2026-cı il aprelin 21-də Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Gedim bir az ağlayım” adlı romans və poeziya görüşü keçirilib.
Tədbir çərçivəsində romanslar, vokal əsərlər və poetik mətnlər səsləndirilib. Görüşün təşəbbüskarı görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun tələbəsi, pianoçu və bəstəkar Sevda Rəhimova olub. Proqramda Azərbaycan bəstəkarlarının və müasir müəlliflərin əsərlərinə yer verilib. Tədbir Ərtoğrul Balayevin ifasında səslənən prelüdlərlə açılıb.
Görüşün aparıcısı, musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Oqtayqızı Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlının “İkimizdən birimiz” şeiri haqqında məlumat verib və əsəri təhlil edib. Daha sonra qiraət ustası, şair Xəzər Süleymanlı həmin şeiri səsləndirib.
Tədbirdə müğənnilər Fəridə Məmmədova və İlham Nəzərov Sevda Rəhimovanın musiqisi əsasında yazılmış “İkimizdən birimiz” duet-romansını ifa ediblər.
Romans və poeziya görüşündə Sevda Rəhimovanın bəstəsi və Leyla Əliyevanın sözlərinə yazılmış əsərlər, eləcə də Xəzər Süleymanlının “Susma, danış” şeiri və sözləri Gülər Əlvanqızına, musiqisi Aytən Oqtayqızına məxsus “Tanrım” kompozisiyası dinləyicilərə təqdim olunub.
Oxunub: 52