dini radikalizm və ekstremizmlə mübarizə

“Soyqırıma məruz qalan şəhər!”adlı ədəbi-bədii gecə keçirildi

“Soyqırıma məruz qalan şəhər!”adlı ədəbi-bədii gecə keçirildi
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində işğal edilən, yerlə yeksan olunan yaşayış məntəqələrinin arasında Xocalının da adı var. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı zamanı qədim tarixə malik bir yaşayış məntəqəsi erməni terrorçuları və onların havadarları tərəfindən yerlə yeksan edildi, övladları əsir və ya girov götürüldü. Məlum soyqırımın dünya dövlətləri, parlamentləri və beynəlxalq təşkilatlar tərəfindən tanınmasına dəstək məqsədilə yaradılmış “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi bu istiqamətdə mühüm tədbirlər keçirir. Belə tədbirlərdən biri həmin Təşkilatın İdarə heyətinin üzvü, Xocalıdan məcburi köçkün, şəhid Vasif Məmmədovun ömür-gün yoldaşı xanım Ceyran Əzizovanın təşəbbüsü, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin və Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində keçirildi. “Soyqırıma məruz qalan şəhər!”adlı ədəbi-bədii gecəni Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin müəllimi, Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova açdı. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildi. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan ərənlərimizin əziz xatirəsi 1 dəq.sükutla yad edildi.
Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov tədbir iştirakçılarını salamladı. Şahmar müəllim tədbirin baş tutmasından ötrü zəruri dəstək göstərənlərin hər birinə öz təşəkkürünü bildirdi. Daha sonra Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin pedaqoji kollektivinin hazırladığı “Soyqırıma məruz qalan şəhər!” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Kompozisiyanın hazırlanmasında zəhməti olan hər bir insana, xüsusən də, Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin direktor əvəzi xanım Fiqurə Rüstəmovaya, məktəbin müəllimləri-xanım Əfsanə Ələkbərovaya, xanım Təranə Qədirovaya, xanım Vəsilə Məhərrəmovaya xüsusi təşəkkür edirik.Məktəblilərdən Məxmər və Zəhra Ələkbərzadə bacıları, Aydan Hüseynova, Əbdüləli Rzayev, Ramal Xanlarov, Zəhra Mustafayeva, Nəzrin və Fərid Bəxtiyarzadə bacı-qardaşları,Sadiq Cəbrayılov, Kənan Əliməmmədli və Allahverdi İsgəndərlinin adlarını xüsusi qeyd etməyi özümüzə borc bilirik.
“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Vətən müharibəsi veteranı Şamil Sabiroğlu, Xocalı şəhər 2 nömrəli tam orta məktəbin direktor əvəzi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı xanım Fiqurə Rüstəmova, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, “Xankəndi” Məcburi Köçkünlərə Dəstək ictimai birliyinin sədri xanım Xatirə Vəliyeva, “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin Nəzarət-Təftiş Komissiyasının sədri, Vətən müharibəsi veteranı Zahid Qarayev, tədbirin baş tutması üçün əllərindən gələni əsirgəməmiş şəhid Vasif Məmmədovun ömür-gün yoldaşı, xanım Ceyran Əzizova, şəhid Səlim Həşimovun ömür-gün yoldaşı xanım Fitat Məmmədova və başqaları Xocalı soyqırımı zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsini hörmətlə andılar.
Çıxışlarda xüsusi olaraq vurğulandı ki, “Soyqırıma məruz qalan şəhər!”adlı kompozisiya Azərbaycanın digər bölgələrindəki təhsil ocaqlarında da nümayiş olunsun.
Fotolar: Samirə Hüseynova və Təranə Qədirovaya məxsusdur.


Şamilə Şamilqızı,
Nübar İslamqızı.
“Ana harayı”qəzetinin xüsusi müxbirləri.

Oxunub: 618
Oxşar xəbərlər
SON XƏBƏRLƏR