Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Təbrikdə deyilir:
“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!
Sizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, Azərbaycanımızın dövlət müstəqilliyinin qorunması və ərazi bütövlüyünün təmin edilməsi naminə çətin və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.
Ümummilli lider Heydər Əliyevin qətiyyətli addımları və uzaqgörənliyi sayəsində müasir, müstəqil Azərbaycan dövlətinin qurulması ilə xalqımızın milli özünüdərkinin daha da güclənməsinə möhkəm zəmin yarandı, dünyada yaşayan soydaşlarımızın həmrəyliyi təmin edildi.
Ulu Öndərin daxili və xarici siyasətini müvəffəqiyyətlə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində də, dövlətçiliyimizin iqtisadi və siyasi dayaqları daha da möhkəmlənib, demokratik dövlət quruculuğu prosesində böyük nailiyyətlər əldə edilib. Ölkəmizin müdafiə qüdrəti də gündən-günə artmaqdadır. Müasir ordu quruculuğu prosesi uğurla davam etdirilir. Ordumuzun maddi-texniki təminatı və döyüş qabiliyyəti ən yüksək səviyyədədir.
Bu inamlı fəaliyyətlərin məntiqi nəticəsi olaraq iki il öncə Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və cari ilin may ayında Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları sayəsində torpaqlarımızın bir hissəsi və strateji əhəmiyyətli yüksəkliklər işğaldan azad olundu. Həmin yüksəkliklərdə Azərbaycan bayrağı dalğalanır. İrimiqyaslı təlimlərdə peşəkarlığı, döyüş bacarığı artan şəxsi heyət Vətən qarşısında vəzifə borcunu şərəflə və vicdanla yerinə yetirir.
2018-ci il xalqımızın və ordumuzun şəxsi heyətinin yaddaşında əlamətdar tarixi hadisələrlə qaldı. Azərbaycan Ordusunun yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilən möhtəşəm paradlar ölkəmizin müdafiə qabiliyyətinin gücü kimi izlənildi.
Bu gün dünya azərbaycanlılarının da Ordumuza sevgisi və inamı yüksəkdir, ordu-cəmiyyət əlaqələri daha da möhkəmlənib. Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də, hər bir hərbi qulluqçu Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunub.
Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq, döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, yeni qələbələr əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.
Əlamətdar bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsini hörmətlə yad edir, müqəddəs amal naminə sağlamlığını itirmiş hərbçilərimizə, onların ailə üzvlərinə, hörmətli veteranlarımıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.
Bir daha 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xidmətinizdə uğurlar arzulayıram”.
Oxunub: 614