YAD DEYİLƏM MƏN
Mən sənə ən əziz dostam, sirdaşam,
Ömür yollarında yaram, yoldşam,
Ruhumla, sevgimlə sənə sirdaşam,
Sənsiz bu dünyada şad deyiləm mən,
Sən məni yad bilmə, yad deyiləm mən.
Bir təmiz ürəkli, mələk kimiyəm,
Zərifəm, incəyəm, çiçək kimiyəm,
Odlu baxışlarla şimşək kimiyəm.
Qorxma yandırmaram, od deyiləm mən,
Sən məni yad bilmə, Yad deyilə mən.
Bəxtimə yazılan məhəbbət bildim,
Dilimdə şeirim, söhbətim bildim.
Yadı doğma bildin, məni yad bildin,
Eşqinə, sevgilə sevdalıyam mən,
Sən məni yad bilmə, yad deyiləm mən.
TƏCNİS
Tənha, səssiz ömür sürən bir oda,
Ürəyimdi salıb məni bu oda,
Çəkdiyi qəmlərdən bezdimi, o da?
Biz fələyin tuş gəldikmi oxuna?
Tale mənə oyun qurub amansız,
Gözüm yaşı az qəlbimə aman, sız,
Gəlməyin üstümə aman, aman siz,
Bəlkə mənim ürəyim də oxuna.
Adım nə Göyçəkdi, nə də Gözəldi,
Yaradanın hər bəxşişi gozəldi,
Gözüm, əlim, Tanrı verən göz, əldi,
Kaş mənə də qismət ola o xına.
ATA
Yoxluğun saçıma dən salıbsa da,
O cənnət yurdumuz viran olsa da,
İllərlə çəkdiyi həsrət var orda,
Sənsiz necə dönüm, yurda, ay ata.
Gələr xatirimə o sənli çağlar,
Vurular qəlbimə çəkilməz dağlar.
Gözüm səni gəzər, qəlbim qan ağlar,
Səni harda gəzim, harda, ay ata.
Ailədən iki can kəm gedəcəyəm,
Gözümdə, könlümdə qəm gedəcəyəm.
Hər an sənə dönüb, gəl gedəcəyəm,
Dözə biləmərəmmi, orda ay ata.
Bu qərib mənkanda nəfəs dərmədin,
Həsrətsiz, hicransız, ömür sürmıdin.
Yurdun azad oldu, heyif, görmədin,
Sevincin büründü gərdə ay ata.
BİLƏ BİLMİRƏM
Varlığınla açılmadı güllərim,
Yoxluğunla necə sola bilmirəm.
Qırılıram, min yerimdən sınıram,
Ah çəkirəm nədən belə bilmirəm.
Görüşmədik biz heç zaman üz-üzə,
Danışmadıq məhəbbətlə göz - gözə.
Könlüm dönüb bir tufanlı dənizə,
Hardan döndü bu eşq selə bilmirəm.
Bu dəli sevdamı söyləyim kimə?
Ağlaram, uşaqtək, bəndəm bir himə.
Vədəsiz küləktək girdin qəlbimə,
İndi ürəyimdən silə bilmirəm.
Uzaqdan-uzağa anmaq da varmış,
Kimisə dost, doğma sanmaq da varmış.
Ölumsuz bir eşqə yanmaq da varmış,
Aman, nə hissdir bu , bilə bilmirəm.