YIRTILIB ƏDALƏT QAZANI İNDİ
Necə yazdın, Tanrım, alın yazımı,
Alnımın qırışın qələm cızmadı.
Döndərdin şaxtalı qışa yazımı,
Eynim açılmadı, qəlbim qızmadı.
...
Ömür yolum kələ- kötür dağ yolu,
Vahiməli dərələrdir sağ, solu,
Zamanla yol getdim boynumda qolu,
Dedim yarıyolda bezsin, bezmədi.
...
Yalanın əmriylə doğru silindi,
Haqqın olmadığı aşkar bilindi,
Yırtılıb ədalət qazanı indi,
Ha sıxdım bir damla sızsın, sızmadı.
...
Durdu qəsdimizə yolun azanlar,
Pozdu qanunları qanun yazanlar,
Can verdim yığıldı qəbir qazanlar,
Dedim məzarımı qazsın, qazmadı.
...
De kimə sırıyım özümü axı!?
Ay İdris, bazarın dəyişib nırxı,
Çıxıb ayaq üstə qələmin qırxı,
Ha sürtdüm, başdaşın yazsın, yazmadı.
...19.02.20...
Sumqayıt şəhəri.
HİLALDAN ƏL ÇƏKMƏYİN
Artıq tamah baş yarar, deyib axı atalar,
Hər ''ürəyim''sən deyən, ürəyə gül əkməyin.
Özgəsinin bağında açılan gül tez solar,
Haram harama çıxar, halaldan əl çəkməyin.
....
Şumda kəsin şərti siz, xırmanda toz olmasın,
Nəfsə hakim olun ki, qəhərdən göz dolmasın.
Əlifbanı bilməyən namazdan söz salmasın,
Azan eşitmək üçün Bilaldan əl çəkməyin.
...
Haqqı danışın üzə, yolunuz olsun hamar,
Qoy çəksin başınıza, Peyğəmbər özü tumar,
Axşam ilə səhərin fərqini İdris qanar,
Gecələr Günəş çıxmaz, hilaldan əl çəkməyin.
...12.02.21...
Sumqayıt...
NƏYİMƏ LAZIM
Mən sevdim, sevmədi yar məni neynim,
Sözdə yoxlaması nəyimə lazım?!
Bu kövrək qəlbimi sındırıb dünən,
Bu gün bağlaması nəyimə lazım?!
...
Yenə yaxınlaşır novruz bayramı,
Dəyişir yağın da, şorun da tamı,
Mənə qalacaqsa təkcə ayranı,
Nehrə çalxaması nəyimə lazım?!
...
Peşəsi eşitmək yazıq qulağın,
Gendən gözə çarpar 'xalı' dümağın,
Yayın ortasında susuz bulağın,
Qışda çağlaması nəyimə lazım..?!
Baxışı şimşəktək çaxdı hər səhər,
Dilindən ''bal'' kimi süzüldü zəhər,
Məni sevməyini ölənə qədər,
Gizli saxlaması nəyimə lazım.?!
...
Tökməsin üstümə ahın, naləsin,
İdrisəm istəməm eşidəm səsin,
Diriykən qədrimi bilməyən kəsin,
Ölsəm ağlaması nəyimə lazım?!
...06.02.21...
BƏS MƏNƏ NƏ?
.(Harın məmur oğlunun dilindən.)
...
Var mənim yeddi maşın, beş dənə şadlıq sarayım.
Gəzirəm İsveçrədə
, kefdə keçir altı ayım.
Xətrimə yoxdu dəyən, nə qədər ki sağdı dayım,
Baxıram həzz alıram, söz qoşuram hər gedənə,
Rəiyyət ac yaşayır, yoxdu pulu bəs mənə nə?
...
Papam icra hakimi, qardaşım polis rəisi,
Bacoğlum məhkəmədə- yuxarıdan gəlir səsi,
Verir əlli min manat , ayın başı hər birisi,
Yanımda bir cüt mələk, mənimçün olub ənənə,
Rəiyyət ac yaşayır yoxdu pulu, bəs mənə nə?
....
Dayımın dörd arvadı, hər birinin üç kənizi,
Papama ərz eləsəm alar mənə lap dənizi,
Nazirə bircə kərə ''göz'' eyləsə dayım qızı,
Helikopter qarışıq gəmi verər yeddi dənə,
Rəiyyət ac yaşayır, yoxdu pulu, bəs mənə nə?
.....
Əmoğlum bank müdiri, orda gedir işdə adım,
Heçə lənət, alıram ayda var üç min manatım,
Hələ ki, var imkanım gəncliyin ləzzətin dadım,
Baxıram dörd yanıma, insanlar oxşayır cinə,
Rəiyyət ac yaşayır yoxdu pulu, bəs mənə nə?
.....
Bəsdi yazdığın yetər, düşün bir az dərin- dərin,
Artır yazdıqca axı hər gün sənin dərdi sərin,
Ay İdris, atsan daşın sən də qələmlə dəftərin,
Quraram restoranda görmədiyin bir təntənə,
Rəiyyət ac yaşayır yoxdu pulu, bəs mənə nə?
...12.05.2020..
Oxunub: 1 073