XEYİRLƏ ŞƏR SAVAŞIR
Hərb nədir, nədir bu hərb?
Nədir bu güclülərin
əzib keçmək həvəsi?
Zalımların əlində kəsiləcək idisə
zəiflərin nəfəsi..
hanı ədalət, hanı?
Hanı, ədalət, Tanrı?
Zalımların əlilə qan axır hər tərəfdən,
qan qoxur vətənimin yeri, suyu, havası..
Amerika, Rusiya, Fransa, İran, bir də...
saydıqca çoxalacaq əqrəb, ilan yuvası.
Neçə ordu qıcanıb bir ordumun üstünə,
neçə düşmən dayanıb bir oğlumun qəsdinə.
Çəkilib getməyincə o quldur dəstələri,
ya qana-qan deyəcək,
ya belə sızlayacaq şeirimin bəstələri.
Meşələrin, dağların sinələri dağlanıb...
Xəzərə bax, qan rəngi – üfüqü də bağlayıb.
Bir tərəfdə silahlı, qanlı savaşlar gedir,
Bir tərəfdə baronlar... var, amma gözə dəymir,
öndə günah keçisi qul-qaravaşlar gedir,
nə çoxdur ovçuların gündəlik əl tulası..
Bir tərəfdən can alır saxta virus bəlası...
Hərb nədir, nədir bu hərb?
Dilimizə dolandı savaş, şəhid və əsir,
Nə bəlalar gətirdi iyirmibirinci əsr...
Nə Yenidənqurmaydı... nə Sivilizasiya
Qan ağlayır türk eli, qan ağlayır Asiya...
Hanı inandığımız o haqq, hanı həqiqət,
Bizi bizə qırdırır ingilis, rus, fars adlı
lənətə gəlmiş illət.
Cürət olub vurhavur,
hünər olub söyhasöy,
Bu necə zamandır, oyy,
ölüm püskürür yer, göy.
Dünya...
görünüşündə necə gözəl görünür..-
Göyə, dənizə mavi,
qəlbə sevgi yaraşıq...
İnsana insan kimi həyat – yaşam yaraşır.
Bəs nə üçün hələ də
Xeyirlə Şər savaşır?!..
*DSX-nin qəzaya uğramış helikopter qəzasında Şəhid olan hərbçilərimizin ruhları şad, məqamları uca olsun.
BAYRAĞA BÜKÜLƏN ŞƏHİDİM GƏLİR
Əsir alır sanki gecə gündüzü,
Bayrağa bükülən şəhidim gəlir.
Açsın qapısını yenə göy üzü,
Bayrağa bükülən şəhidim gəlir.
Qızlar qərənfili hörüb bağlasın,
Quşlar qəmli ötsün, ürək dağlasın,
Şimşəklər hönkürsün, bulud ağlasın,
Bayrağa bükülən şəhidim gəlir.
Yaxası gül açıb- boyanıb qana,
Cənnətin yoları açılıb xana,
Bir igidim sığmaz iki cahana,
Bayrağa bükülən şəhidim gəlir.
Uca məqamına ləyaqətiylə,
Üstündə möhürlü şəfaətiylə,
Alnına yazılan şəhadətiylə,
Bayrağa bükülən şəhidim gəlir.
Zülmət qaranlığa açılan dandı,
Bir Zümrüd quşuydu, qanadı yandı.
Ya Qazi, ya Şəhid! – içmişdi andı,
Bayrağa bükülən şəhidim gəlir.
HƏYAT
Gətirə-gətirə gəldim,
özümlə nəfəs gətirdim –
İnsan nəfəsi...
səs gətirdim –
ağlamaq səsi...
Zülmətdən işığa çıxdım,
dünya adlı bir bəzəyə -
yaraşığa çıxdım.
Baxıb güldüm,
gülüb bildim...
bilib susdum,
susub böldüm -
ürəyimi neçə yerə..
İstədim küsəm,
baxdım ki, yox...
mən də bir süsəm -
bu dünyaya...
Getdim –döndüm,
sevdim – dondum,
yandım – söndüm..
qor oldu közüm,
kor oldu gözüm
görəmmədim
yaxşı ilə yamanı.
Dəyərləndirə bilmədim
Zamanı.
Şəhid Xudayar Yusifzadənin əziz xatirəsinə
Vətəni vətən eyləyən,
Sənin tək igid ərlərdi..
Sənin yerin zirvələrdi..
Sevgilindi vətən, torpaq,
Sevgilindi, ana və yar…
Ay Xudayar, can Xudayar.
Bu yolda kimsə əylənməz,
Gedəinin sayı söylənməz..
Hər oğul səntək bəylənməz,
Sevgilindi vətən, torpaq,
Sevgilindi, günəş, bahar,
Ay Xudayar, can Xudayar.
Zəngilanda səngər qurdun,
Xəyalında ulu yurdun,
Ən uca zirvədə durdun..
Sevgilindi vətən, torpaq,
Sevgilindi doğma diyar,
Ay Xudayar, can Xudayar.
Ağbənd Vətən naxışıdır,
O son.. şəhid baxışıdır..
Dedin ki “vətən yaxşıdır”…
Sevgilindi vətən, torpaq,
Səninkidir qürur, vüqar,
Ay Xudayar, can Xudayar.
İnsan dən tək səpilidir,
Ölüm olumun yelidir..
Dünya iki qapılıdır…
Sevgilindi vətən, torpaq,
Sevgilindi doğma diyar,
Ay Xudayar, can Xudayar.
Bilsəm ki sevirsən
Duram gələm sənə sarı,
Yoram yolunu, küçəni.
Bir ah çəkəm, bir of edəm,
Qovam gözündən gecəni.
Necə sevəsən demirəm,
Elə yanasan mən qədər.
Başqa heç nə istəmirəm,
Olasan sən də dərbədər.
Zalım həsrətin var gücü,
Çəkib səni də gətirə...
Canımı alan üzücü
Baxışın məni bitirə...
Baxıb üzümə lal kimi
Ağlayasan, gözün siləm.
Biləm ki sevirsən məni
Qayıdıb rahatca öləm.
Oxunub: 2 816