MƏNİ SƏN EŞQ ADLI KƏFƏNƏ BÜKDÜN
Özün də bilmədən bir baxışınla,
Məni sən eşq adlı ''kəfən''ə bükdün.
Döndün ''Əzrayıla'' sən həmin gündən,
Gecə yuxuda da sinəmə çökdün.
...
Zənn etdim dağ olan dərdim azala,
Bir ömür  yatmayıb mən bala -bala,
Sevgi kərpicindən  qurmuşdum qala,
Sən onu bir anda  sındırıb tökdün.
...
Dadmadım  sevinci mən heç bir udum,
O vaxtdan dalımca möhnət sürüdüm,
Nə kəfən saraldı, nə mən çürüdüm.
Sonda ilmə- ilmə sən özün sökdün.
...
Gəl  özün əfv dilə öz Allahından,
Hər naşı qaçammaz Onun ahından,
Yalvar,  bəlkə keçdi, O günahından,
Onsuz da İdrisə sən artıq yükdün.
ZALIM OĞLU
Gözüm varkən,  yum gözünü, görmə dedin həqiqəti,
Əyil dedin, Allaha yox  daşa eylə itaəti.
Mən şərəfli ölüm gəzdim, rədd elədim bu niyyəti,
Utanmadın.....  hər cür zülüm verdin mənə, zalım oğlu.
.....
Zülmə qarşı gücüm yoxdu, Allahım var baş üstədir,
İbadətim  tək ONAdır,  nə heykələ, nə büstədir. 
Yaradana  inanan çox, inanmayan  bir dəstədir.
Sən də həmən dəstədəsən, qayıt dinə, zalım oğlu.
.....
Yüz tikən var,  bir tikəsi olandadı gözün hələ,
Dilənirsən dilənçitək  utanmayır üzün hələ,
Arsız- arsız danışırsan tükənməyir sözün hələ?
Bütün dünya sənə gülür  sən də mənə, zalım oğlu.
Zaman qurar tərəzisin  xeyir ilə şər görüşər,
Savabların lal dayanar,  günahların  ''cükküldəşər'',
Xəcalətdən  al qan olan yanağından tər sürüşər,
Dözəmməzsən, nifrət edər ruh bədənə, zalım oğlu .   
İdrisəm,  bil,  Xaliq deyən haqq hardadı,  mən ordayam,
Arzularım  bir ümmandır,  sahili yox, ortadayam,
Nə qədər ki, bütöv deyil  bu məmləkət, ah- zardayam,
Səndə zərrə məhəbbət yox bu Vətənə,  zalım oğlu.
İbris Babayev
Oxunub: 1 621