Mingəçevir Dövlət Universitetinin (MDU) Dayanıqlı Enerji və Mühəndislik Sistemləri Tədqiqat İnstitutunun təşkilatçılığı ilə mühəndislik istiqamətində təhsil alan magistrantlarla növbəti görüş keçirilib.
Universitetdən verilən məlumata görə, tədbirin əsas məqsədi gənc tədqiqatçıların elmi potensialının inkişaf etdirilməsi, tədqiqat fəaliyyətinə fəal cəlb olunması, beynəlxalq akademik mühitə inteqrasiyası və gələcək peşəkar inkişaf perspektivlərinin qiymətləndirilməsi olub.
Görüş zamanı xarici universitetlərdə təhsil və tədqiqat imkanları, beynəlxalq mübadilə proqramları, birgə elmi layihələr, nüfuzlu elmi jurnallarda məqalələrin nəşri, eləcə də doktorantura təhsili istiqamətində geniş fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, magistrantların yalnız nəzəri biliklərə yiyələnməsi deyil, həm də real elmi problemlərin həllində iştirak edən, innovativ düşüncəyə malik mütəxəssislər kimi formalaşması əsas hədəflərdəndir.
Tədbirdə, həmçinin dayanıqlı enerji, yaşıl texnologiyalar, rəqəmsal mühəndislik, süni intellektin mühəndislik sistemlərində tətbiqi və sənaye ilə birgə tədqiqatların aparılması istiqamətində magistrantların iştirak imkanları müzakirə edilib.
Səmimi və interaktiv şəraitdə keçən görüşdə gənc tədqiqatçıları maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib, elmi rəhbərlik və mövzu seçimi ilə bağlı praktiki tövsiyələr verilib.
"Güclü universitet yalnız bilik ötürən deyil, həm də yeni bilik yaradan, gənc tədqiqatçılara geniş imkanlar açan mühit olmalıdır" mesajının vurğulandığı tədbir iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb.
Oxunub: 13