Bu gün Avropa Parlamenti (AP) tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin həmmüəlliflərindən biri Rebekka Harms (Almaniya, Yaşıllar qrupu) Sorosun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Təsadüfi deyil ki, onun Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri var.
Sözügedən qətnamə Mehman Hüseynov amilindən istifadə edərək və qəsdən məsələni şişirdərək Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir.
Yanvarın 17-də Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin müzakirələrində ilk çıxış edən AP üzvü, eyni zamanda, Avronest Parlament Assambleyasının həmsədri R.Harms məsələ ilə bağlı azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, Avropa Parlamentində keçirilən təcili dinləmələrlə bağlı AP tərəfindən nə Milli Məclisə, nə Azərbaycan XİN-ə, nə də Azərbaycanın Brüsseldəki səfirliyinə hər hansı müraciət daxil olub.
Müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri nitqində fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü heç yadına belə salmayıb. Bu AP üzvlərinin ikiüzlülüyünü göstərir.
Müzakirələrdə çıxış edən (müzakirələrdə iştirak edən Aİ-nin ən yüksək səviyyəli rəsmisi) Avropa İttifaqının ticarət komissarı Sesilia Malstrom öz nitqində Aİ-nin məsələni yaxından izlədiyini və Azərbaycan hökumətinin bu məsələdə əməkdaşlıq etdiyini vurğulayıb və qeyd edib ki, Aİ diplomatik nümayəndələri M.Hüseynova baş çəkiblər, o, aclıq aksiyasını dayandırıb və səhhətinə ciddi təhlükə yaradan vəziyyət yoxdur.
Qətnamədə xüsusi ağırlıq verilən məqamlardan biri Azərbaycanda gey, lesbian və digər seksual azlıqların və ya LGBT icması adlanan şəxslərin hüquqlarının müdafiəsidir.
Önəmli bir məqam isə M.Hüseynovun qardaşı Emin Hüseynovun qətnamə üzrə səsvermədən az öncə AP üzvlərinə təlaş içində elektron məktub ünvanlamasıdır. Məktubunda komissar S.Malstromun çıxışında M.Hüseynovun aclıq aksiyası keçirmədiyi sözlərindən böyük peşmanlıq keçirdiyi hiss edilən qardaş E.Hüseynov özü bunu “şok oldum” kimi yazır. Maraqlıdır ki, o, yüksək səviyyəli Aİ rəsmisinin həqiqəti dilə gətirəcəyini gözləmədiyi üçün şok keçirdib, yoxsa M.Hüseynovun əldə olunmuş razılığa əməl etmədiyindən dərin məyusluq keçirib?!
Strasburqa AP üzvləri ilə görüşlər keçirərək hər kəsi sifariş əsasında qurduqları şouya inandırmağa çalışan E.Hüseynovun səsvermə öncəsi deputatlara isterik şəkildə yazdığı müraciəti bir daha onu göstərir ki, bu insanı qardaşı M.Hüseynovun taleyi maraqlandırmır, o, bu oyundan əldə edəcəyi şəxsi maraqlarını güdür və onun havadarlarının sifariş etdiyi musiqini ifa edir.
Diqqətimizdən yayınmayan bir məqam da AP-nin qəbul etdiyi qətnamə barədə ilk məlumatın erməni mətbuatında işıqlandırılmasıdır. Görünür, onlar qətnamənin qəbulunu gözləyirdilər. Şübhəsiz ki, bu məsələdə Avropa Parlamentinin dəyirmanına su tökənlərin kim olduğu heç kəsə sirr deyil. AP qətnaməsinin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə etdiklərinin şahidi olmuşuq. Lakin bu da bir həqiqətdir ki, belə alətlərdən istifadə edən şəxslər elə M.Hüseynov kimilərinin taleyi üzərində öz məkrli planlarını reallaşdırmağa çalışırlar.