dini radikalizm və ekstremizmlə mübarizə

Şuşa müqəddəs şəhərdir


2020 - ci il, sentyabın 27- si. Bu tarixdə Müzəffər Azərbaycan Ordusu, Ali Baş Komandanın əmri və xalqın dəstəyi ilə torpaqlarımızı erməni təcavüzündən xilas etmək üçün qalibiyyət yürüşünə, zəfər yürüşünə başladı. Azərbaycan xalqı daha səbr etmək, dözmək və ermənilərin torpaqlarımızın bir hissəsini murdarlayaraq orada qalmasını seyr etmək istəmirdi. Səbr etməyin də bir hədd- hüdudu var. 28 ildir ki, Azərbaycan cəmiyyəti erməni dığalarından heç bir şərt olmadan, dinc yolla birdəfəlik rədd olmalarını dəfələrlə tələb edirdi. Amma naxələf qonşularımız nəinki çıxıb getmək, yeni ərazilərə sahiblənmək kimi sərsəm iddialara düşüb müharibə hazırlığına başlayırdılar. Boş qafalarında ötən illərin havası qaldığından arzularının tezliklə reallaşacağına möhkəm əmin idilər. Belə olan halda silahlı qüvvələrimizin qəhrəman əsgər və zabitləri düşmənin arzusunu elə yerindəcə boğmaq üçün hərəkətə keçdi. Öz sözünü demək üçün hərb meydanına atıldı. Qələbə ilə bitən savaş 44 gün çəkdi. 28 il düşmən tapdağında olan torpaqlarımızda, xüsusən, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşada üçrəngli bayrağımız dalğalanmağa başladı. Ordumuzun cəbhədə göstərdiyi əfsanəvi qəhrəmanlığı dünya hərb tarixinin yeni səhifələrindən birinə çevrildi. Döyüş meydanlarında bir- birinin ardınca qazanılan tarixi qələbələr hər bir soydaşımız üçün hədsiz sevincə səbəb oldu və yaddaşlardan heç vaxt silinməyən xoş bir hadisəyə çevrildi.
Şuşa şəhəri azad olunduqdan sonra, əslən o bölgədən olan Adil kişini yenidən görmək arzusu ürəyimdən keçdi. Hal- əhval tutmaq və qələbə sevincini onunla bölüşmək istədim. Xeyli vaxt olardı ki, onunla rastlaşmırdım. Nə də həyətdə' besedka" da oturan görmürdüm. Düşünürdüm ki, havalar bir az soyuyub. Həm də dünyanı "ağuşuna" alan COVID- lə mübarizə şəraitində hamı kimi, o da sağlamlığını qorumaq üçün evdə qalmağa daha çox üstünlük verir. Adil kişidən söz düşmüşkən yenə bildirmək istəyirəm ki, o insan hər zaman mənim üçün maraqlı həmsöhbət olub. Xülasə, yataqxana sakinlərindən soraqlaşıb onun yaşadığı otağı tapa bildim. Hal- əhval tutduq. Məni içəri dəvət etdi. Ovqatı çox yüksək idi. Kişi ,sanki xeyli cavanlaşmışdı. Torpaqlarımızın, Şuşa şəhərinin azad olunması ilə bağlı gözaydınlığı verdim. Xeyli dərdləşdik. Həmişə olduğu kimi, söhbətimiz o qədər şirin və maraqlı keçdi ki, zamanın necə sürətlə ötdüyündən xəbərsiz idik. O danışdıqca gözlərinin dərinliyindəki sevinc hislərinin süzülərək sifətinə hopması aydın sezilirdi. Şuşa haqda danışarkən O mənə bunları dedi:
- Oğul bala, mən indi rahatam. Axır ki, arzuma çatdım. Şuşanı görmədən bu dünya ilə vidalaşmaq istəmirdim. İnana bilmirəm ki, dünyada Şuşa kimi ikinci cənnət bir yer ola. Mən o şəhərdə anadan olmuşam. Orada da böyümüşəm. O torpaqla bağlı çoxlu xatirələrim var. Düzdür, orta məktəbi yaxşı oxumamışam. Savad sarıdan bir az kasadam. Amma eşitdiyimə görə, qonşuların, düşmənlərin hər zaman bu şəhərdə gözü olub. Deyilənə görə, Ağa Məhəmməd Şah Qacar çoxminlik qoşunu ilə Şuşaya hücum edərək şəhəri 33 gün mühasirədə saxlayıb. Düzdür, sonrakı illərdə şəhəri ələ keçirsə də, elə oradaca öldürülüb. Son savaşda ermənilər də o aqibəti yaşadılar. Bunları söyləməkdə məqsədim odur ki, Şuşa müqəddəs şəhərdir. Kim o şəhərə pis niyyətlə, xain gözlə baxırsa talehi faciə ilə bitir. Bu günə qədər mənə qaranlıq qalan odur ki, 1992- ci ildə Şuşanı necə oldu ki, ermənilər asanlıqla ələ keçirə bildilər?! Axı şəhər çox yüksəklikdə yerləşir. Az sayda ordu ilə yüksəklikdə dayanıb şəhərin etibarlı müdafiəsini təşkil etmək olardı. Amma son savaşda əsgər və zabitlərimizin gözünə dönüm. Dığaların analarını yaxşıca ağlar qoydular. Şanlı Ordumuz onlara elə bir sarsıdıcı və ölümcül zərbə vurdu ki, çətin ki, bir də ayağa qalxıb torpaq iddiasına düşə bilsinlər. Allah bütüm şəhidlərimizə rəhmət eləsin. Onların da qisası alındı. İnşallah, qismət olsa, səni Şuşaya, evimə qonaq çağıracağam. Mən də "inşallah" deyib sağollaşarkən, Adil kişi yumruğunu yuxarı qaldırıb " Qarabağ- Azərbaycandır, Şuşa Azərbaycandır" dedi.

2020, noyabr.

Elxan ÇIRAXLI

Oxunub: 953
Oxşar xəbərlər
SON XƏBƏRLƏR