Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə Teleqraf.com-a İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bildirib.
O qeyd edib ki, BŞİH rəhbəri Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının başçısı Milix Yevdayevin müraciətini nəzərə alaraq Nərimanov rayonu ərazisində yerləşən adsız küçələrdən birinə A.Aqarunovun adının verilməsi və küçənin "Albert Aqarunov küçəsi" adlandırılmasına dair sərəncam verib.
A.Qut bu münasibətlə ilk növbədə A.Aqarunovun qardaşı, hazırda İsraildə yaşayan Rantik Aqarunovu, daha sonra isə Azərbaycan və İsrail, Azərbaycan və yəhudi xalqları arasında münasibətlərin inkişafı və möhkəmlənməsinə töhfə verən hər kəsi təbrik edib:
"Allah Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin!"