dini radikalizm və ekstremizmlə mübarizə

O HƏM PEŞƏKAR JURNALİST, HƏM DƏ YAXŞI İNSANDIR


Deyirlər, insan hər hansı vəzifəni daşıya bilər. Məmur da, fəhlə də ola bilər, yaxud müxtəlif peşə və sənət sahibi də... Amma bu heç də o demək deyildir ki, bu insanların hamısı yaxşı insanlar olurlar. İnsan böyüdükcə, cəmiyyətə uyğunlaşdıqca tədricən formalaşır və düşdüyü mühitdə ya yaxşı, ya da pis insan olaraq yetişir.
Klassiklərdən üzü bəri dahi şəxsiyyətlər insanlıq haqqında gözəl kəlamlar söyləmişlər. O kəlamlar zaman-zaman özünü doğruldaraq, bu günümüzdə də öz əhəmiyyətini itirməmişdir. Belə ki, haqlı olaraq qeyd ediblər: “Yer üzündə ən yüksək vəzifə insan olmaqdır” və yaxud “Hər bir insan digərinə bənzəməyən bir tarixçədir”. Bu haqda çox misal gətirmək olar. Bunları sadalamaqda məqsədim sizə bir insanın həm çalışdığı işində peşəkarlığından, bacarığından, eyni zamanda da yaxşı insan olmağından söz açmaq istəyimdir. Bu gözəl insan uzun illərin peşəkar jurnalisti Daşdəmir Əjdər oğlu Tağıyevdir.
Desəm ki, neçə illərdir Daşdəmir müəllimi tanıyıram, yalan olar. Ən maraqlısı budur ki, həmkar olduğum dəyərli jurnalist həm qonşum, həm ana tərəfdən yerlim olsa da, demək olar ki, bir-birimizi tanımamışıq. Sosial şəbəkələrdə ara-sıra müəyyən yazılara rəylər yazsaq da, ünsiyyətimiz yox idi. Təsadüfi bir görüşdən mən Daşdəmir müəllimi tanıdım və nə yaxşı ki tanıdım. Daşdəmir müəllimlə demək olar ki, artıq beş ilə yaxın bir müddətdir bir-birimizi tanıyırıq. Hətta “Azərbaycan” nəşriyyatında eyni mərtəbədə çalışırıq. Bu müddət ərzində artıq ailəvi olaraq aramızda bir-birimizə qarşı doğma bacı-qardaş qədər böyük hörmət, rəğbət yaranmışdır. Mətbuatdan da mən onu elə Daşdəmir Əjdəroğlu imzası ilə tanıyıram.
Qeyd etdiyim kimi, Daşdəmir Əjdəroğlu uzun illərin mətbuat işçisi olmaqla yanaşı, peşəkar jurnalistdir. O, əgər bir mövzu haqqında yazmaq fikrində olacaqsa, həmən mövzu ətrafında araşdırma aparacaq, işləyəcəyi mövzunun mətnini dəqiqliyi ilə öyrənib, sonra qələmini işə salacaqdır. Daşdəmir müəllim mövzuda şablon sözləri işlətməkdən qaçır. Çalışır, elə maraqlı sözlərlə yazısını zənginləşdirsin ki, oxucu darıxmadan yazını sona qədər oxumağa maraqlı olsun və bir cümlə, bir söz də olsa belə, onu yadında saxlaya bilsin. Hətta həmkarımın yazı üslübu o qədər maraqlı olur ki, bəzi sözlərini aforizm kimi də işlətmək olar. Daşdəmir müəllimin bir sözü vardır ki, onu tez-tez istifadə edir. O, həmişə, - mənim üçün insan Allahın yaratdıqları içərisində ən seçilmişlərdir, - deyir.
Daşdəmir müəllim qələminə, istedadına, savadına hörmət etdiyi və bəyəndiyi insanlar haqqında mətbuat səhifələrində mütəmadi yazılar dərc etdirir. O, tanıdığı insanların bəyəndiyi yazılarına rəy yazmaqdan zövq alır. İstedadlı insanlara xüsusi diqqət ayırır və dostluğunda olan hər kəsə həyatında baş verən hadisələrə uyğun rəylər bildirir. Daşdəmir müəllim, insanları bir-birindən ayırmağı, fərqləndirməyi sevmir. Lakin müəyyən təbəqə insanlar vardır ki, onların dərdinə, sevincinə şərik olur, ürəkdən sevinclərinə qoşulduğu kimi, qəlbən də dərdlərinə yanır. O bütün bunları heç bir qarşılıq ummadan məhz insanlıq xatirinə edir. Bir də deyir ki, əgər bir yazarın yazdığı əsər, gördüyü iş mənim könlümcə olarsa, mən də öz növbəmdə bir vətəndaş kimi ona rəy bildirməyi özümə borc hesab edirəm. Olduqca vətənpərvər olan həmkarım, hər zaman vicdanı öndə düşünən insanlardandır. Qəlbi uşaq qəlbi kimi saf, xasiyyəti sadə olduğu qədər də ciddi olan Daşdəmir Əjdəroğlu onu tanıyanlar tərərəfindən sevilən insandır. İşinə məsuliyyətlə yanaşan, bəzən növbəli işləyən, yorulsa da, dayanmaq bilmədən çalışan həmkarım sağlamlığını ikinci plana keçirir desəm yanılmaram.
Peşəsini sevdiyi qədər haqqı, ədaləti dəstəkləyən bu gözəl insan bəzən ona qarşı edilən haqsızlıqlardan da kənarda qalmır. Amma Allaha bağlı, inanclı insan olan Daşdəmir Əjdəroğlu olduqca səbrli, təmkinlidir. O, insanı yüksək dinləmə mədəniyyətinə malikdir.
Daşdəmir Əjdər oğlu Tağıyev İsmayıllının səfalı Basqal kəndində (artıq illərdir ki, qəsəbədir) doğulub, boya-başa çatmış və 1972-1982-ci illərdə Kamal Qasımov adına orta məktəbi də Basqalda bitirmişdir. Həmin il İsmayıllı Yerli İstehsal Kombinatının nəzdindəki 3 nömrəli Basqal toxuculuq sexində fəhləliyə başlayan Daşdəmir müəllim 1983-cü ildə əsgəri xidmətə gedənə kimi orada çalışıbdır. Əsgəri xidmətini 1983-1985-ci illərdə Moskva şəhərində başa vurduqdan sonra yenidən Basqaldakı 3 nömrəli toxuculuq sexində əmək fəaliyyətini davam etdirib. Oxumağa olan həvəsi bu dəyərli insanı 1986-cı ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə gətirib çıxarıb. Elə həmin ildə də İsmayıllı Rayon Komsomol Komitəsinin kəndlərində ilk dəfə yaradılmış “Kommunizm yolu” sovxoz komsomol komitəsinin katibi seçilib. Lakin 1990-cı ildə Azərbaycanda yaşanan “20 Yanvar” faciəsindən sonra o, həm tutduğu vəzifəsindən, həm də komsomol sıralarından istefa verib. Bu məlum hadisədən sonra Bakıya köçən Daşdəmir Əjdəroğlu müstəqil yaradıcılıqla məşğul olmağa başlayıb. Əmək fəaliyyətini o vaxtlar yeni işıq üzü görməyə başlamış “Ədalət” qəzetində məsul katib kimi davam etdirib və yanaşı olaraq bir neçə qəzetlə əməkdaşlıq edib, “Femida” və “Bozqurd” qəzetlərində də məsul katib vəzifələrində çalışıb. 1992-ci ildə ali təhsilini başa vuraraq “ Ədalət” qəzetində çalışmağa davam edib.
Daşdəmir Tağıyevin indiyədək 5 mindən çox publisistik məqalələri işıq üzü görüb. Təxminən 250-dən artıq qəzetin çıxmasına öz xeyir-duasını verib və onlarla əməkdaşlıq edib. O, 12-dən çox kitabın redaktorudur. 100-ə yaxın kitaba isə rəy və ön söz yazıbdır. “Xatirələrə sığmayan ömür”, “Yarımçıq qalan ömür” (Kifayət Cəfərova ilə birlikdə yazdığı) adlı kitabların müəllifidir.
Hal-hazırda isə Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan rəsmi dövlət - “Azərbaycan” qəzetində məsul katibin müavini vəzifəsində çalışmaqdadır. Mətbuat sahəsindəki əməyi və xidməti cənab Prezident İlham Əliyev tərəfindən dəyərləndirilib, ona 2013-cü ildə jurnalistlər üçün inşa edilmiş binadan mənzil hədiyyə olunubdur.
Müxtəlif ictimai qurumlar tərəfindən “Peşəkar jurnalist”, “Vicdanlı qələm”. “Qızıl qələm” mükafatlarına layiq görülüb.
Daşdəmir Əjdər oğlu Tağıyev doğulduğu Basqal qəsəbəsini dünyanın ən gözəl məkanı adlandırır. Söz düşəndə isə belə deyir: “Basqalın suyu cənnət suyudur, uca dağları, əsrarəngiz meşələri, bənzərsiz təbiəti cənnətin bir parçasıdır. Kim cənnəti görmək istəyirsə Basqala gəlsin”.
Daşdəmir müəllim peşəkar jurnalist olmağı ilə yanaşı, həm də, sözün həqiqi mənasında, yaxşı insandır. Millətinə, elinə, obasına, həmkarlarına, bir sözlə hər kəsə hörmətlə yanaşmağı bacarandır. O, mənalı həyatını jurnalistikaya, bu sahənin inkişafına həsr etməkdən xüsusi zövq alır. Daşdəmir müəllim yerini, danışığını bilən, böyüyə-kiçiyə hörmət qoyan, əsl Azərbaycan milli mentalitetinə söykənən dəyərlərlə yaşayan insandır. Bir sözlə, insana insan kimi dəyər verəndir. Valideynlərinə çox bağlı olan, onları itirdikdən sonra da hər zaman hörmətlə yad edən Daşdəmir Tağıyevin bəzən valideynlərindən söhbət açarkən, gözləri dolur. Bu insanın qəlbinin saflığı onun üzündə, gözlərində görünür.
Dəyərli həmkarım Allaha bağlı biridir. Deyirlər, əgər insan qəlbən Allaha bağlı olarsa, onun qəlbində insanlara mərhəmət hissi də güclü olur. Daşdəmir Əjdəroğlu da məhz belə insanlardandır. Mən həm öz adımdan, həm də redaksiyamız adından hörmətli Daşdəmir müəllim Əjdəroğluna həm həyatında, həm də işində uğurlar diləyirəm. Qoy onun daxili səmasında hər zaman günəş nur saçsın.
O HƏM PEŞƏKAR JURNALİST, HƏM DƏ YAXŞI İNSANDIR

Pərixanım MİKAYILQIZI,
“Elm və Təhsil” qəzetinin Baş redaktoru, AJB-nin
üzvü, şair-publisist, F.Köçərlinin tədqiqatçısı,
“Xarı Bülbül” medalı və bir çox mükafat laureatı


.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR