dini radikalizm və ekstremizmlə mübarizə

VƏTƏNPƏRVƏR ZİYALI


Şair, jurnalist ailəsində dünyaya göz açmış Rauf İlyasoğlu imzası oxuculara yaxşı tanışdır. İlk məqaləsi 1975-ci il¬də Azərbaycan Respublikasının Ağdam rayon qəzetində (“Lenin yolu”) çap olunmuşdur. Dövri mətbuatda yüzlərə vətənpərvər, satirik və məhəbbət mövzulu şeirləri, hekayələri, bayatıları, cinaslı rübailəri, publisistik yazıları, oçerkləri dərc olunmuşdur. Uzun illər “Respublika” dövlət qəzetində işləməsi onu daha da püxtələşdirmiş, maraqlı yazıları ilə geniş oxucu rəğbəti qazanmışdır.
Hazırda “Həkəri” qəzetinin baş redaktoru, Gunaz.az saytının redaktoru olan Rauf İlyasoğlunun “Xatirəyə dönmüş anlar”, “Dostlara dost töhfəsi”, “Qara göl” (roman), “Könül duyğularım” (2 cild¬lik), “Dost sədaqəti”, “Dünya şöhrətli alim, karikaturaçı-
rəssam” (K.Kərimova həsr olunub), “Cinaslı rübailər”, “Bayramsız Laçın, Laçınsız Bayram” (şəhidlərimiz haqqında ), “Şeyx Dədə”, “Yolda qalan izlər” adlı kitabları işıq üzü görmüşdür. Yüzlərlə kitabların redaktoru, məsləhətçisi, ön söz müəllifi olmuşdur.
Atası şair-publisist jurnalist , İlyas Qəmgin (Allahveridiyev) yaradıcılığının davamçısı olmuş, haqqında Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında film çəkilmiş, 50 illik yubileyi Misir Mədəniyyət Mərkəzində, 55 illik yubileyi isə C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında geniş qeyd edilmişdir.
Qarabağ müharibəsi iştirakçısı, II qrup əlildir. Beynəlxalq İdeal Sül¬hün Təbliği Fondunun Rəy Komissiyasının sədri, Beynəlxalq Əlillər Cəmiyyəinin, Şəhid Ailələrinə Sosial Dəstək, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliklərinin və s. ( ictimai əsaslarla ) mətbuat xidmətlərinin rəhbəridir. 2015-ci il Milli Məclisə deputatlığa namizədliyi irəli sürülmüşdür. Azərbaycan Dövlətçiliyinə Milli Dəstək Mərkəzinin Qarabağ üzrə sədridir. Türkiyədə, İraqda, Misir Ərəb Respublikasında, Gürcüstanda, Rusiyada, Hollandiyada və bir çox xarici ölkələrdə şeirləri və publisistik yazıları dərc olunub.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr etdiyi şeiri-poeması IV sinif Azərbaycan dili (sinifdən xaric), Oxu dərs vəsaitinə daxil edilmişdir və 2011-ci il¬dən hər il kütləvi tirajla çap olunaraq şagirdlərin stolüstü kitabına çevrilmiş və bu gün də kitab mağazalarında satılır.
“Qızıl Qələm”, “Həzrət Əli”, “İti qələm” media mükafatlarının və bir çox xarici ölkələrin Fəxri Diplom və Ödüllərinə layiq görülüb.

NAR

Nar cənnət meyvəsidir, çıraq tək işıq saçır,
Yer də, ulduz, Günəş də dairəvi gül açır.
Nar səthinə fikir ver, dağ, dərə də, düz də var,
Nar dənəsi – insanlar, mehriban yaşayarlar.
Ölkələr bir-biriylə sərhədlə ayrılırlar,
Narda pərdələr sanki, sərhəddi ayırırlar.
Dirilik dənəsi var, ehtiyat ilə kəsin,
Narı bölüb yeyəndə, çalış yerə düşməsin.
Narın tacı Məsciddə minarəyə bənzəyir,
Allahın taxt-tacına o da belə baş əyir.
Narı qurd yeyən zaman tapa bilməzsən sağın,
Şeytan girsə qəlbinə, eşit bu söz sərrafın.
Ruhdan düşən insanı şeytan tez məhv eyləyir,
Hikməti dünyalara Rauf ömür diləyir.

FATİHƏ SURƏSİNİ OXUYARKƏN

Quranın ilk surəsi bil, Fatihə adlanır,
Hər ayənin hikmətin görən nadanlar qanır?
Mərhəmətli rəhmli Allahın adı ilə,
Bismillahir Rəhmanir Rəhim kəlməsi ilə
Həmd olsun Allahıma, aləmlərin rəbbinə,
Haqq-hesab çəkən günün yeganə sahibinə,
Sənə ibadət edib səndən yardım dilərik.
Yönəlt bizi düz yola, nemətini görərik.
Azanların yolundan Allah bizi uzaq et,
Qəzaba düçar olan azğınlardan iraq et.

AYDAN

Bulud ağlasa da göz yaşlarıyla,
Günəş şölə saçar sübh, açılandan.
Açılan gecənin o zülmətindən,
İşığa bələnsən, utanma aydan.

Qail ol tapdığın halal qismətə,
Şükr elə yediyin gözəl nemətə.
Hörmət et qadında olan ismətə,
Kölgəni ləkəli bilmə, o aydan.

Şüandan güc alır, saf, qara torpaq,
Quru budaq olar yamyaşıl yarpaq.
Rauf yaşıl yarpaq, sonra da torpaq,
Günəş həsrət qalıb tamarzı Aydan.

MƏHƏMMƏD PEYĞƏMBƏRƏ
(salam olsun)

Uca Allah hökmü ilə çəm eylədi Quranı,
Aləm nura qərq olundu, doğuldu, pakdı Məhəmməd.
Haqsızlara sözün dedi, bildi işi buranı,
Dinsizləri haqq yoluna səslədi, təkdi Məhəmməd.

Tək Allaha məhəbbəti sonsuz dəryalar qədərdi,
Fərq qoymadı bir kimsəyə, haqq sevəni çox sevərdi,
Kafirlərin fitnələri təsir etməz zərrə qədər,
İslam dini zəfər çaldı, çox zülm çəkdi Məhəmməd.

Din yolunda cihal etdi, neçə dəfə yaralandı,
Pak bədəni zədə aldı, neçə yerdən paralandı,
Peyğəmbərin tərəfdarı çoxaldıqca düşmən qızdı.
Mübarək Allah kəlamın söylədi, pakdı Məhəmməd.

Din yolunda cihad edən əsabələr şəhid oldu,
Kərbəla şəhidlərinin gözləri qürurla doldu,
Haram yeyib qızan kəslər, Allah cəza göndərəcək,
İmansızı haqq yoluna səslədi, təkdi Məhəmməd.

Yeri-göyü xəlq eyləyən, fərman verən pak Allahdı,
Xəstələrə şəfa verən, dərman verən tək Allahdı,
Alidir, mükəmməl dindir, islamı gözdən salan,
Olacaqdır puç, tarimar, təmiz mayakdı Məhəmməd.
Yeri-göyü Yaradanı unutmayaq heç bir zaman,
Haqq yoluna üz tutan kəs, mömin insandır çoxalan.

Əbdü Rauf açıq sözlə, bəyan etdi bu sözləri,
Cənnət əhli olacaqdır, haqqı yazıb, yada salan.

QURAN BƏŞƏRİYYƏTİ
ÇOX AYDIN BAŞA SALIR

Hər işi tənzimləyən ucadır Yaradanım,
Kim doğular, qeyb olur, bunu Allahım bilər.
Həm güldürən, ağladan, uludur oyadanım,
Hər kəs tövbə edərsə, günahları silinər.

Kim qazanar ölümdən, dirilər ya ölənlər?
Güc göstərib silahla kimi üstələyirlər.
Əhalinin artımın guya ki, baş bilənlər,
Azaltmaqla, dünyanı düzəltmək istəyirlər?

Bəşərin çoxalmağın Amerika istəmir?
Gah yeraltı təkanlar, gah fırtına törədir.
Qırır, çapır İsrail, edir Fələstinə əmr,
Müsəlmanı məhv edir, Xaçpərəsti öyrədir.

Dünya tək Allahıma inanırsa, bəs nədən,
Hər gün qanlar tökülür, yurdlar viranə qalır.
Bəşəriyyət məhv olsa, nə lazım cansız bədən?
Quran bəşəriyyəti cox aydın başa salır.

MƏN NƏÇİYƏM

İnsanların azğınlaşmasından, hər zaman möcüzələr göstərən Uca Yaradanıma məhəbbətdən yaranan şeir

Mən nəçiyəm əmr verəm,
Mən qulunam torpağınam.
İstəsən lap kül olanam,
Torpağına qurban olum.

Şeytana möhlət vermisən,
Kim nə edir sən, bilirsən.
Dünyanı da tərpədirsən,
Hikmətinə qurban olum.

Allah, kömək et qaçqına,
Tez qayıtsın torpağına.
Heyranam sənin adına,
Möcüzənə qurban olum.

Sən kömək elə atama,
Taqətsiz gözü dolana.
İmdad et xəstə yatana,
Yaradana qurban olum.

Hər bir işə qadirsiniz,
Siz dahidən dahisiniz.
Yaradansız, quransınız,
"Quran"ıma qurban olum.

Dünyanı idarə edən,
Yol azanı tənbeh edən.
İnsanlara ruzi verən,
Bərəkətinə qurban olum.

AYLARIN SULTANI GƏLİR

Mərhəmətli ol hər zaman,
Ayların sultanı gəlir.
Kimsəsizə olma yaman,
Ayların sultanı gəlir.

Fitrə, zəkat ver, o ayı,
Ver sədəqə, qurban payı.
Görsən bədirlənmiş Ayı,
Ayların sultanı gəlir.

Səcdə etmək, nə ləzzətli,
Hər kəs xoşüzlü, izzətli.
On bir aydan fəzilətli,
Ayların sultanı gəlir.

Qədr gecəsi oyaq qal,
Haqqa səslə, şeypurla çal,
Quranı hər an yada sal,
Ayların sultanı gəlir.

Fəxr et Rəbbimin quluyla,
İmam Hüseynin qoluyla,
Peyğəmbərin get yoluyla.
Ayların sultanı gəlir,
Ramazan bayramı gəlir.

ZİYARƏTGAHDA
Mir Mövsüm ağanın ocağını
ziyarət edərkən

Allah adamıdır Mir Mövsüm ağa,
Gələr bu ocağa eşidən hər kəs.
Rəbbin kəraməti vardır qanında,
İnsan şəfa tapar ziyarətgahda.

Qoç qurban deyənlər Allah yolunda,
Gələr ziyarətə dəstəbədəstə.
Kasıba pay düşər, sağalar xəstə,
Könüllər sevinər ziyarətgahda.

Əməldən, cadudan uzaq olana,
Allah kömək edər o qibləgahda.
Xoş əməl sahibi olan o kəslər,
Paklaşar Məkkədə, ziyarətgahda.

YURDUMUN DİL ƏZBƏRİ

Qarabağın lazımlı oğlu Seyid Lazım ağanın
əziz xatirəsinə

Xalqımın ümid yeri,
Seyid Lazım ağaydı.
Yurdumun dil əzbəri,
Seyid Lazım ağaydı.

Ümid verən, söz deyən,
Dözümsüzə döz deyən.
Hər kəlməni düz deyən,
Seyid Lazım ağaydı.

Səxavətli nur kişi,
Söz-söhbəti dürr kişi.
Aləmə bir sirr kişi,
Seyid Lazım ağaydı.

Qəlbimizdə salan iz,
Çörəyin yediyimiz,
Qoç qurban dediyimiz
Seyid Lazım ağaydı.

UTANIR

Gözünü əlimə dikən dilənçi,
Yurdum işğaldadır, əlim utanır.
Hər gələn qonağa qoç da kəsilən,
İndi qaçqın düşən elim utanır.

Vətənsiz yaşamaq necə kədərdi,
Mənasız ömür də sanki hədərdi.
Haqsızlığa dözmək bundan betərdi,
Abrıma sığınan dilim utanır.

İsa bulağının çeşmə gözündə,
O gözəl qızların həya üzündə.
Xarı bülbül bitən Cıdır düzündə
Həsrət-həsrət baxan gülüm utanır.

Vətəndə olmuşam didərgin, qərib,
Düşmən səddimizə necə tor hörüb.
Rauf çox acılar, çox qəmlər görüb,
Mənə qaçqın demə, dilim utanır.

QIZLAR BULAĞI

Qızlar bulağını indi gəzəndə,
Gənclik illərimi yada salıram.
Sevilən o qız da dodaq büzəndə,
Gah küsüb, elə bil tənha qalıram.

Gözlər bir-birinə zillənib baxır,
O lal baxışlar da xəyala dalır,
Bulud da göz qoyur, şimşəklər çaxır,
Gənclik illərimdən xatirə qalır.

Hərdən sevdiyim qız göz yaşı tökər,
Qayadan süzülən damcı bulaqtək.
Gülməsə , qəlbimə duman - çən çökər,
Yığılar üstümə dərdim qalaq tək.

Gözlərin güləndə sevinir qəlbim,
Elə bil dünyanı verirlər mənə.
Bəxtəvər deyirlər, azalır dərdim,
Qayıdaq biz yenə ötən günlərə.

İndi saçlarıma dən düşüb yenə,
Nə tez ömür ötər, günlər tez keçər.
Gənclik xatirəmi yazdım bu gecə,
Rauf məhəbbətlə dünyadan köçər.

Rauf İlyasoğlu

Oxunub: 886
Oxşar xəbərlər
SON XƏBƏRLƏR