Ana
Ana! Kİmdi bu şəxs?-Böyük bir varlıq!
Yaradan, yaşadan, ikinci tanrım!
Ana deyiləndə bəzən, bir anlıq,
Uzağı seyr edir mənim xəyalım!
***
Allahdan sonradır ananın adı,
Analar anadır, heç olmaz yadı,
Çətinə düşəndə edər fəryadı,
Balanı candan çox sevəndir ana,
Qəlbi ağlasa da güləndi ana.
***
Deyirəm verilsə əgər ixtiyar,
Anamçün mən nələr edərdim xəyal?
Ölməzlik şərbətin içirib ona,
Qoymazdım ömrünü yetirə sona.
***
Susar, övladına naxələf deməz,
Siması gülsə də ürəyi gülməz.
Övladı yedirər, özləri yeməz,
Dərd yeyib, qəm içib doyandır ana,
Dünya bir yanadır, ana bir yana.
***
Yeddi not üstündə min mahnı olsa,
Dünyanı minlərlə mələk qorusa,
Kitablar yaransa, şeir yazılsa,
Çatmaz anamızın bir laylasına,
Laylana qurbanam ey əziz ana.
***
Nə qədər yazsaq da bitməz sevgisi,
Laylada gözəldi anamın səsi,
Şirindi tənbehi, həm də tənəsi,
Baxanda qısqanır göldə sonalar,
Əvəzsiz qadındı gözəl analar.
***
Əbədi ad qoyub həyatda ana,
Müqəddəs dedilər adının üstə.
Vətənlə çəkilir adı yan-yana,
Əyilən baş qoyur əlinin üstə.
***
Tükənmir bir ömür etsəm də tərif,
Çata bilmərik biz ona yüksəlib,
Ucalmaq istəsən ancaq əyilib,
Önündə diz çokək gərk a dostlar!
Tərifə layiqdir əziz analar!
GÜLPƏRİ
Vüqarlı dağ kimi ,qürurun böyük,
Vətənin mübariz ,qəhrəman qızı!
Sanki çiynindədir vətən boyda yük,
Ey ana yurdumun füsnükar yazı.
Qəlbində qış yaşar,simanda bahar,
Gözündən duyular vətən sevdası.
Nə qədər yetməmiş arzuların var?
Döyüşdən-döyüşə olmusan Qazi.
Oğul tək vuruşdun Qarabağımda,
Düşmənlə üz-üzə gəldin ,dönmədin!
Elə qurban oldun cavan çağında,
Canını vətəndən üstün bilmədin.
Düşmənə qəzəbli, dosta mehriban,
Hər kəsə xoş gəlir gülər üz siman,
Səngərdə döyüşdün oldun qəhrəman
Sinəni bəzəyir orden medallar,
Bunun öz fərəyi, öz qüruru var.
Gülpəri!Tarixə yazdın bu adı,
Döyüşdə məhf etdin düşməni yadı,
Müqəddəs Bayrağı ,ana torpağı,
Candan artıq sevib olmusan örnək.
Danış!Qəhrəmanlıq dərsin öyrənək.
Gülpəri! məkandır qəlblərdə bu ad,
Qarabağ -yurd eşqi ürəyindədir.
Tərənnüm eylədi Nurani Gülşad,
Hələ döyüş güçü biləyindədir.
ALLAH
Günəşli dünyanı çox görmə bizə,
Cəhənnəm atəşin uzaq et Allah!
Acı göz yaşını taleyimizə,
Bəxş etmə,bizlərə yasaq et,Allah!
Vermə bu dünyanı kafir əlinə,
Hər şeyə qadirsən uca Yaradan!
Cahillər düşməsin nadan felinə,
Açızik! Özün seç ağı -qaradan!
Neçə günahsızı qurban etdilər,
Ölüm mələyini günahkar bilib.
Dünyanı sürüyüb məhvə getdilər,
Özlərin aləmdə sahibkar bilib.
Daha bilmirlər ki,bu kainatın,
Sahibi, Yaradan ,Yaşadan sənsən!
Dünyanı xəlq edən böyük xilqətin,
Bütün aləmlərin ürəyindəsən.
Haqqı nahaqlara qurban edirlər.
Qoyma məhf olmağa haqq-ədaləti!
Sənin hikmətinə bil ,zidd gedirlər,
Qırıb talayırlar məzlum milləti.
Amansız müharbə,kütləvi qırğın,
Qəsdlə törədilən qorxulu yanğın,
Təziqlə yaranan sellər və daşğın,
Təbii fəlakət deyib kafirlər,
Sənin etdiyini xəbər verirlər.
Axı sən deyilsən bunları edən,
Niyə göz yumursan açı dəhşətə ?
Qorxuram! Dünyaya "Mənimdir!"deyən,
Getdikcə salacaq bil, məşəqqətə.
Qoyma qiyaməti onlar yaratsın!
Sənin varlığına qarşı duraraq.
Bu dünya qəlbindən qorxunu atsın,
Nadanlar yox olsun qoy sovrularaq.
Sən uca Yaradan,Sən uca varlıq!
Bizləri tərk etmə, Allah bir anlıq!
Məni bu dünyada eylə qurbanlıq!
Xalqımın yolunda niyaz et məni,
Nə olar,xilas et bəşəriyyəti!
Azərbaycan ordusu
Baxıb fəxr edirəm mərd ordumuza,
Deyirəm xalqımın dayağıdır o.
Can fəda edərək şən yurdumuza,
yüksəkdə yellənən bayrağıdır o.
***
Hərbi and içərək qürur hissilə,
Şərəfli yol keçir azad ordumuz.
Odlar ölkəsinin od nəfəsilə,
Zəfər yürüşüdür bizim yolumuz.
***
Vətənin görkəmli sərkərdələri,
Hərbi xidmət edir ürəklə indi.
Xalqın rifahını uca tutaraq,
Milli dirçəlişi yaşadır indi.
***
Qəlbi mədfənidir incə hislərin,
Ancaq iradəsi dəmir, poladdır.
Qazanıb xalqının eşq məhəbbətin,
And içib and pozmaq orduma yaddır.
Məzar daşını da sən tək sevirəm
Üç iyul! Nələri xatırlayıram?
Ən böyük təbriki kim idi verən?
O gün yaxınlaşır, günü sayıram,
Yenə də gələrmi o təbrik deyən?
Ad günüm olanda ilk təbrik ondan ,
Öpərdi bağrına basaraq candan.
Söylərdi "Bir ayda doğulmuşuq biz,
Onunçün eynidir ürəklərimiz.
Daha qeyd etmirəm ,onsuz bu günü,
Nahidlə dəfn oldu arzu muradım.
Vətənə bəxş edib cavan ömrünü,
Məzara həkk etdi, mən onsuz qaldım.
Gələrmi o anlar?Yoxsa ki, yenə,
Xəyallar içində görüşəcəyik?
Dönərmi zamanlar?Yoxsa qəlbinə,
Dağ vurub röyada öpüşəcəyik?
Həsrətəm ay oğul baxışlarına,
Kaş səni bir daha görə biləydim.
Büründüm daima duyğularına,
Realda gözündən öpə biləydim.
Gülər üz simanı görəydim oğulum,
Ən böyük hədiyyəm bu olar mənə
Bir gün düşəcəkdir yoluna-yolum,
Ömrümü verəcəm sənə hədiyyə.
Məzarın üstünə təbrikə gəldim,
Məkanın cənnətdir bunu bilirəm.
Səninlə dəfn oldu ürəyim ,qəlbim,
Məzar daşını da sən tək sevirəm.
Hər gün düşünərək duyğularını,
Daim yaşadıram Nahid adını.
Şəkillərdə gülən qadın
Şəkillərdə gülən ,gülər üz qadın,
Söylə görək sən kimi aldadırsan?
Gülərək gizlətdin qəlbinin odun,
Bilmirik hicrandan sən çaqlayırsan?
Qəlbində gizlənib ayrılıq,həsrət.,
Sən də bir qadınsan sevilmək haqqın..
Allah çoxmu gördü ülvi məhəbbət?
Gənc ikən məhf oldu arzu, muradın.
İtirdin ailəndə iki doğmanı..
Məzara qərq etdin döqma balanı.
Ömür gün yoldaşın bir söylə hanı?
Tərk etdi ,tək qoyub sənı,dünyanı .
Sevirdi o səni, canından da çox,
Dözmədi cəkdiyin dərdinə sənin.
Tək bala dərdindən o almadı ox
Məhf etdi dərd çəkən qəmli gözlərin .
Sönmədin!Dönmədin !Mübariz oldun!
Qürurun sınmadı ,üzdə barışdın.
Xəlvəti təklikdə bulud tək döldun,
Xalqınçün vətənçün daim çalışdın .
Şəkildə gülənim ,nüfuzun böyük..
Gözündən görünür qəlbindəki yük.
Bir canda yaşatdın sən iki həyat.
Sonacan bu adı sən daşı ,yaşat!
Qəlblərə həkk etdin, sevdirdin adı.
Almaz İlahə tək məkanin ürək.
Ucalıb məhf etdin düşməni,yadı,
Sənə yaşatsada dərd ,zalım fələk .
Sən xalqın övladı ,haqqın özüsən.
Əməlin salehdir, başınsa uca.
Vətəni,xalqını can tək sevirsən
Almaz İlahə tək daima yaşa!
Oxunub: 3 788