dini radikalizm və ekstremizmlə mübarizə

ETİBAR ETİBARLI YARADICILIĞINDAN

ETİBAR ETİBARLI YARADICILIĞINDAN
Bu " QISA ARAYIŞ" da çəkdiyim əzablar, iztirablar, daddığım sevinclər görünməsə də , arabir şeirlərimdə və digər yazılarımda boy göstərirlər.
Ədəbi aləmə 60-cı illərin axırlarında gələn şair-publisist, jurnalist, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü ETİBAR ETİBARLI (Aslanov Etibar Zəki oğlu) 2 aprel 1951-ci (1952) ildə Şamaxı rayonunun Kürdəmic kəndində (indiki Əhmədli) anadan olmuşdur. 1968-ci ildə S. M. Qənizadə adına Şamaxı şəhər 1 saylı orta məktəbi bitirmişdir. Bir müddət "YENİ ŞİRVAN" rayon qəzetində işləmiş , sonra isə AzTV- nin "Gənclik" redaksiyasının "Yekun" jurnalında ştatdankənar kiçik redaktor kimi fəaliyyət göstərmişdir. Uşaq yaşlarından şeirə həvəs göstərmişdir. İlk şeirləri hələ məktəbliykən "Göyərçin" jurnalında və rayon qəzetində dərc olunmuşdur. "Ulduz" jurnalının 1969-cu il 10-cu nömrəsində görkəmli şairimiz Nəbi Xəzri onun haqqında "Uğurlu yol" məqaləsi yazmış, onu ümidverən bir gənc şair kimi ədəbi aləmə təqdim etmiş: " Qoy, E. Etibalı şeirə və sənətə ikiqat etibarlı olsun!" E. Etibarlının isə həmin nömrədə iki səhifə həcmində şeirləri çap olunmuşdur. 1974-cü ildə M. F. Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunu (indiki Slavyan Universiteti) bitirib, rayonda müəllim işləmişdir. Elə həmin vaxtllarda o, "Molodyoj Azerbaydjana" qəzetinin Şamaxı və Ağsu rayonları üzrə ştatdankənar müxbiri olmuşdur. Sonrakı uzun illər ərzində isə jurnalist kimi rəsmi mətbuat orqanlarında, o cümlədən dəvət aldığı keçmiş "Kommunist" qəzetində, daha sonra "Xalq qəzeti", "Mülkiyyət", "Respublika" kimi rəsmi qəzetlərdə, həmçinin AzərTAc -da (Dövlət İnormasiya Agentliyində) işləmişdir. Bu illər ərzində o, müxtəlif mövzularda müxtəlif səpgili yüzlərlə məqalə, oçerk və felyeton yazmış və yazıçı -publisist kimi də tanınmışdır.
Ağır xəstəliklə əlaqədar səkkiz dəfə cərrahi əməliyyata məruz qalsa da, yeddi il çarpayı dustağı olsa da ədəbi yaradıcılığını davam etdirən E. Etibarlı yüzlərlə şeirin, bir çox poemaların, M. Müşfiq haqqında "Gözdən yaş çıxarmı ürək yanmasa?" pyesinin, həmçinin şeir kitablarının müəllifidir. O, həm də epik-lirik poemalar müəllifi kimi tanınır-- "Nisgil", "Taleyimdən keçənlər (irihəcmli), "Bir gecənin poeması", "Ağdama gedən yol","Dan üzü ağaranda" (Çanqqala döyüşünün 100 illiyinə həsr olunmuş), "Dünya dağılacaq" (Dialoq-poema).. və s. kimi poemaları oxuculara bəllidir. E. Etibarlı mediada--qəzet və jurnallarda həm də bir şair-tənqidçi kimi mütəmadi olaraq, kəskin ədəbi-tənqidi məqalər yazmış, ədəbi prosesə öz münasibətini bildirmişdir. O, 1-ci qrup əlildir, lakin buna baxmayaraq, indi də ədəbi fəaliyyətini davam etdirir.
E. Etibarlı Rəsul RZA adına ədəbi mükafatın laureatıdır. Prezident təqaüdçüsüdür (2017).
P.S. Dəyərli qələm sahibi Etibar Etibarlı sizi öz adımdan və DJB.Az kollektivi adından ad gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizə can sağlığı , uzun ömür, işlərinizdə və yaradıcılığınızda müvəffəqiyyətlər arzulayıram.
Almaz İlahə Əhmədova

Oxşar xəbərlər
SON XƏBƏRLƏR