dini radikalizm və ekstremizmlə mübarizə

“Azərbaycanlılar Gürcüstanda önəmli postlara təyin olunacaq” - Gürcüstan parlamentinin deputatı - MÜSAHİBƏ

“Gürcü arzusu” Partiyasının üzvü, deputat Mahir Dərziyev Marneuli şəhərində Modern.az saytının əməkdaşına Gürcüstandakı siyasi proseslər və Azərbaycan icmasının vəziyyəti ilə bağlı geniş müsahibə verib.



- Azərbaycanlıların “Gürcü arzusu”nu ilə münasibətləri necə qurulub? Son seçkilərdə azərbaycanlı seçicilər əsaən kimə səs verdilər?


- Mən də olan məlumatlara görə “Vahid Milli Hərəkat” Partiyası Kvemo-Kartlidə “Gürcü arzusu”ndan çox səs toplamayıb. Konkret olaraq, mənim yaşadığım Marneuli rayonunda. Sözün düzü, seçkilərin 1-ci turunun nəticələri bizim üçün bir qədər gözlənilməz oldu. Həmçinin, həmişə hakimiyyətə dəstək verən Marneuli rayonunda səslərin 50%-dən çoxunu toplamamağımız da ayrı bir analizin mövzusudur. Baş verənlər bizim komandanın prezident seçkilərinə ciddi önəm verməməsi ilə bağlıdır. Hələ prezidentliyə namizəd olacaq şəxs müəyyən olunanda komanda daxilində fikir ayrılıqları oldu. Çoxları sual verirdi ki, “Gürzü arzusu” kimi gülçü partiyanın niyə öz namizədi olmalı deyil? Amma partiyamızın parlamentdə konstitusion çoxluğa malik olmasını, yerli idarəetmə orqanlarında, 1 bələdiyyə istisna olmaqla digərlərində nəzarəti əlində saxlamasını, demokratik dəyərlərə hörmək əlaməti olaraq müstəqil namizədə dəstək verilməsi qərara alındı. Amma özünə arxayınçılıq, prezident seçkilərinə ciddi önəm verməməsi seçkilərdə istədiyimiz nəticələri əldə etməyə mane oldu. Səhvlərimizi analiz etdik. Partiyamızın sədri Bidzina İvanişvili də xalqa müraciəti zamanı 1 il ərzində bütün problemləri həll edəcəyini bildirib. Azərbaycan icmasının siyasi fəallığının artması Gürcüstanın böyük nailiyyətidir və biz bununla fəxr edirik.



- Azərbaycanlıların Kvemo-Kartli regionundakı meriya və bələdiyyələrdə təmsilçiliyini Cavaxetiyanın Axalkalaki və Ninotsminda rayonlarında ermənilərin meriya və bələdiyyədəki təmsilçiliyi ilə müqayisə etdək, mənzərə necədir?

- Bəziləri irad tutur ki, niyə azərbaycanlıların çoxluq təşkil etdiyi Marneuli rayonunda yerli idarəetmə orqanında üzvlərin yarısından çoxu azərbaycanlı deyil. Təbii mən də istəyirəm ki, vəzifədə azərbaycanlılar çox olsun. Amma burada bir sıra amillər var. Birincisi, bizim iqtidar zamanı azərbaycanlıların çoxdan arzuladığı bir məsələ gerçəkləşdi – Marneulinin meri postuna azərbaycanlı Teymir Abazov təyin olundu. Təəssüf ki, sonra onunla bağlı bir sıra işlər oldu, cinayət işi açıldı. İndi araşdırmaların yekunlaşmasını gözləyirik. İstənilən halda, bu çox böyük addım idi. Bizim opponentlərdən də soruşmaq lazımdır ki, 2003-2012-ci illərdə hakimiyyətdə olarkən hansı rayonda azərbaycanlı rəhbər təyin olunmuşdu? Heç bir yerdə, bizim hakimiyyətin atdığı addım Gürcüstanda bir ilk idi. Millət vəkili olaraq, azərbaycanlı olaraq, Gürcüstanın vətəndaşı olaraq ayrı-ayrı dövlət orqanlarında bizim icmasının təmsilçiliyini yetərli saymıram.




- Bəs bunun səbəbləri nədədir?


- Bunun səbəbləri çoxdur. Əgər biz desək ki, bu, Gürcüstan hökumətinin siyasəti ilə izah olunur, yanılmış olarıq. Məsələnin obyektiv səbəbləri var. Tələbələrlə tez-tez görüşürəm. Onlarla söhbətimdə də deyirəm ki, Gürcüstan universitetlərində minlərlə gəncimizin təhsil alması çox sevindirici haldır. Əvvəllər belə bir söz var idi ki, gürcü dilini bilən azərbaycanlı kadrlar azdır. İndi gürcü dilini bilən kadrlarımız var. Amma dili bilmək hələ hər şey demək deyil. Gürcü dilini bilməklə yanaşı, yüksək peşəkarlığı olan, ictimai-siyasi fəallığı ilə seçilən gənclərə ehtiyac duyuruq. Fəxr edirəm ki, artıq belə kadrlarımız var və hökumətimizin cəsarətlə onları irəli çəkəcəyini düşünürəm. Bəlkə bu fikrimə görə məni tənqid edəcəklər. Amma tələbələrə də deyirəm: “Sənin adın Məmməd, soyadın isə Məmmədovdur. Sən hansısa vəzifəyə iddia edirsənsə, biliyin, savadın o vəzifəyə iddia edən gürcüdən 2 dəfə, 3 dəfə, 5 dəfə artıq olmalıdır”. Bu, dünyanın hər yerində belədir. Yəni çox yüksək peşəkar kadrlarımız olmalıdır. Nisbətin başqa cür olmasını faciə kimi qəbul etmək lazım deyil. 20-25 il bundan əvvələ baxın. Bizim burada qalmağımız tük payı, qıldan asılı idi. Bizi buradan silahla qovmaq üçün planlar hazırlanırdı, əhalinin ən elementar haqları, hüquqları pozulurdu. Amma Gürcüstanın müstəqilliyindən keçən 25 il müddətində milli azlıqların da ölkənin bərabərhüquqlu vətəndaşları olması üçün işlər görülüb. Bu proses uğurla davam edəcək. Yaxın illərdə azərbaycanlılar Gürcüstanda önəmli postlara təyin olunacaq. Bu geriyədönməz prosesdir. Vaxt var idi ki, icra başçısının azərbaycanlı təyin olunmasını istəyən insanlar qorxurdular. Əsrlərlə bir yerdə yaşayan gürcü və azərbaycanlı xalqlarının dostluğu bizim qürur mənbəyimizdir, fəxrimizdir. Azərbaycanlı və gürcü xalqları qardaşdır, ölkələrimiz isə strateji tərəfdaşdır. Amma gürcü cəmiyyətində müsəlmanlara qarşı, türklərə qarşı olan yetərincə qüvvələr olub. İctimai rəyə təsiri olan bu qüvvələr zaman-zaman birə qarşı mənfi rəy yaratmağa çalışıblar. Gələcəkdə azərbaycanlı siyasətçi nazir də, lap prezidentliyə iddialı da ola bilər. Zamanla hər şey yetişəcək.



- Növbəti sualım Gürcüstanda kənd adlarının dəyişdirilməsi ilə bağlıdır. Zviad Qamsaxuriya dövründə xüsusən Bolnisi rayonunda azərbaycanlıların çoxluq təşkil etdiyi kəndlərin adları gürcüləşdirilib. Məsələn, Faxralı kəndinin adı Talaveriyə dəyişdirildi. Onlara tarixi adlarının qaytarılması nə dərəcədə mümkündür?


- Mən də bir ara təklif vermişdim ki, təhsil dili ancaq gürcü dili olsun. Mənə qarşı sosial şəbəkələrdə təhqir dolu kampaniyalar başlamışdı, amma heç kim mənim nə üçün bu təklifi verdiyimi soruşmurdu. Bu cür məsələlərdə 2 tip insanlar var – canı yananlar və siyasi möhtəkirlər. Yer adlarının dəyişdirilməsi çox əvvəllər baş verib. Kənd adların dəyişdirilməsini doğru saymıram. Çünki burada yaşayan xalq kəndi öz bildiyi adla tanıyır, rəsmi sənədləri çıxmaq şərti ilə. Amma bu gün həmin kəndlərə adların qaytarılması ictimai rəydə böyük problemlərlə bağlıdır. Həmin kəndlərin bir qismində indi adlandırdıqları adda gürcü yaşayış məskənləri olub. Amma zamanla bu məsələ də öz həllini tapacaq. Çünki adların qaytarılması elementar prosesdir. Yetər ki, vətəndaş öz dövlətinə sadiq olsun, ölkəsinin bayrağı altında dursun. Kəndin adı sakinlərin dilində necə səslənirsə, elə də qalması məsləhətə uyğundur.



- Siz bu məsələni parlamentdə qaldırmısınızmı?


- Siyastədə populizm məqbul haldır. Məsələn, opponentlərimiz pensiyanı 400 lariyə, müəllimlərin maaşını 100 lariyə çatdıracaqlarını deyirlər. Amma milli, dini məsələlərdə populizm olmaz. Çünki bu çox həssas məsələlərdir. Tələb haqlıdır, amma bu işlər parlamentdə həll olunmur. Qərar yerli özünüidarəetmə orqanları tərəfindən verilməlidir. Bunun həlli üçün desentralizasiya prosesi getməlidir. Amma Gürcüstanın da Azərbaycan kimi 20% torpaq itirdiyini bilirsiniz. Bu kimi məsələlər həmin niyyətə mane olur. Həmçinin, demokratiyanın qızıl qaydalarına çatmağa da mane olur. Demokratik qanunlar qəbul olunsa da, qızıl qaydalara, tam demokratiyaya hələ ki, uzun müddət nail olmaq alınmayacaq. Bələdiyyələrin səlahiyyəti artırılsa, yaşayış məskənlərinin adlarını dəyişmək hüququ veriləcək.

Nəriman Nərimanovun adının Mədəniyyət Evindən götürülməsinə gəlincə, ölkədə “Azadlıq Xartiyası” adlı mütərəqqi qanun qəbul olunub. Yəni bu ölkə sovet irsindən qəti şəkildə azad olmaq istəyir və alınır da. Həmin xartiya Sovet simvolikasını, sovet siyasi xadimlərin adlarının saxlanılmasını qadağan edir. Amma burada başqa bir məqam var. Nəriman Nərimanov siyasi xadim olub və Sovet İttifaqında qısa müddətdə Mərkəzi İcraiyyə Komitəsinin sədri olub. Hər bir azərbaycanlı bilir ki, Nəriman Nərimanov ictimai fikir, ədəbiyyat tariximizdə çox böyük rola malik şəxsdir. Kommunistdən öncə o bir maarifçi, bir ədib, bir həkim, bir ictimai xadimdir. Bu kimi mülahizələrə görə təbii ki, onun adı həmin Mədəniyyət Evində saxlanılmalıdır. Vaxtında müəyyən prosedur səhvləri də olub. Təəssüf ki, o zamanlar Marneuli Bələdiyyəsinin qərarı Ədliyyə Nazirliyində təsdiq olunmayıb. Amma bunu da faciə kimi qəbul etmirəm. Orada Nəriman bəyin böyük heykəli var, soydaşlarımızın ürəyində heykəli var və heç kəs onu bizim əlimizdən ala bilməz. Biz borçalılılar da fəxr edirik ki, o, burada dünyaya gəlib. Həyatının bir hissəsini burada keçirib. Axı nəyə lazım idi onun adını bu Evdən götürmək? Bizi hörmətdən salan bu kimi insanlardır. Nəriman Nərimanovun adını gürcü cəmiyyətinə tanıtdırmaq lazımdır. Tbilisidə isə yeri gəlmişkən, onun adına ev muzeyi var. Və həmin muzeyin pulunu Gürcüstanın Mədəniyyət Nazirliyi verir, onun işçilərinə maaş kəsir. Azərbaycan dövlətinə də xüsusi təşəkkür düşür ki, SOCAR həmin binanı gözəl təmir etdi. Bu faktı, nailiyyəti də qeyd etmək lazımdır. Siyasi möhtəkirlərdən, spekulyantlardan da xahiş edirəm ki, bu məsələlərdən sui-istifadə etməsinlər. Zaman gələcək həmin Mədəniyyət Evi Nəriman Nərimanovun adını rəsmi şəkildə geri alacaq. Biznesin aparılımasının rahatlığına görə Gürcüstanda dünyada 6-cı yerdədir. Bizdə pulsuz tibbi xidmət var. Saakaşvilinin vaxtında soydaşımız xəstəxanaya gəlsəydi, onu cərrah stolunun üstünə qoyardılar və deyərdilər ya pul gətir, ya da canın çıxsın.




- Gürcüstanda azərbaycanlıların gürcü məktəblərinə kütləvi axın etməsi barədə nə deyə bilərsiniz?


- Məndən çox müsahibələr alıblar. Deməliyəm ki, Gürcüstan azərbaycanlılarının əsas problemləri nədir? Bəziləri deyir işsizlik, bəziləri deyir torpaqlar düzgün paylanmayıb. Bunlar hamısı həll olunan məsələlərdir. İşsizlik həmişə olub, torpaq islahatı vaxtı da kimin fikrində var idisə, o, torpaq aldı. Bu gün problemlərimizin başında təhsil problemləri durur. Biz Gürcüstan cəmiyyətində yüksək peşəkar kadrlar yetişdirməliyik. Yəni dövlət dilini bilməklə yanaşı, ayrı-ayrı ixtisas sahələrində də yüksək təhsilli peşəkarlarımız olmalıdır. Çox təəssüf ki, bu gün təhsilimiz çox aşağı səviyyədədir. Saakaşvilinin dövründə başlayan 4+ proqramı bizim müəyyən nailiyyətdir. Yəni bir neçə min tələbəmiz Gürcüstanın ali təhsil müəssisələrində oxuyur. Mən Mahir Dərziyev olaraq bunu diskriminasiya hesab edirəm. Belə təsəvvür edək ki, Azərbaycanda rusa, talışa, ləzgiyə güzəştli şərtlərlə Azərbaycan universitetlərində qəbul hüququnun verilməsinə necə baxardınız? Mən buna düzgün baxmıram. Bu gün bizim məktəblər Gürcüsatanın ali təhsil müəssisələrinə tam əsaslarla qəbul ola bilmək üçün şagirdlər yetişdirmir. Bu şagirdlərin səviyyəsi ona imkan vermir ki, ali təhsil müəssisəsinə imtahan verə, qəbul ola və hətta ödənişsiz yerə daxil olsun. SOCAR-ın ödədiyi təhsil haqqı olmasa, biz Gürcüstanda oxuyan yerli azərbaycanlıların heç 20%-ni də orada görə bilmərik.



- Təhsil səviyyəsi barədə nə deyə bilərsiniz?


- Bugünki iqtidarın zamınında da, Saakaşvili hakimiyyəti vaxtı da Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanması, şagirdlərinin sayının azalması barədə yazırdılar. Bəli, bu tendensiya var. Amma gəlsin bir nəfər desin ki, hansı azərbaycanlı uşaq təhsil almaqdan kənara düşüb. Əsas səbəblər 90-cı illərdə, 2000-ci illərdə ölkədə gedən miqrasiya proseslərilə bağlıdır. Əhali dolanışıq üçün Rusiyaya, Türkiyəyə, Azərbaycana üz tutdu və elə kəndlər var idi ki, 3-5 uşaq qalmışdı. Bu məktəblər bağlandı, amma bu gün dövlət həmin uşaqların təhsil hüququnu qoruyur, onları servis avtobusları yaxınlıqdakı məktəblərə daşıyır. Məktəblərin bağlanması bununla izah olunur. Müəllimlərin 10 nəfərindən 9-u pensiya ya da pensiya öncəsi yaşdadır. Vaxtı ilə Azərbaycanda çox səhv bir addım atıldı. Bizə soydaş statusu verilmədi. Tutaq ki, Hindistandan, Çindən gələn vətəndaşla bizə eyni münasibət sərgiləndi. Amma Hindistandan gələnə Azərbaycanın ali məktəblərində imtahansız, müsahibə yolu ilə qəbul olmaq şansı tanındı, bizim cavanlara isə yox. Bizə soydaş statusu verməklə Azərbaycan dövləti də qazanar, Azərbaycan icmaları da qazanar. Azərbaycanın qanunlarına görə, başqa ölkənin vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrinə müsahibə yolu ilə qəbul olunur. Amma bizi qəbul etmirlər. Təzə-təzə qəbul etməyə başlayıblar. Halbuki, 5 il əvvəl 1 nəfəri də qəbul etmirdilər. Vaxtında Azərbaycan bizə müəllim kadrlarını hazırlamaqda yardım etmədi. Müəllimlərimiz yoxdur. Gürcüstanın universitetlərində müəyyən qədər müəllim kadrları hazırlanır, amma zaman lazımdır. Azərbaycan dili və ədəbiyyatı müəllimini burada hazırlamaq mümkün deyil. Şərait də, kadrlar da yoxdur. Vaxtı ilə Puşkin adına İnstitut var idi. Oranın bütün Azərbaycan dili və ədəbiyyatı fənni üzrə müəllimləri köçüb getdilər. Bunu Azərbaycan dövlətindən xahiş də etmirik, tələb edirik ki, dilimizi, mədəniyyətimizi yaşatmaq üçün bizə belə kadrlar hazırlamaqda yardımçı olsunlar. İki böyük problemimiz var – inteqrasiya problemi və identifikasiya problemi, milli kimliyimizi qorumaq məsələsi. Və bu işdə Azərbaycan dövlətindən təcili yardımlar gözləyirik. Heç olmasa, ildə 20-30 nəfəri buradan aparıb Azərbaycan dili və ədəbiyyatı fənni üzrə oxutsunlar. Bir hissəsi orada qalsa da, əksəriyyəti buraya gələcək.




- Azərbaycanın Diaspor Komitəsi ilə münasibətlər hansı səviyyədədir?



- Açığı Azərbaycan dövlətinin burada dəstəyini çox hiss edirik. Heydər Əliyev Fondu 6-dan çox məktəb təmir və inşa edib. Eyni sözləri SOCAR haqda da demək olar. Dərsliklər gətirilir, tələbələrin təhsil haqları ödənilir. Amma Diaspor Komitəsinin Fuad Muradova qədər olan siyasətini biz yanlış hesab etmişik. Azərbaycan diaspor təşkilatlarının yaranması, güclənməsi siyasəti yarıtmaz olub.
İndi vəziyyət dəyişib. Gürcüstanda güclü diaspor təşkilatlarının yaranması üçün yetərincə, müzakirələr apardıq. Fuad müəllimlə çox səmərəli müzakirələrimiz olub. Gürcüstanda ABŞ-ın İnkişaf Agentliyinin dəstəyi ilə məktəblərin təmiri üçün 50 milyon dollarlıq layihə həyata keçirildi. Azərbaycandilli 7-8 məktəbi də təmir etdilər. Amma dediyim kimi, əsas məsələ dövlət dilinin öyrənilməsi və məktəblərə pedoqoji kadrların hazırlanmasını təşkil etməkdədir.



- Gürcüstanda “Gürcü arzusu” və “Vahid Milli Hərəkat” partiyaları arasında ciddi fikir ayrılıqları mövcuddur. Bu, cəmiyyətdə də siyasi qütbləşməyə səbəb olubmu?



- Bəli, Gürcüstanda ciddi siyasi qütbləşmə müşahidə olunur. Bunu Avropadakı partnyorlarımız da bizə deyir. Bəlkə də bu proses seçki ab-havası ilə bağlıdır. Prezidentliyə namizədlərin fikirləri, platformaları emosional şəkildə müzakirə olunaraq “yaxşı” ya da “pis” qiymətlər verilir. Belə görünür ki, bizim cəmiyyətin də siyasi mədəniyyəti, siyasi səviyyəsi arzuolunan dərəcədə deyil. Amma istənilən halda, seçkilərin 2-ci tura qalması özü də bir nailiyyətdir. Seçkini saxtalaşdıran qüvvə bunu sona qədər edərdi və müxalifət buna mane ola bilməzdi. Yəni bu ölkədə real demokratik seçkilər keçirildi. Hər şey qanun çərçivəsində həll olundu.

Oxunub: 545
Oxşar xəbərlər
SON XƏBƏRLƏR