Venesuelanın müxalifət lideri Xuan Quaydo ilə birgə fotoşəkil çəkdirən və fevral ayında onun sərhədi keçməsinə köməklik göstərən Kolumbiyanın “Rastroxos” dəstəsinin iki üzvü tutulub və məhkəmə qarşısına çıxarılacaq.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, belə bir açıqlamanı Kolumbiya Xarici İşlər Nazirliyi yayıb.
“Cümə günü kütləvi informasiya vasitələrində yayılmış şəkillərdə Quaydonun yanında görüntülənən iki kişi saxlanılıb və onlara qarşı məhkəmədə iddia qaldırılacaq”, - deyə sənəddə qeyd olunur.
Nazirlikdən verilən məlumata görə, dəstə üzvlərindən biri iyunun 18-də “qanunsuz silah saxlamaqda” və digər cinayətlərdə iştirakına görə tutulub. Digəri Kolumbiya rəsmilərinə özü təslim olub, ona qarşı “cinayət əməlinin təşkilində iştirak etmə” ittihamı irəli sürülüb. Onun saxlanılmasının vaxtı barədə məlumat verilmir.
Kolumbiya XİN, həmçinin vurğulayıb ki, “ölkə rəsmiləri Quaydonun Karakasdan Kolumbiya ilə sərhədə aparılmasında və onun sərhədi keçməsində iştirak etməyib”.
Oxunub: 478