Doğma adamlar haqqında danışmaq, söz açmaq, təmtəraqlı ifadələr işlətmək, onların özlərinə layiq fikir və mülahizələr yürütmək nə qədər asandırsa, onlar haqqında nəsə yazmaq bir o qədər çətindir. Məndə isə əksinədir. Hazırlaşıram ki, hansısa dostum haqqında söz deyim, amma məclisə çatanda özümü tamam itirirəm, demək istədiyim fikirlər yadımdan çıxır, amma o dəmdə İlahi Yaradanımız kömək olur, bədahətən söz demək üçün beynimdə ondan da yaxşı fikirlər yaranır və özümü çətin vəziyyətdən qurtara bilirəm, necə deyərlər, çulumu sudan çıxartmağı bacarıram. Hə, onu deyirəm axı, mənimçün yazmaq danışmaqdan daha asandır. Çünki yazı prosesinin dili yaradıcı insanın ruhuyla bağlıdır. O ruhu danışdırmaq isə həmin adamdan böyük güc, ovqat və iradə tələb edir. Bu gücü, bu ovqatı, bu iradəni isə həmişə əldə etmək olmur.
Bir neçə dəfə həyatımda, yaradıcılıq boyu, sözün əsl mənasında, yazı yazmaqda çətinlik çəkmişəm. İndi də o vəziyyətdəyəm. Yox, elə düşünməyin ki, əhvalım və ya ruhu ovqatım buna imkan vermir. Əksinə, həm əhvalım, həm də ruhi ovqatım yaxşıdır, Novruz bayramının bizə verdiyi bu tətil günlərində azacıq olsa da, istirahət etmişəm (Haqqında söz açdığım qəhrəmanım bu günlərdə mənə demişdi ki, ilboyu gərgin işləyirsən, indi fürsətdir ki, yaxşı dincələsən. Mən də onun tövsiyyə və məsləhətlərinə qulaq asdığım, dəyər verdiyim üçün çalışdım ki, Novruzdan sonra heç olmasa bu ovqat bir davam etsin). Bu təbrik yazısı mənim hiss və düşüncələrimin ən gizlin, ən susqun və sükunət halında olan məqamlarına aiddir. Bu məqamların ortaya çıxmasından, aşkarlanmasından ehtiyat edirəm... Ona görə qorxuram ki, bu məqamları bilsələr, sirr çözülər və bu sirrin sehri itər. Bu sirrin və sehrin səbəbkarı isə, daha doğrusu, yaradıcılığını sosial şəbəkə vasitəsilə izlədiyim və sehirləndiyim, bu sirri, sehri məqamlarında açmağa çalışdığım gözəl insan, dəyərli ziyalı, ən əsası da mənim üçün bir mayaq olan Tahir Nağı oğlu Rəcəbovdur.
Onun haqqında ilk qənaətim söz adamı kimi həssaslığı və kövrəkliyi ilə bağlıdır. Həmişə müşahidəm məni öz fikrimin təsdiqinə aparır. Yazı masasının arxasında o, işinin ustadı kimi çox ciddi və haradasa sa qaradinməz görünür. Baxışlarında həmişə bir istiqaməti dəqiq oxumuşam: “Heç bir maneə qəbul olunmur və bağışlanılmır”. Ona görə də onunla söhbət eləməyə onu tanııdığım vaxtlardan ehtiyat eləmişəm. Səsimin tonunu qaldırmadan belə onunla yaxşı dialoqlar və mükalimələr qurmuşam. Tahir tanış olduğum, xətrini istədiyim 2-3 dostdan biridir ki, onunla danışanda ruhum dincəlir, həm də haradasa ehtiyat edirəm, necə deyərlər, suyu püləyə-püləyə içirəm.
Bir yaradıcı insan kimi Tahir Rəcəbov bütün varlığı ilə millidir. Onun hər bir sözündə, misrasında, sətirində milli ruh görünür. Tahirin poetik yaradıcılığında maraqlə məqamlar çoxdur. İndiyədək oxuduğum şeirlərinin əksəriyyətində dağların əzəmətini görmüşəm, çayların səsini, quşların nəğməsini eşitmişəm. O, təpədən-dırnağa Vəgtən adamıdır, el adamıdır, yurd adamıdır. Hər bir misrasında doğmalığı, sevgini, xatirələri görmək olar.
Qurban olum Vətənimin torpağına, daşına mən,
Gül ətirli baharına, qar qoxulu qışına mən.
Başım üstə dövrə vurub o qıy çəkən qartalına,
Yurd yerini tərk etməyən sərçəsinə, quşuna mən.
Və yaxud orta məktəb illərində yazdığı şeirdən bir nümunə:
MƏNİM YURDUM
Tarixlərdə silinməz
Şöhrəti var yurdumun.
Yenilməz əzmi, gücü
Qüdrəti var yurdumun.
Bol məhsullu bağları
Başı qarlı dağları
Yamyaşıl yaylaqları
Neməti var yurdumun.
Bütün ölkələr bilir
Arzular, diləklər bir.
Dil ayrı, ürəklər bir
Milləti var yurdumun.
Maraqlı pritçaları Facebookda paylaşan Tahir Rəcəbovun özünün də yaddaqalan, diqqəti çəkən deyimləri var:
Bir ağac bir meşənin başlanğıcı ola bilər.
Bir quş, baharın müjdəçisi ola bilər.
Bir gülümsəmə bir dostluğu başlada bilər.
Bir qucaqlaşma əhvalımızı yüksəldə bilər
Bir ulduz, dənizdə bir gəmiyə yön göstərə bilər.
Bir tək söz, böyük bir idealı izah edə bilər.
Bir zərrə günəş işığı, bir otağı işıqlandıra bilər.
Bir şam, qaranlığı yırta bilər.
Bir gülüş, hüznü fəth edə bilər.
Bir addım, uzun bir səfəri başlada bilər.
Bir dua, bir sözlə başlar.
Bir səs, müdrikliklə danışa bilər.
Bir ürək həqiqət olanı anlaya bilər.
Bir həyat çox şeyi dəyişdirə bilər.
Göründyü kimi. hər şey özümüzə bağlı..
Nə qədər əhəmiyyətli olduğumuzu heç vaxt unutmayaq!
Mən bu yazıda onun yaradıcılığını təhlil etmək fikrində deyiləm.
Tahir Rəcəbov mənim üçün Vətən kimi doğmadır, Yaradanımız kimi müqəddəsdir. Çünki əməlisalehdir, təmiz və pakdır, həlim xasiyyətlidir, səmimi və mehribandır, zəmanənin məşəqqətlərindən nə qədər cana doysa da, yenə bu həyatı sevir, çətinliklərdən bezsə də, yenə hər zaman öz səbri, təmkini ilə bu çətinliklərə təkbaşına, mərdi-mərdanə qalib gəlib.
Əvvəllər də onu tanıyırdım, amma son zamanlar daha yaxından tanımağa başlamışam. Yəni mən onu bir yerli, dost kimi yox, bir dəyərli yazar, sərraf söz adamı kimi də tanımağa başlamışam. Bu kəşfiyyat işini bir yazıda açmaq yetərli deyil, bunula qurtarmıram. Öz axtarışlarımda yenidən yazmaq üçün əlverişli qaynaqlar tapmağa çalışacağam. Sağlıq olsun, onun qarşıdakı 70 illik yubileyində tam olaraq bu sirri açmağa səy göstərəcəyəm.
İndi isə Tahir qardaşıma onun dostları, yaxınları, salam-əleyk deyənləri adından təbrik edirəm. Mövlud günün mübarək Vətən kimi doğma insan, Allah kimi müqəddəs saydığım qələm əhli...
Daşdəmir ƏJDƏROĞLU,