dini radikalizm və ekstremizmlə mübarizə

"Vətən" deyəndə "ana" yada düşür, "ana" deyəndə "Vətən"

"Vətən" deyəndə "ana" yada düşür, "ana" deyəndə "Vətən"
Hər ikisi müqəddəs olduğundan "Ana-Vətən" bir yerdə, eşq ilə deyilir. Tarix boyu şairlər, yazıçılar, rəssamlar, bəstəkarlar ana müqəddəsliyini öz əsərlərində, yaradıcılıqlarında gözəl şəkildə tərənnüm etmişlər.

İslam Peyğəmbəri Hz. Məhəmməd (s.ə.s.) ananın insan üçün nə qədər yaxın olmasını, gözəl bir ifadə ilə tərənnüm edib "Cənnət anaların ayaqları altındadır". Bəşər övladını, bundan gözəl, bundan yüksək ad ilə vəsf eləmək ağlagəlmir. Bu zirvə də anaya məxsusdur. İnsanın da həyatda ən çox sevdiyi bəşər övladlarında birincisi ana deyilmi? Körpəykən bizi qucağında bəsləyən, bizi qoruyan, gözəgörünən mələk də, ana deyilmi? O üzdəndir ki, bu sevgidə səmimiyyət, müqəddəslik tam şəkildə, ruhaniyyətlə özünü göstərir.

Ana, Allahın bəndəyə göndərdiyi cismani bir mələkdir. Bu fani dünyada körpəykən bizi yedizdirən, bələyən, lay-lay deyib yatızdıran, gecələri bizimçün yarıyuxulu qalan, bizə ilk addımları, sözləri öyrədən bir mələkdir - ana. Etiraf etmək lazımdır ki, ananın duası Tanrı dərgahına tez çatır. Rəbbimiz "Ana duası"nın cavabını gecikdirmir. Ananın övladı üçün elədiklərini heç bir bəndə bir-birinə eləmir. Təbii ki, "ana" adı, sonda hər bir xanıma şamil olunur. Ona görə də qadınlar kişilərə əmanətdir. Müşfiq Malikin misralarında deyildiyi kimi:
"Xəbərin varmı ki, müqəddəs qadın?
Cənnət ayaqların altındadırsa,
Ən böyük zirvədə qorunur adın"

Təkcə 8 Mart günü anaları, bacıları, bütün xanımları təbrik eləmək lazım deyil. Hər bir gün onlarçün bayram olmalıdır və biz kişilər də bütün xanımları gözəl sözlərlə, gül dəstəsi ilə, hədiyyələrlə könüllərin xoş etməliyik.
Var olsun, yaşasın Azərbaycan xanımları!

P.S. Əlamətdar gün münasibətilə Biləsuvarda rayon rəhbərliyinin təşkilatçılığı ilə “Xan” sarayında təntənəli tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mahir Quliyev bayram münasibətilə qadınları təbrik edərək onlara xoş arzularını bildirib:
-Artıq Azərbaycan xanımları dərin zəkaları və tükənməz potensialları ilə bu gün dövlət idarəçiliyinin ən yüksək pillələrində belə xalqa və cəmiyyətimizə layiqincə xidmət edirlər. Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan ümummilli lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi.
Mahir müəllim bildirdi ki, rayonumuzda da qadınlarımız bir çox dövlət vəzifələrində çalışmaqla onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəlirlər. M.Quliyev bir daha qadınları təbrik etdi və bundan sonra da fəaliyyət göstərdikləri peşələrində uğurlar arzuladı.
Sonra rayonun ictimai-siyasi və mədəni həyatında fəal rol oynayan bir qrup qadınlar qazandıqları uğurlara görə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələrlə təltif olundular.
Tədbirdə 6 mart 2018-ci il tarixdə “Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamla təltif olunmuş Ağayeva Xalidə Böyükxan qızının medalı təqdim olundu.
Çıxış edən digər qonaqlar bayram münasibətilə qadınlarımızı təbrik edib, onlara şəxsi və dövləti işlərində müvəfəqiyyətlər arzuladılar.
Sonra rayon Mədəniyyət işçiləri hazırladıqları konsert proqramı ilə çıxış etdilər.

AQMM

Oxunub: 909
Oxşar xəbərlər
SON XƏBƏRLƏR