dini radikalizm və ekstremizmlə mübarizə

Sərkisyan Kremlə çağırıldı: İrəvana hərbi texnika yeridildi

Sərkisyan Kremlə çağırıldı: İrəvana hərbi texnika yeridildi
Proseslər getdikcə gərginləşəcək, qarşıdurmanın səviyyəsi artacaq.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, artıq həm Köçəryan, həm də Serj Sərkisyan Putin tərəfindən Moskvaya çağırılıb:

“Orada olan Vardanyan və baş nazirin müavinlərindən biri də prosesə qoşulacaq. Yəni bütövlükdə bu gün Ermənistandan Moskvaya getmiş yüksək çinli şəxslər Ermənistandakı hadisələrin gələcək taleyinə qərar verəcək. Zənnimcə, Moskva çox ciddi surətdə bu problemlərlə məşğul olmağa başlayıb. Bu problemi də sözsüz ki, öz ssenarisinə uyğun, erməni xalqının əhval-ruhiyyəsini, istəyini nəzərə almadan həll edəcək. Bunun baş verməsi artıq qaçılmazdır. Çünki artıq Paşinyanın baş nazir seçilmək hüququ yoxdur. Ermənistan Konstitusiyasına görə, bir dəfə namizədliyini vermiş şəxsin namizədliyi rədd edilirsə, o ikinci dəfə namizədliyini irəli sürə bilməz. Paşinyan da alternativ varianta əl atıb. O, xalqın etimadı əsasında formalaşdırılan milli həmrəylik hökumətinin yaradılmasını istəyir. Bu hökumət yaradılar, meydanlarda da Paşinyana səs verilər, amma bunların bütövlükdə Ermənistandakı vəziyyətə nəzarət etməsi, bu vəziyyəti idarə etməsi məsələsi ciddi sual doğurur. Eyni zamanda, mövcud hakimiyyət strukturlarının Paşinyanın çağırışlarına tabe olacağını gözləmək çox çətindir”.

Politoloqun sözlərinə görə, hadisələrin bu cür inkişafı qarşıdurmaya, hətta toqquşmaya aparır:

“Bu toqquşmanın ssenarisi o qədər də mürəkkəb olmayacaq. Moskvanın, yaxud da Ermənistan ordusunun xüsusi təyinatlıları tərəfindən Paşinyan və onun ətrafında fəallığı ilə seçilən şəxslər həbs edilərsə, başsız qalmış kütləni dağıtmaq çox asan olar. Eyni zamanda, bugünkü hadisələr göstərir ki, Paşinyanın hakimiyyəti İrəvandan kənara, demək olar ki, çıxmır. Müəyyən qədər fəallıq edən bölgələr olsa da, Paşinyanın çağırışları 90 min nəfəri əhatə edir ki, bunların da çoxu İrəvanda yaşayan əhalinin payına düşür. Yəni Paşinyanın gücü Ümumiermənistan tətili keçirməyə, bütövlükdə hakimiyyəti təhrik etməyə kifayət deyil. Nəticə etibarı ilə bu gün Paşinyanı kompromisə hazır olmayan, hətta destruktiv mövqe sərgiləyən bir qiyamçı kimi xalqa təqdim etməyə başlayıblar. Hətta sınaqdan çıxarmaq üçün bu gün İrəvan küçələrinə xeyli hərbi maşınlar çıxarıblar və əhaliyə də qabaqcadan xəbərdarlıq ediblər ki, bu maşınlar ölkənin təhlükəsizliyi ilə bağlıdır. Onların hərəkətinə mane olan şəxslər məsuliyyətə cəlb ediləcək. Yəni belə görünür ki, artıq inqilabçılara qarşı bəlli bir ssenari hazırlanıb. Baş verənlər də bu ssenarinin mərhələ-mərhələ həyata keçirilməsidir”.

Politoloq vurğulayıb ki, günün sonlarına doğru aksiyaçılara qarşı atılacaq addımların tam təfərrüatı hakimiyyət orqanlarına bəlli olacaq:

“Bu gecənin İrəvan üçün çox gərgin bir atmosferdə keçəcəyini təxmin edirəm. Paşinyan qarşısına qoyduğu hədəflərə çatmadan həbs edilə bilər. Çünki bu, Rusiyanın iradəsidir. Rusiya Ermənistanı bölgədə itirə bilməz. Ermənistanın itirilməsi Ukraynanın itirilməsi qədər Rusiyaya böyük zərbə vurar. Rusiya buna icazə verməz və bu məsələləri qaydaya salmaq üçün artıq Rusiya müəyyən istiqamətlərdə hərəkətə keçib”.

Qeyd edək ki, bu gün Robert Köçəryan və Serj Sərkisyan təcili Moskvaya səfər edib.

Oxunub: 645
Oxşar xəbərlər
SON XƏBƏRLƏR