dini radikalizm və ekstremizmlə mübarizə

“Çay partiyası” və prezidentə ÖLÜM HÖKMÜ – "Dərin dövlət"ə məğlubiyyət BAĞIŞLANMADI

“Çay partiyası” və prezidentə ÖLÜM HÖKMÜ – "Dərin dövlət"ə məğlubiyyət BAĞIŞLANMADI


ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) başçısı Maykl Pompeo dövlət katibi postunda Reks Tillersonu əvəz edəcək. Pompeonun sələfi Tillersonla müqayisədə daha çox siyasi təcrübəyə malikdir. MKİ-nin keçmiş direktoru xarici siyasət məsələlərində daha sərt mövqeyi ilə seçilir. Ekspertlərə görə, bu təyinat ABŞ-ın aparıcı idarələrində mühafizəkar qanadı gücləndirəcək.

Maykl Pompeonun Reks Tillersonu əvəz edə biləcəyi barədə şayiələr Vaşinqtonda çoxdan yayılmışdı. Məlumdur ki, Dövlət Departamentinin sabiq başçısı ilə ABŞ prezidenti arasında fikir ayrılıqları çoxdan var idi. Təsadüfi deyil ki, Tramp qərarını da Tillersonla bir sıra məsələlərdə fikir ayrılıqlarının olması ilə izah etdi.

Amerika KİV-i prezident və dövlət katibi arasında ciddi qarşıdurmanın olduğu barədə dəfələrlə yaznışdı. Hətta bildirirdilər ki, Tillerson prezidentin ünvanına kobud ifadələr işlətməkdən də çəkinmir. Baxmayaraq ki, bu informasiyaları və öz istefası haqqında şayiələri dəfələrlə təkzib etməli olurdu.

Praqmatik getdi, mühafizəkar gəldi

“Vaşinqton Post” nəşrinin yazdığına görə, Tillersonun gedişi bir çox ölkələrdə, hətta ABŞ-ın diplomatik korpuslarında təəssüflə qarşılandı.

“Amerika diplomatlarının bir çoxu və xarici liderlər etibarsızlıqla reaksiya verdilər. Çünki onların fikrincə, Tillerson, nəhayət, işə öyrəşməyə başlamışdı”, - Amerika nəşri qeyd edib.

Pompeo 1963-cü ildə Kaliforniya ştatında doğulub. Gəncliyində Uest-Poynt hərbi akademiyasına daxil olub və 1986-cı ildə akademiyanı qurtarıb. MKİ-nin saytında yerləşdirilən tərcümeyi-halına əsasən, sonradan orduda xidmətə başlayıb. O, hərbi xidməti Qərbi Berlində keçirib və Berlin divarının yıxılmasına qədər “dəmir pərdə”də patrul xidməti aparıb. “Berlin divarı”nın yıxılması ilə onun hərbi xidməti başa çatıb.

Harvard hüquq məktəbində dərəcə alan Pompeo biznesə başlayır. Əvvəlcə “Thayer Aerospace and Private Security” şirkətini yaradır, ancaq 2006-cı ildə şirkətdəki payını sataraq neft sənayesinə yönəlir və yataqların istismarı üçün avadanlığın istehsalı ilə məşğul olan “Sentry International” şirkətinin prezidenti olur.

2010-cu ildə Pompeo Kanzas ştatından Konqresə seçildi və Nümayəndələr Palatasında altı il işlədi. MKİ-nin gələcək direktoru kəşfiyyat üzrə xüsusi komitənin tərkibinə daxil idi və xüsusi halda, bilavasitə MKİ-nin işləri ilə məşğul olan yarımkomitənin iclaslarında iştirak edirdi.

Bundan başqa, Pompeo 2012-ci ilin sentyabrında Liviyanın Benqazi şəhərində ABŞ səfirliyinə hücumun (Terrorçuların hücumu nəticəsində ABŞ səfiri Kristofer Stivens öldürülmüşdü - red.) araşdırılması üzrə xüsusi komitənin üzvü idi. O, hücum haqqında informasiyaları gizlətməkdə ittiham olunan keçmiş dövlət katibi Hillari Klintonun ardıcıl tənqidçisi kimi məşhur oldu.

18 noyabr 2016-cı ildə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın MKİ-nin başçısı vəzifəsini tutmaq təklifini qəbul etdi.

Pompeo kifayət qədər sərt mühafizəkar mövqeyi ilə məşhurdur və “Çay partiyası” - Respublikaçılar Partiyasının daxilində qeyri-formal siyasi qrupla bağlıdır. Bir çox beynəlxalq problemlərə Pompeonun baxışları Pentaqonun rəhbəri Ceyms Mettisin baxışlarına uyğundur. Bu, hər iki idarənin mövqelərinin yaxınlaşmasına imkan yaradacaq, halbuki, idarələr arasında həmişə müəyyən rəqabət var idi.

Beynəlxalq siyasətə Pompeonun sərt yanaşması Amerikanın diplomatik idarəsinin də dünya problemlərinə baxışlarına təsir edə bilər. O, Moskva ilə dialoqu dəstəkləyən Tillersonadan fərqli olaraq, “qırğı” mövqeyini tuta bilər. Hələ Konqres üzvü olarkən Pompeo bildirmişdi ki, Ukraynaya dəstəyi nümayiş etdirmək üçün Putinin hesablamalarını dəyişdirmək və Rusiya üçün riskləri artırmaq lazımdır.

Pompeo Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi və Ukraynaya hücum silahlarının verilməsinin ən qızğın tərəfdarlarından biridir.

Amerika və Rusiya konstitusiyası üzrə mütəxəssis, professor Aleksandr Domrin hesab edir ki, Pompeonun MKİ-in direktoru vəzifəsindən dövlət katibi postuna köçürülməsinin mümkün səbəblərindən biri xüsusi xidmət orqanı tərəfindən aparılan və “Rusiya müdaxiləsi” adlandırılan araşdırma ola bilır.

Domrin həmçinin ifadə etdi ki, Tillersonun istefası və yeni dövlət katibinin təyinatı Moskva ilə Vaşinqtonun münasibətlərində nəyisə dəyişdirməyəcək. Əksinə, onun sözlərinə görə, Moskva və Vaşinqtonun münasibətləri 2018-ci ilin noyabrında ABŞ-ın Konqresinə keçiriləcək aralıq seçkilərə qədər pisləşə bilər.

“Rusiya və ABŞ-ın münasibətləri hələ özünü ən aşağı nöqtəsinə keçməyib. Bundan başqa, Tillersonla bağlı bəzi ümidlər var idi. Siz xatırlayırsınızsa, hətta onun “Dostluq ordeni” ilə mükafatlandırdılar. Amma indi realist olmaq və münasibətlərin sonrakı pisləşməsini gözləmək lazımdır”, - o bildirib.

Pompeonun rəqibi yalnız Rusiya deyildi

Pompeo Koreya Xalq Demokratik Respublikası və onun lideri Kim Çen Inla bağlı da kifayət qədər sərt mövqe sərgiləyirdi. Hətta, açıq çıxışlarından birində işarə etmişdi ki, Kim Çen In öldürülə bilər. Kəşfiyyatın peşəkar nümayəndələri bildirirlər ki, bu fikirlər kəşfiyyat xidmətinə başçılıq edən insan üçün yolverilməzdir, bundan başqa ABŞ-da xarici dövlət başçıları barəsində əməliyyata dair gizli qadağa mövcuddur.

Belə fikirlər Pompeonu pis vəziyyətdə qoyur. Çünki, Trampla Şimali Koreya lideri arasında may ayında planlaşdırılan görüşü məhz ABŞ-ın Dövlət Departamenti hazırlamalı olacaq.

Pompeo həmçinin İranla sazişin məşhur rəqiblərindən biridir. Düzdür, o bu fikirdə tək deyil: Ağ Ev administrasiyasının bütün üzvləri bu mövqeyi bölüşürlər.

Eyni zamanda Pompeonun təyinatında müsbət amil də var. Konqresdən gələn biri kimi o yaxşı bilir ki, Amerika siyasəti necə işləyir və Dövlət Departamentini necə idarə edə bilər. Müşahidəçilərin qiymətləndirmələrinə görə, idarə kifayət qədər pis işləyir. Trampın prezidentliyindən artıq bir il keçməsinə baxmayaraq, idarədə bir çox vakansiyalar indiyə qədər doldurulmayıb. Məlumdur ki, Dövlət Departamentində bir çox vəzifələr məhz Konqreslə uyğunlaşdırmanı tələb edir və Pompeonun qanunvericilərlə əlaqələri lazımlı namizədliklərin keçməsinə imkan yarada bilər. İstisna edilmir ki, idarədə Pompeonun yaxın ətrafında olan bəzi Konqres üzvləri vəzifələrə gətirilə bilərlər.

Səbəblər və perspektivlər

Trampın özünün də dediyi kimi, Tillersonla olan fikir ayrılıqları onun istefaya göndərilməsinin səbəbi olub.

Moskvadakı Amerika Universitetinin prezidenti Eduard Lozanskiy fərz edib ki, Tillersonun sabiq polkovnik Sergey Skripalın zəhərlənməsi ilə bağlı Rusiyanın Baş Kəşfiyyat İdarəsini (QRU) ittiham etməsi Trampla arasındakı qarşıdurmada “son damcı” oldu.

Lozanskiyin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp dövlət katibinin postuna Tillersonu təyin edərkən qarşısına qoyduğu əsas məsələ Moskva ilə münasibətlərin yaxşılaşdırılması idi.

“Tillerson tapşırığın öhdəsindən gəlmədi. Son olaraq İngiltərədəki hadisələrlə əlaqədar Rusiyaya birbaşa hücum etdi və bu aktın həyata keçirilməsində Moskvanı ittiham etdi”, - ekspert bildirib.

“Marks & Sokolov” hüquq şirkətinin partnyoru, keçmiş senator Bryus Marks hesab edir ki, Pompeonun baxışları Trampın baxışları ilə eynilik təşkil edir.

“Tillerson daha çox ənənəvi respublika isteblişmentindən gəlib. Tramp risk etməyi sevir. Görünür, daha əvvəllər hazırlanın işləri aparmır. Dövlət katibi Tillerson buna qismən müqavimət göstərirdi. Trampın düşündüyü dövlət katibi necə olmalıdır? İndi Pompeo bunu başa düşərək gəlir”, - Marks deyib.

Keçmiş senator Tollersonun qarşısına qoyulan hədəflərin çoxuna nail olmadığını düşünür:

“Tramp ona xüsusi halda, Dövlət Departamentindən “dərin dövlət”in təmizlənməsini tapşırmışdı. Orada tarixən respublikaçılara aid bürokratiya var. Bu Trampın dünyagörüşünə dəqiq ziddir. Düşünürəm ki, Pompeo Dövlət Departamentinin təmizlənməsi üzrə tapşırığı yerinə yetirəcək. Hesab edirəm ki, Pompeonun gəlişi ilə Dövlət Departamentinin əməkdaşları arasında, xüsusən, yuxarı təbəqələrdə olduqca əhəmiyyətli dəyişikliklər olacaq”.

Dünya Siyasəti İnstitutunun direktor müavini Nikolay Beleskovun sözlərinə görə, Reks Tillersonun işdən çıxarılması Trampla iş üslubunda ortaya çıxan fərqlə bağlıdır.

“Tillerson daha ehtiyatlı və sakit, Donald Tramp daha çox impulsivdir. Və başqa bir səbəb onların bir sıra məsələlər üzrə çox fərqli baxışlarının olmasıdır. Tillerson İranla indiki nüvə razılaşmasının saxlanılmasını ardıcıl dəstəkləyir, Tramp isə bu məsələdə daha təcavüzkardır. Həmçinin, Tillerson Koreya Xalq Demokratik Respublikası üzrə daha ehtiyatlı idi və diplomatik həll haqqında danışırdı, Tramp isə öz fikirlərində daha yüngül idi və tez-tez nüvə düyməsi haqda danışırdı. Yəni, bu çıxarılmanı çoxdan – hələ 2017-ci ilin payızından gözləyirdilər. Prinsip etibarilə, yeni heç nə yoxdur. Ümumiyyətlə, bu çıxarılmanın gecikməsi qəribədir”, - Beleskov qeyd edib.

Amma o, xarici siyasətdə radikal dəyişikliklər gözləmir. Bildirilir ki, Avropada hərbi gücün artırılması, sanksiyaların davamı və Ukraynaya hərbi köməyin verilməsi istiqamətlərində siyasət davam etdiriləcək.

Vaşinqtondakı Siyasətşünaslıq “Avrasiya-mərkəzinin” vitse-prezidenti Erl Rasmussen hesab isə edir ki, Pompeonun gəlişi ilə Rusiya və ABŞ-ın münasibətləri pisləşə bilər:

“Pompeonun təyinatının indiki halda münasibətlərə kömək edəcəyini düşünmürəm. Əksinə, daha pis ola bilər… Ehtimal ki, onun mövqeləri Rusiya, İran və Koreya Xalq Demokratik Respublikası haqqında diplomatik sıçrayışa az kömək edəcək. Dövlət Departamentinə Pompeonun gəlişi hərbiləşdirilmiş siyasəti gücləndirəcək. Mən diplomatiyanın meydana çıxmasını gözləmirəm. Bu daha gərgin geosiyasi mühitə gətirib çıxara bilər”, - o qeyd edib.

Onun sözlərinə görə, Pompeonun davranışı hətta ABŞ-ın ənənəvi müttəfiqlərini itələyə bilər.

Pittsburq Universitetinin professoru Maykl Brenner də oxşar mövqeyi paylaşıb. O qeyd edib ki, Pompeo və Tramp Çin barəsində siyasətdə ümumi baxışlara malikdirlər və yeni dövlət katibi bu baxımdan, Tillersondan fərqlənir.

“Pompeonun dünyagörüşü bütün istiqamətlərdə düşmən görür”, - Brenner deyib.

Ömər Dağlı

Oxunub: 716
Oxşar xəbərlər
SON XƏBƏRLƏR