Qarabağ savaşı tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunmuş bir ad var – Şirin Mirzəyev! Qeyrət təcəssümü olan bu qəhrəman tək Xankəndi şəhərinin, Qarabağın deyil, o taylı-bu taylı Azərbaycanın, dünya azərbaycanlılarının qürur mənbəyidir. O, öz həyat və döyüş yolları, vətən qarşısındakı xidmətləri ilə özündən sonra bir abidə qoyub getdi – Qəhrəmanlıq abidəsi...
5 Yanvar əfsanəvi sərkərdə Şirin Mirzəyevin doğum günüdür.
Modern.az saytı qəhrəmanın həyat yollarından bəhs edən yazını təqdim edir.
Şirin Mirzəyev əsl peşəkar hərbçi idi. Mükəmməl nəzəri biliklərə, zəngin təcrübəyə malik hərbçi. Və onun peşəkarlığını qorxmazlığı, igidliyi, mərdliyi, ən başlıcası isə vətənə bağlılığı tamamlayırdı. Təbii ki, heç kəs anadan qəhrəman doğulmur, qəhrəmanları döyüşlər, düşmənlə mübarizə, yalnız öz sərt qanunlarına tabe olan müharibə yetişdirir. Torpaq, üstünə qan töküldükcə öz igidlərini kəşf edir. Qarabağ savaşında Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev də bax beləcə kəşf olundu.
Belə bir deyim də var: İgid insan təhlükədən qorxmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır. Məhz Şirin Mirzəyev də müharibənin xalqımız üçün yaratdığı təhlükəyə qalib gəlmək istəyən və buna görə canından belə keçməyə hazır olan igidlərdən idi.
Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndi şəhərində anadan olub. Orta təhsilini Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1966-cı ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Xidmət Qoşunlarının 5456 saylı hərbi hissəsində xidmətə başlayıb, 1967-ci ildə oradan SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbinə göndərilib. 1971-ci ildə həmin ali məktəbi bitirərək SSRİ Daxili İşlər Nazirliyi Daxili Xidmət Qoşunlarının müxtəlif hissələrində xidmət edib. Təhsilini davam etdirərək 1988-ci ildə Moskva Hərbi Siyasi Akademiyasını bitirib. 1990-cı ilin oktyabr ayında polkovnik-leytenant rütbəsi alıb. 20 illik xidmətdən sonra 1991-ci ilin əvvələrində sovet ordusunda qulluq etməkdən imtina edib...
Qarşıda isə onu yeni, müstəqil Azərbaycanın nizami ordusunun yaradılmasında göstərəcəyi xidmət gözləyirdi. Özü də müharibə şəraitində, ölkədə siyasi durumun heç də arzulanan olmadığı bir ərəfədə...
1991-ci il sentyabr ayının əvvəllərində artıq Ağdamın 20-yə yaxın kəndində yerli ərazi özünümüdafiə dəstələri yaradılmışdı. Ancaq bu dəstələrin hər bir üzvünün hədsiz vətənpərvərlik hissi, qəhrəmanlıq və cəsurluq duyğusu olsa da, onların heç birinin hərbi peşəkarlığı yox idi. Bu isə düşmənin qarşısına çıxarılacaq döyüşkən bir ordunun təlim və bacarıq səviyyəsinin yüksək olmasına, yaranacaq ordunun formalaşması işinə əngəl törədirdi.
Ayrı-ayrılıqda fəaliyyət göstərən bu yerli ərazi ozünümüdafiə dəstələrini vahid komandanlıq altında birləşdirmək, planlı şəkildə döyüş əməliyyatları hazırlamaq və həyata keçirmək üçün Ağdamda səriştəli zabitə böyük ehtiyac duyulurdu. Belə bir taleyüklü vaxtda SSRİ Daxili İşlər Nazirliyi Daxili Xidmət Qoşunlarının alayında xidmət etmiş peşəkar hərbçi - polkovnik- leytenant Şirin Mirzəyev Ağdama gələrək Azərbaycanın qədim torpaqlarını ələ keçirmək istəyən düşmənə qarşı ölüm-dirim savaşına atıldı. Azərbaycan Respublikasının müdafiə naziri, general-leytenant Valeh Bərşadlının 12 noyabr 1991-ci il tarixli əmri ilə polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev Ağdam ərazi özünümüdafiə taborunun komandiri təyin olundu.
Az vaxt keçmədi ki, rayonun kəndlərindəki yerli ərazi özünümüdafiə dəstələri əmrlə polkovnik – leytenant Şirin Mirzəyevin komandanlığına tabe etdirildi. 1991-ci il noyabr ayının ilk günlərində Ağdamda ərazi özünümüdafiə taborunun yaradılması demək olar ki, başa çatdırıldı.
Ağdama gəlişinin elə ilk həftələrindən Şirin Mirzəyevin peşəkar hərbçi, bütün varlığı, məsləki ilə Qarabağa bağlı olmağı özünü göstərdi. Vətənin qeyrətli övladları ona inanır, ölümün üzünə dik baxaraq onun arxasınca gedirdilər. Şirin Mirzəyev qəhrəman sərkərdə, ədaləti hər şeydən uca tutan insan, nəfsini özünə tabe etdirən bir şəxsiyyət kimi sevilir, ona bəslənən sevgi gündən-günə artırdı.
Qısa müddət keçdikdən sonra ağır bir şəraitdə ordu hissəsi yaratmaqla düşmənə sarsıdıcı zərbə vura bilən tabor komandirinə daha böyük etimad göstərilərək o, madafiə nazirinin əmri ilə Ağdam rayonunun hərbi komissarı və alay komandiri vəzifələrinə təyin edildi. Şirin Mirzəyev məsul vəzifələr daşısa da, onun «kabineti» cəbhənin ön xətti idi.
Şirin Mirzəyevin Ağdamdakı xidməti fəaliyyəti dövründə Fərrux, Qazançı, Ağbulaq, Abdal Gülablı və s. əməliyyatlarda yüzlərlə soydaşımız erməni silahlı birləşmələrinin vəhşi caynağından xilas edilmiş, onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad olunmuş, Ağdam rayonunun böyük bir hissəsi müdafiə edilmişdi.
Şirin Mirzəyev ermənilər üçün böyük təhlükə sayılırdı. Onun keçirdiyi hər bir uğurlu əməliyyat düşməni vahiməyə, qorxuya salırdı. Ancaq təəssüf ki, onun bu uğurlu əməliyyatları, düşmənin son nəfərinə kimi Qarabağdan çıxarmaq, torpaqlarımızı azad etmək arzuları yarımçıq qaldı. 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək Şirin Mirzəyev ömrünü Azərbaycana qurban edərək şəhidlik zirvəsinə ucaldı.
Ölümündən sonra polkovnik-leytenant Şirin Mirzəyev “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.
Bu Şirin Mirzəyevin seçdiyi yol idi. Baxmayaraq ki, hələ orta məktəbdə oxuyanda ədəbiyyata, incəsənətə daha çox meyl göstərirdi, aktyor olmaq arzusu ilə yaşayırdı. O, öz arzularının arxasınca getmədi, xəyallarında qurduğu obrazları yarada bilmədi, teatr zalındakı tamaşaçıların alqışlarını eşitmək istəyinə çatmadı, amma həyatda ən böyük obrazını yaratdı, qəhrəmanlıq obrazını. Və sayca teatr tamaşaçılarından yüz dəfə, min dəfə artıq, bütün azərbaycanlıların alqışını qazandı...
/Modern.az/
Oxunub: 1 243