Nazirlər Kabineti “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsil alanların sosial müdafiəsi Qaydası”nı təsdiq edib.
APA-nın məlumatına görə, bu qayda məktəbəqədər yaşlı uşaqların təhsili ilə məşğul olan dövlət müəssisələrinə qəbul edilmiş uşaqların müəssisələrdə sosial müdafiəsi məsələlərini tənzimləyir.
Müəssisələrdə uşaqların irqinə, etnik mənsubiyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə görə ayrıseçkiliyə yol verilmir. Müəssisələrdə uşaqların sosial müdafiəsinin təmin edilməsi, onların intellektual, fiziki və psixi inkişafının, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması, tərbiyəsi istiqamətlərində aşağıdakı tədbirlər həyata keçirilir:
- yaş kateqoriyası nəzərə alınmaqla uşaqlar münasib şəraitlə təmin edilirlər;
- uşaqların yaşı və səhhəti nəzərə alınmaqla, qida qəbul etmək tələbatları müəssisənin tibb işçisi tərəfindən qiymətləndirildikdən sonra onlar müəyyən edilmiş qida normalarına əsasən yeməklə təmin edilirlər;
- Normalara uyğun olaraq uşaqlar yumşaq inventarlarla, geyim və ayaqqabı ilə təmin edilirlər;
- uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının inkişafını stimullaşdıran mühit yaradılır. Uşaqlar onlar üçün təhlükə yaratmayan və yaşlarına uyğun oyuncaqlarla təmin edilirlər;
- dövlət təhsil standartlarına uyğun olaraq hazırlanmış proqramlar əsasında beş yaşına çatmış uşaqların məktəbə hazırlığı təşkil edilir;
- öz bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq yaradıcılıq evlərinə göndərilməsi, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakına köməklik göstərilir;
- uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə əyləncəli oyunlar, müsabiqələr, yaradıcı insanlarla görüşlər keçirilir, bayram və istirahət günlərinin, tətillərin səmərəli təşkili, onların ekskursiyalara, konsert və teatr tamaşalarına, muzeylərə aparılması, ölkənin tarixinin və mədəniyyət abidələrinin öyrədilməsi təmin edilir;
- inkişafında qüsurlar olan və təhsildə çətinlik çəkən uşaqlara onların yaradıcılıq, intellektual və fiziki imkanlarına, yaş xüsusiyyətlərinə uyğun olaraq sosial-psixoloji və pedaqoji yardım göstərilir;
- uşaqlara tibbi xidmət göstərilir;
- yoluxucu xəstəliklərin qarşısının alınması məqsədi ilə uşaqlara profilaktik peyvəndlər aparılır;
- xüsusi kateqoriyadan olan uşaqların sosial problemlərinin aradan qaldırılması məqsədi ilə onların müəyyən edilərək aidiyyəti üzrə yönləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Uşaqların sosial müdafiəsinin təmin edilməsi istiqamətində bu tədbirlərlə yanaşı, ixtisaslaşdırılmış müəssisələr tərəfindən müəyyən xidmətlər də göstərilir. Məsələn, sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələrində psixoloji-tibbi-pedaqoji komissiyaların rəylərinə əsasən uşaqlara qabaqlayıcı-inkişafedici yardım edilir, onların valideynlərinə (digər qanuni nümayəndələrinə) psixoloji-pedaqoji dəstək göstərilir və müvafiq məsləhətlər verilir, uşaqların funksional bacarıqlarının bərpa edilməsi, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi üçün aktiv terapiya, fizioterapiya, nitq və ünsiyyət terapiyası, idman terapiyası və digər tədbirlər həyata keçirilir, uşaqların valideynlərinə və ya digər qanuni nümayəndələrinə “Xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə və tibb müəssisələrinə aparıb-gətirmək üçün müavinətin həcminin müəyyən edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli qərarı ilə müəyyən edilmiş həcmdə müavinət ödənilir. Uşaq evləri və ailə tipli kiçik qrup evlərində uşaqlara mütəmadi tibbi xidmət göstərilməsinin təmin edilməsi məqsədi ilə onlar müəssisənin yerləşdiyi ərazi üzrə tibb müəssisəsində qeydiyyata götürülürlər, uşaqların çətin həyat şəraitində olması, valideynlərini itirməsi, valideyn himayəsindən məhrum olması səbəbindən yaranmış psixoloji sarsıntının aradan qaldırılması üçün aktiv həyata motivasiyanın yaradılması, psixoloji inkişafın yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində tədbirlər həyata keçirilir, uşaqların himayəyə və qəyyumluğa verilməsi üçün qəyyumluq və himayə orqanları ilə əməkdaşlıq edilir.
Müəssisələrdə uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlər dövlət büdcəsi, ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər, kredit və qrantlar, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçirilir.