DÜNYADAN NƏ GÖZƏL BİR İNSAN KÖÇÜR...
Ata səbr, dözüm, əzəmət, vüqar,
Ata övlad üçün haqqın yoludur.
“Ata” kəlməsində böyük məna var,
Ata müqəddəsdir, ata uludur.
Tikməyə, qurmağa həvəsi olar,
Ata əkən güllər solmaz dünyada.
Dostun, sirdaşın da əvəzi olar,
Atanın əvəzi olmaz dünyada.
Ata bu həyatın mənası, dadı,
Ata keşikçidir ata yurduna.
Ən uca heykəli, ən böyük adı
Övlad ürəyində ucaldar ona.
Bu sətirləri əlim titrəyə-titrəyə yazıram. Hələ də qulaqlarımda səslənən o sözün təsirindən çıxa bilmirəm: “Miryavər müəllim keçindı”. Əvvəlcə böyük bacımın, sonra da Basqalda istirahət edən dostum Səfər Ələkbərovun həyəcanlı duruşları gözlərim önündən, titrəyişli səsləri qulaqlarımdan getmir. Böyük oğlu Hacı İlqar Hüseynzadəyə zəng edirəm. Mobildə onun da həyəcanlı səsini eşidirəm, deyirəm kaş yalan olaydı bu xəbər. O da bu xəbəri təsdiqləyəndən sonda özümə yer tapa bilmirəm. İlahi, 83 illik dostu Əjdərin ilinə sanılı günlər qaldığı bir ərəfədə bu nə bəd xəbərdir eşidirəm... Eyvana çıxıb o ki var ağlayıram... Tez əl-üzümü yuyub öz otağıma çəkilirəm ki, səhhəti zəif olan bacım görməsin. Amma gözlərimin, özümün mimikasından hiss edir ki, kövrəlmişəm...
Bilmirəm nədəndir, bir neçə ildir yaşlı insanların bu dünyanı tərk etmələri mənə çox pis təsir edir. Ötən il atamın vəfatından sonra Miryavər müəllimgildə olmuşdum, mənə xeyli təsəlli vermiş, uşaqlıq, gənclik dövrlərinin macəralarından, sərgüzəştlərindən danışmış, hətta müalicə üçün dəfələrlə Ukraynanın Truskavets, Xarkov, Donetsk, Sankt-Peterburq, Moskva şəhərlərinə etdikləri səyahətin incə, şirin məqamlarını həvəslə xırdalayır, maraqlı hadisələrdən söz açırdı. Dünənədək indiki zamanda yazdığım ifadələri artıq keçmiş zamana yönəldirəm. Bəs indi mənə kim təsəlli verəcək, ovunduracaq görən?!.
Uşaq vaxtı elə fikirləşirdik ki, müəllim çörək yemir, su içmir, yatmır, hətta ölmür... Amma az keçdi, gördük və dərk etdik ki, müəllim yeyir də, su içir də, yatır da, hətta ölür də... Miryavər müəllim də bizi tərk etdi, öz axirətinə qovuşmaq üçün...
İnanın səmimiyyətimə, əlim kompüterin klaviaturasında güclə hərəkət edir, sözümün ardını gətirə bilmirəm...
... Son bir neçə həftədə eşitmişdim ki, əmimiz səhhəti ilə bağlı əziyyət çəkir. Buna görə gah böyük oğlu Hacı İlqardan, son dəqiqəyədək yanından əl çəkməyən, hətta yeməyin, içməyin, yuxunun nə olduğunu bilməyən kiçik oğlu Zəfərdən, Basqalda yaşayan qızı Rayihədən – hansısa birindən xəbər tutmasaydım, rahatlıq tapa bilməzdim. Bircə bu gün, yəni bu sətirləri yazan günü xəbər tutmamışdım, qərara gəlmişdim ki, Miryavər müəllimin 3 gün əvvəl rəhmətə getmiş bacısı oğlu Mahirin yas yerinə baş çəkim, gələndən sonra zəng edib xəbər tutaram, o da ki belə...
*
... gəlimli-gedimli dünyamızda bir Miryavər adlı seyidimiz var idi. Nəhəng və əzəmətli, qol-qanadlı palıd ağacına bənzəyirdi. Bu ağacın kölgəsinə təkcə ailəsi, ömür-gün yoldaşı, çox istədiyi övladları yox, onu tanıyanlar sığınırdılar. Bu ağacın budaqları xeyirxah işlərə, xoş əməllərə doğru uzanır, insanları qurub-yaratmağa səsləyir, Vətənin hər qarışını, insanları can kimi sevməyə həvəsləndirirdi...
... gəlimli-gedimli dünyamızda bir Miryavər adlı seyidimiz var idi. Kitablara sığmayan maraqlı və faydalı bir ömür yaşamışdı. Onun ömrünün hər anı laylalar qədər şirin, bayatılar qədər kövrək idi. Bu ömür tarixçəsini vərələyənlər, onun xarakterik cizgiləri ilə tanış olanlar daxilən, mənən zənginləşir, kamilliyə can atır, haqqa doğru üz tutur, nurlu və vüqarlı insan kimi yaşamağa can atırlar...
... gəlimli-gedimli dünyamızda bir Miryavər adlı seyidimiz var idi. Sadə və zəhmətkeş insanları sevir, elin-obasının qayğısına qalır, sədaqətli və etibarlı KİŞİ kimi tanınırdı, mərd və cəsur, qorxmaz idi. Vaxtilə İsmayıllı rayonunun bir çox kəndində, eləcə də şəhərin mərkəzində dərs demiş, təhsilimizə, maarifimizə öz sanballı töhfələrini vermişdi. Bu gün həyatda olub yaşayan Basqalın övladları, içi mən qarışıq, hamı Miryavər müəllimə bugünkü həyata, ictimai dairədə tutduğu mövqeyə görə borcludur...
... gəlimli-gedimli dünyamızda bir Miryavər adlı seyidimiz var idi. Ölümüylə ölümün özünə qələbə çaldı, ölümüylə ölümsüzlüyə qovuşdu. Vaxtilə gördüyü işlər, nəcib əməlləri bir anlığa gözlərimiz önünə gəldi, dünənədək yaşanılan tarixin səhifələrində yaşamağa başladı...
Vergili insan kimi yadımızda qalıb Miryavər müəllim. Bu, ona Allahdan verilmişdi. Ulu Yaradanın nəzəri onun üstündə olmuş və o da Allahın nəzərini həmişə öz üzərində hiss eləmişdi. Bütün saflıq və təmizlik qəlbinə hakim kəsilmişdi. Onunla görüşə gedənlərin, ondan imdad diləyənlərin gözlərindən sevinc, üzlərindən nur əskik olmazdı. Hansısa İlahi bir qüvvənin təsirindən onunla kəlmə kəsənlərin həyatında ciddi dönüş yaranırdı. Onun qəlbinə dəymək olmazdı. Əgər onun qəlbinə dəyən olsaydı, hökmən bunun əzabını çəkməli olardı. Çünki bu sıradan olan insanları incitmək Allahı incitməyə bərabər tutulur.
Belə insanların dünya malında gözləri olmur. Onlar qəlblərindəki ilahi qüvvəyə güvənərək haqq yolu ilə addımlayırlar. Haqq yolu ilə addımlayan bu cür adamların duaları Allaha tez yetişir. Allah da dərdlilərə əlacı belə adamların vasitəsilə verir.
Miryavər müəllim həyatı boyu ancaq insanların köməyinə çatıb, onların dərdlərinə, yaralarına məlhəm olmağa can atıb, elə buna görə də onu deyib gələnlərin təşəkkürlərini eşidib, sağlığında ikən əbədi rəhmət qazanıb. Dilində və qəlbində heç zaman bəd dua səslənməyib.
*
İnsan ömrü çiçək üzərindəki şeh damlasını xatırladır, günəş çıxan kimi yuvarlanıb yox olur, əcəlin gəlməsi ilə ruhlar aləminə qovuşur. Müdriklər haqlı olaraq deyirlər ki, doğumdan və ölümdən qaçmaq olmaz, bizə bu iki labüdlük arasındakı vaxtı yaxşı keçirmək qalır. ALLAH-TƏALANIN DOĞUM VƏ ÖLÜM ARASINDA VERDİYİ ÖMRÜ GƏRƏK ELƏ YAŞAYASAN Kİ, BU DÜNYADA OLMAYANDA DA XATIRLANASAN, XATİRƏYƏ ÇEVRİLƏSƏN. XATİRƏYƏ ÇEVRİLMƏK ÜÇÜN ÖLMƏK HƏLƏ BƏS ELƏMİR (Z.Yaqub). Gərək ürəyində kibritdən yox, haqqdan yanan çıraq ola. Sənə bəxş olunan ömür payını şərəflə, ləyaqətlə yaşayasan, yüksək əxlaq və fəzilət sahibi kimi insanlara və İnsanlığa nümunə olasan. Xeyirxahlığın, mərhəmətin, sədaqətin, məhəbbətin, sadəliyin, səmimiyyətin, geniş erudisiyan, intellektual səviyyən və cəmiyyət üçün dəyərliliyin ilə seçiləsən. Əməli-saleh, vicdanı təmiz, halal adam olasan. Ağac əkəsən, bağ salasan ki, insanlar meyvəsindən bəhrələnə, kölgəsində dincələ. Əlindən xəta, dilindən səhv söz çıxmaya, əliaçıq, süfrəsi açıq, qapısı açıq olasan, cəmiyyət üçün layiqli işlərin olsun. Kitablar yazasan ki, sən bu dünyada olmayanda da oxuna, insanların əqlinə və ruhuna qida verə. Vaxt gəlib tamam olanda, dünyanı dəyişəndə səni tanıyanlar söyləyə: “Dünyadan nə gözəl bir insan köçür”. Məhəmməd Peyğəmbər (s.a.v.) buyururdu ki, ömrünü elmə sərf edən insan heç vaxt ölmür! Alimlər cismən ölsələr də, ruhən ölmürlər, qələmə aldıqları dəyərli elmi əsərlərdə yaşayır, hər zaman oxunulur və beləliklə də yaddaşlara əbədi həkk olunurlar.
*
Bu sətirləri necə yazıram, heç özüm də bilmirəm. Hələlik bu yerdə nekroloquma son qoyuram.
Yerin çox, lap çox görünəcək, hörmətli və sevimli əmim!...
Allah Miryavər müəllimə rəhmət eləsin! Yeri behişt olsun. Amin!
Daşdəmir ƏJDƏROĞLU
Oxunub: 2 665