycan polisinə etibar edirəm, sizə inanıram, sizə arxalanıram. Bu güc və bu qüvvə ilə də biz müstəqil Azərbaycanı günü-gündən inkişaf etdirəcəyik və gələcək nəsillərə daha da gözəl Azərbaycan bəxş edəcəyik." Azərbaycan polisi — Daxili İşlər Nazirliyinin strukturuna daxil olan Azərbaycan Respublikası hüquq mühafizə orqanıdır. Ulu öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Ümummilli lider Heydər
Əliyevin 24 may 1998-ci ildə imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib. Azərbaycanda hər il 2 iyul tarixi Azərbaycan Polisi Günü kimi qeyd edilir.

"Polisə olan hörmət dövlətə olan hörmətdir.

Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni, cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər."

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında dövlət başçısı seçilməsi ilə Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoyub, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin simvoluna çevrilib. Dövlət başçısının həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün bütün lazımi tədbirlər görülüb. Ötən illər ərzində xidməti fəaliyyətin cəmiyyətin maraqlarına tam cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə müxtəlif fərman və sərəncamlar imzalanıb. O cümlədən Daxili İşlər Nazirliyinin strukturunun və normativ hüquqi bazasının təkmilləşdirilməsi, maddi-texniki təchizatının yaxşılaşdırılması, şəxsi heyətin sosial müdafiəsinin və demokratik cəmiyyətdə polisin rolu haqqında məlumatlandırma işinin gücləndirilməsi üzrə Azərbaycan Prezidentinin təşəbbüsü ilə 2004- cü ildə qəbul edilmiş Dövlət Proqramı əsasında mühüm əhəmiyyət kəsb edən tədbirlər görülüb. 101 illik tarixə malik Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib. Bu gün asayışın qorunmasında polisin xüsusi xidmətləri yüksək dəyərləndirilməlidir. Ölkəmizin dünyada sabitlik adası kimi tanınması, nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri təsadüfi deyil. Bu, dövlət başçısının müəyyənləşdirdiyi daxili və xarici siyasətin bəhrəsi, eyni zamanda, polisin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsinin bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar ölkəmizdə müsbət dəyişikliklərin
fonunda hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb. Bununla yanaşı, daxili işlər
orqanlarının fəaliyyətini, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi mexanizmlərini tənzimləyən qanunvericilik bazası daha da möhkəmləndirilib. Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində daxili işlər orqanları insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən bu inkişaf və modernləşmə
vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan verir.

Eldar Əhmədov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
"Qızıl Qələm" media mükafatı laureatı

Oxunub: 640
Oxşar xəbərlər
SON XƏBƏRLƏR