Kuba Milli Assambleyası ölkənin seçki qanunvericiliyinə dəyişikliyi dəstəkləyib.
APA-nın "Alman dalğası"na istinadən verdiyi məlumata görə, Kubada 1976-cı ildən sonra ilk dəfə baş nazir postu təsis edilib.
Eyni zamanda növbəti seçkilərdən sonra Milli Assambleya deputatlarının sayı 605 nəfərdən 474 nəfərə qədər azalacaq. Bir şəxs 5 il müddətinə olmaqla, iki dəfədən çox deputat seçilə bilməyəcək.
Qeyd edək ki, bu ilin fevralında keçirilən referendumda kubalıların 86 faizi ölkə Konstitusiyasının yenilənməsini dəstəkləyib. Bundan əvvəl 3 ay ərzində Kubanın regionlarında və müəssisələrdə Konstitusiyaya dəyişiklik layihəsi müzakirə olunub. Müxalifət Konstitusiyanın müzakirəsinə buraxılmayıb.
Kubanın yeni Konstitusiyası aprel ayından qüvvəyə minib. Yeni Konstitusiyada qismən şəxsi mülkiyyət hüququnun tanınması və baş nazir postunun təsis edilməsi əksini tapıb. Ancaq Kommunist Partiyasının ölkənin həyatında rolu dəyişməyib. Yeni Konstitusiyada da Kommunist Partiyası ölkənin yeganə qanuni siyasi qüvvəsi sayılır. Bununla bərabər, Konstitusiyada iqtisadiyyatda rəqabət və xarici investisiyaların qoyuluşu üçün kiçik və orta biznesin əhəmiyyəti qeyd edilir.
Oxunub: 514