dini radikalizm və ekstremizmlə mübarizə

Paralel kainat həqiqəti: İnsanın ölümsüz olduğuna dair ilginc iddialar

Baxış Sayı:2 284

Paralel kainat həqiqəti: İnsanın ölümsüz olduğuna dair ilginc iddialar

“Bütün dəlillər Tanrının əslində bir qumarbaz olduğunu və kainatın zərlərin atıldığı böyük bir qumarxana olduğunu və rulet barabanlarının hər fürsətdə fırlandığını göstərir” – Stiven Hokinq.

İngilis fizik Stiven Hokinqin ölümündən əvvəl üzərində işlədiyi son araşdırması yaşadığımız dünyaya bənzər kainatların ola biləcəyi ehtimalını irəli sürür. Tədqiqat astronomların paralel kainatların mövcudluğuna dair dəlil tapmaq yoluna da işıq salır. Eləcə də paralel kainatlar nəzəriyyələrinə yeni istiqamət verən araşdırma kainatmızın yaradılış sirlərini çözmək üçün elm adamlarının qarşısında yeni cığırlar açır. Lyuven Universitetinin belçikalı fiziki Tomas Hertoqla birlikdə işləyən Hokinqin məqaləsi onun ölümündən 10 gün əvvəl “High-Energy Physics” elmi jurnalında dərc olunub.

Elm adamlarının nəzəriyyəsi Albert Eynşteynin kainatın təxminən 14 milyard il əvvəl əmələ gəldiyini, ancaq necə yarandığına dair məlumatların əksik olduğu araşdırmasını bir qədər də genişləndirir.

Hokinqlə işləmək üçün Kembricə gedən Hertoq araşdırma ilə bağlı belə demişdi: “Aramızda bunun onun son məqaləsi ola biləcəyini danışmadıq. Ancaq hiss etdim ki, bu, səyahətimizin sonu ola bilər, bunu ona heç vaxt demədim”.

Kosmos – çıxış qapısı

Müasir fizika kainatın necə meydana gəldiyinə dair çoxsaylı nəzəriyyələr təklif edir. Bunların aparıcı nəzəriyyəsi Böyük Partlayışdan (Big Bang) sonra sürətli genişlənmə mərhələsində “kosmik inflyasiya” nəticəsində yeni kainatların meydana gəldiyini və bu kainatların da kosmosa yayılması iddiasını irəli sürür. Hertoq və Hokinqin araşdırması bu nəzəriyyəni bir addım daha irəli aparır və kosmosun fərqli fiziki qanunların mövcud olduğu kiçik kainatlarla dolu olduğu nəzəriyyəsi əvəzinə, bu alternativ kainatların bir-birindən çox fərqli olmaya biləcəyini ortaya qoyur. Hertoq Hokinqlə birlikdə apardığı araşdırma ilə kosmologiya nəzəriyyələrində irəli doğru bir addım atdıqlarını və fiziklərin bunu sınaqdan keçirə biləcəyini söyləyirdi.

Üç il əvvəl vəfat edən Stiven Hokinq dünya və bəşəriyyətin gələcəyinin kosmosda olacağını iddia edirdi: “İnanıram ki, yer üzündə həyatı nüvə müharibəsi, genetik cəhətdən dəyişdirilmiş bir virus və digər artan təhlükələr kimi qəfil fəlakətlər təhdid edir. Bəşəriyyətin kosmosa getməyəcəyi təqdirdə gələcəyinin olduğunu düşünmürəm. Buna görə insanları kosmosla maraqlanmağa təşviq etmək istəyirəm”.

Sonsuz həyatlar

Alimlər kvant fizikası və kosmologiya nəzəriyyələrindən irəli gələn paralel kainatlar məsələsini öz aralarında həvəslə müzakirə edirlər. Göyü və Böyük Partlayışdan qalan kosmik mikrodalğalı fon radiasiyasını araşdıraraq, kosmosdakı paralel kainatları izləməyə çalışırlar. Bunun üçün yeni metodlar irəli sürürlər. İddiaya görə, əgər paralel dünyalar varsa, ikisi də eyni dərəcədə realdır. Əgər çoxsaylı kainatlar nəzəriyyələri doğrudursa, Dördüncü Kopernik inqilabını yaşayacağıq, eləcə də bu iddia sübut edilsə, bu o demək olacaq ki, Yer kainatın mərkəzi deyil, Günəş kainatın mərkəzi deyil, “Süd yolu” qalaktikası kainatın mərkəzi deyil və kainatımız tək deyil. Yəni insanlar kainatda yeganə düşünən varlıqlar olmaya bilər.

Kvant fizikasından irəli gələn bir çox nəzəriyyələrə görə, bizə bənzər “mənlər”in yaşadığı paralel kainatlar var. Ancaq nəzəriyyələrin bir çoxuna görə, alternativ “mənlər”in paralel kainatlarda olması şərt deyil. Yəni, bəzilərində alternativlərimiz olmaya bilər. Bununla belə, kosmosda sonsuz sayda kainat varsa, sonsuz sayda “mən” də ola bilər. Sonsuz sayda fərqli kainat, sonsuz sayda “mənlər”imiz və ya sonsuz sayda klonumuzun olduğu kosmos düşünə bilərik. Əgər sonsuz sayda kainat varsa, etdiyimiz, edəcəyimiz və hələ etmədiyimiz hər şey sonsuza qədər təkrarlanacaq - əbədi olaraq var olacağıq. Sonsuzluq məntiqsizdir, lakin doğru ola bilər.

Sadə təsadüf

Kainatların necə yarandığını iddia edən bir çox nəzəriyyə var, lakin heç biri həyatın niyə yarandığını izah etmir, edə bilmir. Fiziklərin fikrincə, insan həyatının bu kainatda yaranması sadə bir təsadüfdür. Amma elm bunu da hər kəsin razı qalacağı şəkildə izah etmir, cavab verə bilmir. Yenə də fiziklərə görə, bunun cavabını tapmaq o qədər də çətin deyil. Kvant nəzəriyyəsinə əsaslanan nəzəriyyələrə görə, bu kainat kimi digər kainatların yaranması da sadə bir təsadüfdür.

Solaxay kainat

Fizik Şon Kerrollun fikri belədir: Şrödingerin kvant fizikasında pişik təcrübəsini eşitmiş ola bilərsiniz. Bu təcrübədə bir pişiyi çöldə tamamilə qapalı bir qutuya qoyursunuz. Pişiyin yanında bir şüşə zəhər var. Zəhərin flakonunu qıracaq və heyvanı öldürəcək çəkic də radioaktiv atomdan asılıdır.

Heyzenberqin kvant fizikasına əsaslanan qeyri-müəyyənlik prinsipinə görə, radioaktiv atomun nə vaxt dəyişikliyə məruz qalaraq daha zəif radioaktiv atoma çevriləcəyini təxmin etmək mümkün deyil. Bu təsadüfən baş verir. Atom dəyişikliyə məruz qalarsa, çəkic şüşəni sındırır və pişik ölür. Dəyişməsə, pişik yaşayacaq.

Yenə də qeyri-müəyyənlik prinsipinə görə, bir atomu xarici aləmdən tamamilə təcrid etsək, o atom bir superpozisiyaya girəcək və həm çürüyəcək, həm də çürüməyəcək. Paralel kainatlarların mövcudluğuna dair təfsirin gəldiyi nöqtə budur.

Məsələn, kvant fizikasında bir elektron 30 faiz ehtimalla sağdan, 70 faiz ehtimalla isə soldan hərəkət edir. Məşhur fizik Riçard Feynmanın da dediyi kimi, real dünyada elektronun ya soldan, ya da sağdan hərəkət etdiyini görə bilərik. Lakin riyazi olaraq, onun gedişatını hesablamaq istəsək, sağdan hərəkət etmək imkanını nəzərə alaraq, soldan hərəkət edən elektronun yolunu çəkə bilərik. Kerroll kimi düşünən fiziklərin fikrincə, bu fenomen çox sayda dünyanın olduğu anlamında qəbul edilməlidir. Bir sözlə, elektron kainatımızda soldan hərəkət edirsə, o elektronun sağdan hərəkət etdiyi paralel bir kainat olmalıdır.

Sim nəzəriyyəsi

Sim nəzəriyyəsinə görə, kainatı təşkil edən əsas hissəciklər birölçülü super kiçik simlərdən ibarətdir. Beləliklə, dünyadakı bütün fiziki qüvvələri simlərlə izah edə bilərik: elektromaqnitizm, cazibə qüvvəsi, zəif və güclü nüvə qüvvəsi. Yalnız bir problem var: Sim nəzəriyyənin həyata keçməsi üçün 10 kosmos və 1 zaman ölçüsü lazımdır. Ancaq kainatımızda yalnız 3 kosmos və 1 zaman ölçüsü var. Yəni kainat 4 ölçülüdür.

Sim nəzəriyyənin yenilənmiş versiyası olan M nəzəriyyəsinə görə, əlavə 7 ölçü çox kiçikdir və izopod kimi özünə bükülüb. Buna görə əlavə ölçüləri görə bilmirik. 11 ölçülü bir kainatda kainatı təşkil edən simləri nizamlamağın 10500 yolu var. Sim nəzəriyyəsinə görə, kainatda ən az 10-500 arasında kainat var. Bunlardan biri də yaşadığımız kainatdır.

Kainatın İnflyasiya Modeli

Kosmik inflyasiya modelinə görə, başqa dünyalarda başqa işlər görən “mənlərimiz” yoxdur, ancaq fiziki olaraq bir-birinə paralel olan kainatlar var. Bu nəzəriyyəyə görə, zamanla birlikdə 4 ölçülü kainatımız, ən azı 5 ölçülü kainatda bir-birinin üstünə yığılmış və ya şaquli olaraq yan-yana düzülmüş sonsuz sayda kainatdan biridir.

Kosmik inflyasiya nəzəriyyəsinə görə, iki paralel kainat ara-sıra toqquşur və nəticədə çoxsaylı böyük partlayışlar baş verir. Böyük partlayışlar sonsuz uzunluqdakı kağız zolaqlarına bənzəyən bu kainatlarda içində yaşadığımız kimi, yeni – görünə bilən kainatların yaranmasına səbəb olur. Ehtimala görə, 11 ölçülü fəzada bir-birinə paralel üzən bu iki sonsuz uzun kainat zolağı uzunluqları boyunca və fərqli nöqtələrdə dəfələrlə toqquşmuş ola bilər. Hər toqquşma nöqtəsində başqa bir böyük partlayış əmələ gələ və başqa bir kainat yarana bilər. Sözügedən kainatlar bir-birinə işığın çata bilməyəcəyi qədər uzaq olduğu üçün meqa-kainatın dilimlərində yan-yana düzülmüş, lakin bir-birindən qopmuş və fərqli görünə bilən kainatlar kimi qəbul edilə bilər.

Kainatın genişlənməsi

Kainatımız Böyük partlayış nəticəsində yaranıb. Bu zaman kainatda maddə və enerji kifayət qədər bərabər miqdarda bütün kosmosa səpələnir. Halbuki bir partlayış nəticəsində əmələ gələn bir kainatda maddənin müəyyən yerlərdə toplandığını görə bilərdik, nəinki onun kosmosa nizamlı səpələnməsini yox. Genişlənmə nəzəriyyəsinə görə, kainat şar kimi şişirir və daim köpük kainatları doğur.

Alan Qutun 1979-cu ildə irəli sürdüyü nəzəriyyəyə görə, kainatımız kvant fizikasındakı qeyri-müəyyənliklər səbəbindən çox qısa müddətdə bir şar kimi şişib və işığa nisbətən daha sürətli genişlənib. Bu səbəbdən də kiçik kainatdakı dağınıq su köpüklərinə bənzəyən mikroskopik maddə və enerji zərrəcikləri kainatda bərabər şəkildə yayılıb. Beləliklə, bu nəzəriyyə bizə maddənin və enerjinin kainat daxilində demək olar ki, bərabər şəkildə paylandığını izah edir. Kosmik genişlənmə hər an yeni kainatlar yaradır.

Əbədi genişlənmə

Bu nəzəriyyəyə görə, kainatın bəzi hissələri əbədi olaraq genişlənməyə davam edəcək və yeni körpə - görülə bilən kainatları əmələ gətirəcək. Hətta bu gün bizdən ayrı olan bir kainat, əvvəllər görünə bilən bir nöqtdə ola bilərdi. Genişlənmə bizim kainatın əmələ gəlməsindən sonra da davam etdiyinə görə, onun bizdən qopmuş olması ehtimal daxilindədir. Nəzəriyyələrə görə, kainatlar su köpükləri kimi toqquşa, birləşə və ya bölünə bilər. Fizikada enerjinin saxlanılması qanununa görə, bunlar kainatlarda bir-biri ilə toqquşan və qırılan kainatlarda izlər qoymalıdır.

Paralel kainatlar nəzəriyyələrinə görə, bu kainatda etmədiyiniz bütün seçimləri paralel kainatlardakı “mənlərimiz” tərəfindən həyata keçirilib.

Misilsiz birləşmə

Paralel kainat nəzəriyyəsi nisbilik nəzəriyyəsi və kvant fizikasının misilsiz birləşməsidir. Əsas fikir təkcə bir kainatın yox, eyni zamanda birdən çox kainatın mövcud olduğunu iddia edir. Paralel kainatlar nəzəriyyələrinə görə, hər bir fərdin varlığı sonsuz sayda arta bilər. Əgər kimsə qovşaqdan sağa dönərsə, o yöndə bir təcrübə qazanacaq. Sola dönməyi seçərsə, tamamilə fərqli olayla üzləşəcək. Bir sözlə, hər seçim yeni bir kainat yaradır. Bu fərziyyəyə görə, hər kəs sonsuz sayda paralel həyat yaşayır. Eyni insan bir kainatda dilənçi, başqa bir kainatda zəngin ola bilər. Bəzi kainatlarda sağ qalıb, digər kainatlarda ölə bilər.

Ölümsüzlük

Qəribədir ki, paralel kainat nəzəriyyələrində ölüm anlayışı yoxdur. Çünki insan bir kainatda ölürsə, digər kainatlarda yaşayır. Sonsuz sayda kainat varsa, həyat da sonsuzdur.

Bəzi fiziklər məhdud hislərimiz sayəsində paralel kainatları anlaya bilməyəcəyimizi düşünürlər. İnsanlar yalnız beş hissə sahibdir və bunlardan heç birindən alternativ həqiqətləri aşkar etmək üçün istifadə edilə bilmirlər. Hislərimiz bizə yalnız üç ölçüdə qarşılıqlı əlaqə qurma imkanı verir. Ancaq paralel kainat fərziyyəsinə görə, daha çox ölçü var. Amma insanlarda bu ölçüləri qavramaq və hiss etmək qabiliyyəti yoxdur.

Qeyri-müəyyən və mürəkkəb

Alternativ kainatların tamamilə fərqli fiziki qanunlara malik ola biləcəyi də güman edilir. Məsələn, cazibə qüvvəsi və ya elektromaqnetizm bu kainatlarda müxtəlif yollarla işləyə bilər. Bu səbəbdən dünyaya dair anlayışımızın bu şərtlər altında faydasız və ya əhəmiyyətsiz ola bilməsi mümkündür. Bu səbəbdən alternativ və ya paralel kainatların aşkarlanması fundamental olaraq qeyri-mümkündür.

Paralel xətlər kimi, daim yan-yana olsalar da, heç vaxt bir-birinə toxunmurlar. Paralel kainatların toqquşmasının Böyük Partlayış kimi bir olaya səbəb olacağı ehtimalı irəli sürülür ki, həmin toqquşma zamanı bir çox kainatın yarandığı iddia edilir. M nəzəriyyəsinə görə, paralel kainatlar eyni xətlərdə olan, lakin bir-birindən müstəqil olan çoxsaylı kainatlar qruplarıdır. Əlbəttə, bu, paralel kainatlar nəzəriyyələrinin çox sadə bir izahıdır. Yəni, həqiqətlər ehtimal olunduğundan daha mürəkkəb ola bilər və çox güman elədir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR