Misir ordusunun son iki gün ərzində Sinay yarımadasının şimalında və mərkəzi hissəsində keçirdiyi "Sinay 2018” antiterror əməliyyatı nəticəsində 10 terrorçu zərərsizləşdirilib. Həmçinin ekstremist fəaliyyətdə şübhəli bilinən 250 nəfər saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Misir silahlı qüvvələrinin bununla bağlı bəyanatında hərbçilərin partlayıcı qurğuları, silah anbarlarını və terrorçuların sığınacaqlarını məhv etdikləri bildirilir. Bundan başqa, gizli yeraltı yanacaq anbarı da aşkarlanaraq partladılıb. Misir hərbçiləri Liviya sərhədindən ölkənin ərazisinə qeyri qanuni yolla keçməyə cəhd göstərən silahla dolu 11 avtomaşını da məhv ediblər.
Son günlər ərzində antiterror əməliyyatı nəticəsində hərbçilərdən dördü ölüb, dördü isə yaralanıb.
Xatırladaq ki, "Sinay 2018” antiterror əməliyyatına fevralın 9-dan başlanılıb. Bu müddət ərzində Misir ordusu yarımadada 100 yaxın ekstremisti zərərsizləşdirib.
Oxunub: 708