19 fevral 2026-cı il tarixində Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Vətən naminə canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “Şəhidlik zirvəsi” adlı anım tədbiri keçirilib. Tədbir, xüsusilə Birinci Qarabağ müharibəsinin şəhidi, 1966-1994-cü illərdə yaşamış Şabanov Oqtay Müslüm oğlunun və bütün şəhidlərimizin fədakarlığının gənc nəslə çatdırılması məqsədilə təşkil olunub.Tədbirdə dövlət rəsmiləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Salonda quraşdırılmış monitorda şəhid Oqtay Şabanovun həyat yolunu və döyüş şücaətini əks etdirən kadrlar nümayiş etdirilib.
Tədbirin ən təsirli məqamlarından biri Suraxanı Veteranlar Cəmiyyətinin sədri Eldar Rüstəmovun çıxışı olub. O, çıxışında şəhidlərimizin keçdiyi döyüş yolunun hər bir azərbaycanlı üçün qürur mənbəyi olduğunu vurğulayıb:
"Şəhidlik sıradan bir ölüm deyil, vətənə olan sonsuz sevginin ən ali təzahürüdür. Bizim mənəvi borcumuzdur ki, Oqtay Şabanov kimi qəhrəmanlarımızın adını yaşadaq və onların bizə əmanət etdiyi torpaqların qədrini bilək. Onların qanı hesabına qazanılan zəfər bu gün müstəqil Azərbaycanın təməlidir."
Tədbir iştirakçıları çıxışlarda dövlətimizin şəhid ailələrinə və müharibə veteranlarına göstərdiyi diqqət və qayğını yüksək qiymətləndiriblər. Qeyd olunub ki, şəhidlərin xatirəsi hər zaman uca tutulacaq və onların göstərdiyi qəhrəmanlıq nümunələri gələcək nəsillər üçün bir məktəb rolunu oynayacaq.
Oxunub: 0