İran İslam Respublikası xarici işlər nazirinin müavini Abbas Əraqçi jurnalistlərə açıqlamasında nüvə razılaşmasının İranın mənafeyini təmin etməməsindən və rəsmi Tehranın həmin sazişdən çıxmaq niyyətində olmasından danışıb.
Djb.az xarici mediaya istinadən xəbər verir ki, o, Avropa ölkələrini İranın bu sazişdə nəzərdə tutulan mənafeyini təmin etməməkdə günahlandırıb.
İranın nüvə razılaşmasından çıxmaq üzərində işlədiyini deyən nazir müavini bildirib ki, bu, mərhələli şəkildə həyata keçiriləcək.
Qarşı tərəf qarşısında şərtlərini açıqlayan Abbas Əraqçi sərt şəkildə bəyan edib ki, əgər iki aya qədər İranın tələbləri yerinə yetirilməsə, bu razılaşmadan çıxmaq üçün ikinci addımı atılacaq, növbəti addımda isə uranın zənginləşdirilməsinin faiz dərəcəsi artırılacaq: “Əgər 60 günə qədər bizim istəklərimiz təmin edilməsə, biz Ərak nüvə stansiyasının modernləşdirilməsi ilə əlaqədar digər tərəflərlə əməkdaşlığımıza son qoyacaq, öz daxili imkanlarımıza söykənərək, onu modernləşdirəcəyik”.
ABŞ-ın dövlət katibi Mayk Pompeo isə İran rəsmisinin bu açıqlamasına cavabı daha kəskin olub. İranla yeni və gerçək bir nüvə sazişinə nail olmaq üçün Amerikanın irəli sürdüyü 12 şərti xatırladan Pompeo deyib ki, islam respublikası öz rəftar və davranışını dəyişməsə, Amerikanın bu ölkəyə təzyiqi davam etdiriləcək: “Nə qədər ki, İran rəhbərləri öz dağıdıcı rəftarlarından əl çəkməyiblər və nə qədər ki, onlar İran xalqının hüququna riayət etməyiblər və danışıqlar masası arxasına qayıtmayıblar, bizim maksimum təzyiqimiz davam etdəcək”.
Pompeo əlavə edib ki, İranın nüvə proqramını genişləndirmək istəyi beynəlxalq qanunlara ziddir: “Bu, həm də dünyanı nüvə təhdidlərinin girovuna çevirmək üçün göstərilən bir cəhddir”.