Moskva ətrafında qəzaya uğrayan An-148 təyyarəsinin səs qeydlərinin deşifrə edilməsindən sonra pilotların təyyarənin uçuş sürətindəki problemin səbəbini başa düşmədikləri müəyyən olunub.
Axar.az xəbər verir ki, “Kommersant” qəzeti səs yazısında olan qeydlərin əvvəlində pilotların nəzarət xəritəsini oxuduqları, o cümlədən müxtəlif hissələrin fəaliyyətini yoxladıqlarını bildirib. Təyyarənin havaya qalxmasından sonra pilotlar öz displeylərində müxtəlif sürət göstəriciləri müşahidə ediblər. Pilotlar bir-biri ilə ciddi mübahisə ediblər və bu problemi həll etməyə çalışıblar. Lakin bundan sonra sürət artıb və təyyarə maili vəziyyətdə yerə doğru yönəlib. Səs yazısının əldə edilən qeydlərinin sonunda yerlə toqquşma anında pilotların qarışıq qışqırıqları eşidilib.
“Kommersant”ın fikrincə, bu səs yazısı göstərir ki, pilotlar təyyarədəki nasazlığın səbəbini son ana qədər anlaya bilməyiblər.
Qeyd edək ki, bir müddət öncə An-148 təyyarəsi qəzaya düşüb. Nəticədə 71 nəfər həlak olub.