İran İslam İnqilabı Keşikçiləri Korpusunun qüvvələri tərəfindən Hörmüz boğazında saxlanılmış Britaniya tankeri “Stena Impero” sərbəst buraxılıb və İranı tərk edə bilər.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlamanı İranın Londondakı səfiri Həmid Bayedinejad öz “Twitter” səhifəsində yayıb.
“Məhkəmə və hüquqi prosedurlar bitdikdən sonra Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri İranı tərk edə bilər”, - deyə səfir yazıb.
Bundan əvvəl İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabiyə tankerin sərbəst buraxılması üçün lazım olan bütün qanuni rəsmiləşdirilmənin icra olunduğunu bildirib. Ancaq eyni zamanda, nə o, nə də Bayedinejad gəminin İran limanından ayrılacağı vaxtı deyib.
Bununla yanaşı, Britaniya XİN “Al Arabiya” telekanalının sorğusuna cavab olaraq bildirib ki, İran “Stena Impero” tankerini saxlamaqda hələ də davam edir.
“Biz İranı qanunsuz saxlanılmış Britaniya tankerini və onun heyətini dərhal azad etməyə çağırırıq”, - deyə Britaniya XİN-in məlumatında qeyd olunur.
Oxunub: 515