Qazaxıstanın Qaraqiyan rayonuun Kurık qəsəbəsində, müəssisələrin birində qanunsuz işləyən 79 Azərbaycan vətəndaşı saxlanılıb.
Saxlanılanların bir hissəsi cərimələnib, qalanları inzibati qaydada həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Qazaxıstana gedən Azərbaycan vətəndaşlarının Daxili İşlər Şöbəsində müvəqqəti yaşayış qeydiyyatına düşdüyü və Kurık qəsəbəsində “Enerqomost LTD” MMC-də işlədikləri xəbər verilir.
İstintaq nəticəsində müəyyən olunub ki, işə götürülən Azərbaycan vətəndaşlarının miqrasiya vəsiqəsində işləməyə icazə verən müvafiq qeyd olmayıb. Onların Qazaxıstan Respublikasının miqrasiya ilə bağlı qanunvericiliyinin tələblərini pozduğu iddia olunur.
“Qaraqiyan rayon məhkəməsində işə artıq baxılıb, məhkəmənin qətnaməsinə görə, qanunu pozan 79 şəxsin hər biri Qazaxıstan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517 maddəsinin müxtəlif müddəaları üzrə təqsirli bilinib. 69 nəfər 56725 təngə məbləğində cərimə olunub. 10 xarici vətəndaş barəsində isə inzibati qaydada 3 gün müddətinə həbs və Qazaxıstandan hüdudlarından kənarlaşdırma qərarı çıxarılıb”, - deyə məhkəmədə açıqlanıb.