Gürcüstanda sonuncu dəfə prezident ümumxalq səsverməsi ilə seçilib. Bu dəfə ölkə tarixində yenilik baş verib. Gürcüstanda ilk dəfə qadın Prezident Salome Zurabaşvili seçilib.
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçicilərin 59,52 faizinin səsini toplayıb. Müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə seçicilərin 40,48 faizinin səsini qazanıb.
Prezident seçkilərinin ikinci turu ilə bağlı 3705 seçki məntəqəsi fəaliyyət göstərib. Nəticələr 1970 seçki məntəqəsini əhatə edib.
Qeyd edək ki, prezident seçkilərinin birinci turu bu il oktyabrın 28-də keçirilmişdi. Siyasi kampaniyada 25 namizəd iştirak etmişdi. Namizədlərin 19-u siyasi partiya, 6-sı isə təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü.
Birinci turda Salome Zurabişvili 38,61 faiz, Qriqol Vaşadze isə səslərin 37,72 faizini toplamışdı. Namizədlər arasında bir faizdən də az səs fərqi olmuşdu.
Seçkilərdə məğlub olduğunu etiraf edən müxalif Avropalı Gürcüstan Partiyasının prezidentliyə namizədi David Bakradze 10,99 faiz səslə üçüncü, Gürcüstan Leyboristləri Partiyasının lideri Şalva Natelaşvili 3,76 faiz səslə dördüncü olmuşdu. Beşinci yerdə Azad Demokratlar Partiyasından namizəd David Usupaşvili və "Qirçi" Partiyasının namizədi Zurab Caparidze qərarlaşmışdı. Onların hər biri seçicilərin 2,26 faiz səsini toplamışdı.