ABŞ İŞİD təhdidi bəhanəsiylə yerləşdiyi Suriyada “çəkilmə səhnəsi” təşkil edərək PKK/PYD-YPG terror təşkilatına yüz milyonlarla dollar yardım etməkdə davam edir.
Djb.az Türkiyənin “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) 2020-ci il büdcəsində əsas hissəsi PKK/PYD-YPG-dən ibarət olan “Suriya Demokratik Gücləri”nə (SDG) 300 milyon dollarlıq büdcə ayırıb.
Bundan başqa, “Anti-İŞİD missiyasına bağlı sərhəd təhlükəsizlik ehtiyacları” üçün 250 milyon dollar xərclənəcək. 2018-2020-ci illərdə terror təşkilatı üçün 1 milyard 600 milyon dollar ayrılıb, 23 min TIR silah və hərbi avadanlıq verilib. 2023-ci ildə bu rəqəmin 2 milyard 200 milyon dollara çatacağı bildirilir.
Sözügedən yardımlarla güclənən PKK/PYD ABŞ-ın müttəfiqi Türkiyəyə qarşı hücumlar edir. Təşkilatın Türkiyəyə hücumları nəticəsində çoxlu sayda hərbi qulluqçu və mülki vətəndaş həyatını itirib. Bu hücumların böyük hissəsi Suriyadan Türkiyəyə girən terrorçular tərəfindən həyata keçirilib.
Nəşrin yazdığına görə, ABŞ-a aid olduğu bildirilən və üzəri örtülən 200 avtomobildən ibarət hərbi kolon ötən gecə Türkiyənin Nusaybin mahalı ilə həmsərhəd olan Haseke əyalətinin Qamışlı mahalından keçərkən görüntülənib. Kolon Suriyanın daxili bölgələrinə irəliləyərək gözdən itib.
“Terror təşkilatını dəstəkləyən ABŞ beynəlxalq hüquqa zidd siyasət yürüdür. Türkiyə müttəfiqi olan ABŞ-ı illərdir ki, RYD/YPG mövzusunda xəbərdar edir. ABŞ 2015-ci ildən Suriyada terror təşkilatını silahlandırır, ona təlim keçir. ABŞ Suriyada İŞİD yalanı ilə terrorçulardan ordu qurub”, - nəşr qeyd edib.