
DƏNİZLƏ SÖHBƏT
Dan yeri sökülür, Günəş boylanir,
Dalğalar çırpınır sahilə sarı.
Dənizin qoynuna qayıdır yenə
Yuyur sahildəki qızıl qumları
Rəqs edir səmada şən qağayılar,
Hərdən ləpələrn öpüb üzündən.
Uzaqdan buludlar əl edir mənə,
Qoparır təbiət məni özümdən.
Gəldim, dərdlərimi bölüm dənizlə,
Söylədim, dinlədi, çağladı dəniz.
Bir az da dayandı, gözləri doldu,
 Elə bil dərdimə ağladı dəniz.
Dərdimi sirr kimi alıb qoynuna,
Dalğalar çırpınıb  əl etdi mənə.
Mən də pıçıldadım:"Sağ ol əzizim
Getdim, qismət olsa gələrəm yenə."
CƏSUR ƏSGƏR
Vətənin mərd oğlusan,
Ey cəsur əsgərimiz!
Sizinlə fəxr edirik,
Hər zaman, hər yerdə biz! 
... Güvənib öz orduna.
Güvənib oğullara...
Girdin qanlı meydana... 
Döyüşdə aldın yara.
... Siz verdiniz azadlıq,
Dədə-baba torpağa...
Şərəfimiz bayrağı
Sancdınız  Qarabağa!
...Bəzəyibdir sinəni
 Qalib medallar qoşa.
Üzü ağ qayıtmısan,
Alqış sənə min yaşa!
Layiqsən qazi kimi
Hər şərəfə, hər sana.
Qeyrətli oğul oldun
Anan Azərbaycana!
İRƏLİ
Bir nifrət, bir qisas vardı
                             üzündə,
Kabusa çevrildi  düşmən
                              gözündə.
Sarıldı Vətənə:doğma
                              canına, 
"Yaman susamışdı düşmən
                             qanına." 
Dan yeri qızardı,
                          qan rəngi aldı,
Düşmənə mərdliklə
                          o zəfər çaldı... 
Bir gecədə üç yüksəklik
                          alındı...
Düşmənin bağrına odlar
                           salındı...
Günəş dan yerindən
                           yaydı xəbəri.
O da salamladı igid
                            əsgəri.
Əl atıb telfona məruzə
                               etdi...
Dedi: "Əməliyyat
                            uğurla bitdi!"
... Aman, bir andaca
                          hədəfə döndü,
  İgid Rüfətimin
                       həyatı söndü... 
 Son sözü bu oldu:
                         "Dostlar irəli"
....Ölüm qorxutmadı
                       bu igidləri...
...Vətən yaşadacaq,
                         öz sinəsində 
Ona ömür verən can 
                            Şəhidləri!
Dostlar bu şeiri Rafail Gəncəli məndən icazə istədi ki, keçmiş həyat  yoldaşıma göndərim şeiri götürüb məni də blok edib səbəbi bəllidi.
NECƏSƏN
Qədrimi bilmədin mənim,
Açılmır dumanım, çənim, 
Səbəbsiz məndən küsənim
Məni üzənim necəsən?
Tale yoluma qəm düzür,
Kədər gözlərini süzür,
Yoxluğun canımı üzür,
Məndən küsənim  necəsən?
Xəbərsizsən bu halımdan,
Salamsız keçdin yanımdan,
Can ayrıldı, hey canımdan,
Bu gün, dünənim necəsən?
Son baharam qəlbim ayaz,
Mərhəmət et, düşün bir az.
Sevən ürək zalım olmaz,
Sünbül, süsənim necəsən?
Bir qaranlıq gecəyəm mən,
İncədən də incəyəm mən,
Heç bilmirsən necəyəm  mən.
Mehtək əsənim necəsən? 
Kədər tutub məni əsir,
Ürəyim  titəyir, əsir
Səni görməyə tələsir,
Saçımda dənim, necəsən.
Dağda bitər lalə, nərgiz,
Darıxmayım, necə sənsiz? 
Yetim qalıb saf sevgimiz,
Ay ömrüm-günüm,necəsən?