17 mart 2019- cu il yaddaşımızda əbədi qalacağına əminəm. Şəhid anaları ilə birgə Vətənpərvər insanlar və djb.az saytı "N"saylı hərbi hissənin əsgərlərinə bayram sovqatı apardı. Yol boyu aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan övladların son nəfəsini verdikləri ərazidə olacağımız anlarını düşündükcə həm həyəcanlanırdıq, həm də kövrəkirdik. O, torpaqlarda olmaq nə qədər şərəfli və qürur verici olsa da bir o qədər də çətin olacağını bilirdik. Yol boyu şəhid valideyinlərinin əhval ruhiyyəsinin yüksək olması üçün şəhid analarının oğlu adını qazanmış Elman Əsədullayev əlindən gələni əsirgəmirdi. Valideyinlər isə göy üzündəki bulud kimi gah dolub, gah da boşalırdılar. Hər kəs bir- birindən göz yaşını gizlətməyə çalışırdı. Ehtiyatda olan polkovnik Xətai Baxışov XTQ-lərin ilk şəhidlərindən söz açaraq, şanlı Azərbaycan ordusunun əsgərlərinin şücaətlərindən danışdı. Onların əzmindən, Vətənə olan sevgilərindən söz açdı.
Polkovnik Hikmət Ağayev isə Azərbaycan igidlərinin qəhrəmanlıqlarından danışarkən çox maraqlı bir mövzuya toxundu. İgidlərimizə ana laylasında vətən sevgisi aşılandığını bildirən polkovnikin dediklərində bir həqiqət vardı. Anaların laylasıyla canımızda, qanımızda, ruhumuzda yer alan namus, qeyrət, mərdlik öz əksini tapmaqdadır.
Beləcə maraqlı söhbətlərlə yolu fət edib məkana yetişdik.
Bizlərin Novruz bayramı ərəfəsində əsgərlərin yanında olmağımız onlarda ruh yüksəkliyi, düşmənə qarşı amansız olmağı, vətənin keşiyində daha da ayıq-sayıq olmağı, şəhidlərin qisasının alınmasında və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə güclü olmağa ruhlandıracağına əmin idik.
Görüşümüz zamanı çox duyqusal anlar yaşadıq. Şəhid anaları əsgərləri öz əlləri ilə yedirtdilər.
Nahardan sonra Şəhid Əbdülməcid Axundovun anası Ceyran xanım və şəhid Əlizaman İslamovin anası Hürnisə xanım Şəhid valideyinləri adından əsgərləri təbrik etdilər. Sonra üz tutduq aprel döyüşləri gedən ərazilərə. Anaların gözlərindən sellər axırdı. Övladlarının ləpirləri dəydiyi torpaqları əzizləyərək evlərinə gətirmək üçün götürdülər. Erməni vandallarından təmizlənən torpaqlarımıza həm sevinc və kədərlə baxdıq.
Bu torpaqların düşməndən geri alınması üçün nə qədər igidimiz canından keçdi, nə qədər arzu yarı yolda qaldı. Nə qədər qız gəlinim vaxtsız qara örpəy bağladı. Erməni işgalçılarının tək Azərbaycana deyil Türk düntasına vurduğu yara nə illərlə nə də əsirlərlə sağalmayacağını hər kəs bilməlidir. Və bu mənfurlar heç zaman bağışlanılmamalıdır.
P.S. Təbirimiz yüksək şəkildə keçirildi və başa çatdı.
Tədbirin yaddaşlarda əbədiləşdirilməsində zəhməti olan kinomatoqraf Hacı Kamalova və hər zaman anaların xidmətində təmənnasız duran sürücü qardaşımız Yalçın Rüstəmova öz dərin təşəkkürümüzü bildiririk.
Almaz İlahə Əhmədov
Təsisçi