Mənə çox doğma olan cənnətməkan Qarabağın qoxusu burnumuzdan çəkilər- çəkilməz, tər çiçəklərini əzəmətli Şahnişin dağının sinəsindən dərdiyim, Alar kəndinin qoynunda əsrlər boyu qoruyub saxladığı "Alar qalası"nın sirli baxışından heyrətləndirən illərin üstündən bir neçə il keçsə də, unudulmayan Yardımlının mənə əziz olan şair oğlu İdris Babayev haqqında söhbət açmaq o qədər maraqlıdır ki! Hər dəfə İdris Babayevin səhifəsini vərəqlədikcə, yeni şeirini oxuduqca qəribə hisslər keçirirəm. Görəsən, şair qardaşım bu dəfə məni hansı misraları ilə heyrətə gətirəcək, ürəyimdə dərd bağlamış ana yurd adlı nisgilimi həsəd ruhlu misralarla bu dəfə necə oxşayacaq deyə, özüm-özümə sual verirəm. Bu şairi oxumaqdan da qorxuram, oxumamaqdan da...
Qorxuram ona görə ki, məni məndən alaraq çox uzaqlara aparacaq. Yardımlıda yaşadığı halda, bütün Azərbaycanı addımlayaraq Qarabağdan keçəcək, Zəngəzura qovuşduracaq. Və, budur mən yenə də yanılmıram, qorxduğum başıma gəlir. Həqiqətən, şair yenə də vətənin ən yaralı yerlərinə aparır məni misraların qanadında:
Gül bitirən torpağını, basıb qanqal, qaratikan,
Qarabağ, həm yeddi rayon, düşməninə oldu məkan.
Sən gəl üzmə əllərini qələbədən İdris varkən,
Belə fürsət görən bir də əlimizə düşər haçan,
Nə yatmısan, qalx ayağa, odlar yurdu Azərbaycan!
Sevinirəm ona görə ki, ruhuma qida verən, dərdlərimə sığal çəkən bu həzin misralar bayağı misralar deyil, tək mənim yox, İdris Babayev dəsti-xətti ilə tanış olan hər kəs tərəfindən sevilir. Sevilir ona görə ki, söhbətini açdığım müəllif tək özündən danışmır şeirlərində. Bütöv azərbaycanlıların dərdindən danışır. Qardaş bilir, bacı bilir dərd daşlarının hamısını. Bəlkə də,yurdun həsrətini bu qədər dəqiq və həssaslıqla, həm də həsədlə ifadə etməsidir ki, mən də bu ağrılı, acılı şeirlərdən yan keçə bilməmişəm.
İ. Babayevin söz dünyası doğma elinin qaynar bulaqları kimi axarlı-baxarlıdır. Şairin elə bu misralarında da şeir dünyasının nə qədər zəngin söz ehtiyatlı olduğunu anlamaqda çətinlik törətmir:
Basasan bağrına "məhbus" dağları,
Göz yaşın suvara susuz bağları.
Öpüb oxşayasan buz bulaqları,
Damla- damla şəfasını alasan.
Tanıdığım ilk gündən oxuduğum müəllifdir İdris Babayev. Satirik, duyğusal, sevgi üslublu şeirləri ilə birgə yol gəlir yorulmadan. Mənim və şeiriyyat aləmində olan çoxlarının düşüncəsinə görə çox istedadlı şairdir sözü gedən müəllif. Onun bir günü boş keçirməsi, bəlkə də, iki və ya üç şeirin "ölümü" deməkdir. Bunu şair özü də ćox gözəl bilir. Sadəcə bu sadə könüllü insan elə şeir aləmində də öz sadəliyini qoruyur. Fitri istedadı ilə bəziləri kimi mənəm-mənəmlikdən qaçır. Bu cür istedad sahibini fərqli edən ən böyük amil budur. İstedad bu deyil, bəs nədir?! Bəndin gözəlliyinə, mənasına baxın:
İdrisəm,sənsizlik dərddi canıma,
Dözməyib zamanın bircə anına.
Gəlib həmişəlik sənin yanına,
Dərdimi səninlə bölmək istərəm.
Əgər bu gün «şairlər» bolluğu arasında iki-üç əsl şair varsa, onun biri də məhz İdiris Babayevdir. Özü bunu inkar etsə də, mən şairin istedadlı olduğunu hər dəfə təkrar etməkdən yorulmuram. Bu şeir bolluğu arasından seçilib, sevilərək oxunursa ,deməli, sözümdə haqlıyam.
İdris Babayevin şairliyi əsl şairlərə verildiyi kimi, Tanrının ona bağışladığı vergidir, istedaddır. Bu səbəbdən də poetik çeşməsindən süzülüb gələn misraları da bal şirinliyi, qəlb hıçqırtısı, könül xoşluğu ilə elə həmahəngdir ki, oxuduqca doymursan, yorulmursan, ürəyinə qəribə bir istilik və sərinlik dolur:
Gözüm yolda, yol gözlədim neçə gün,
Qəlbimə daş basammadım neyləyim.
Xəyallarım sənsiz gəzdi didərgin,
Bu həsrətdən qaçammadım neyləyim.
Tüş olubdu İdris hər vaxt qınağa,
Sinə gərib imtahana, sınağa.
Mən nökərəm, gəl eşqimə ol ağa,
Başqasını seçəmmədim neyləyim.
Şair ürəyinin böyüklüyü bu misralarda o qədər gözəl, açıq və səlis görünür ki, sevginin toxumu hər hərfdə cucərib sozləşir, söz misralaşır, misralaşan sözlər sarmaşıq kimi biri birinə dolanaraq bənd-bənd olur, şeirləşir və şeirləşdikcə ədəbiyyatımızda öz dəsti-xəttini sübut edir.
Bax, elə bu yazını yazmağa başlamamısdan oxuduğum bu şeirin bəndlərinin təsiri altındayam hələ də:
Əyninə don geyib, rəngi sapsarı,
Kirpiyi qaşından qalxıb yuxarı.
Ox olub qəlbimi bölübdü yarı,
De necə sevməyim , belə gözəli.?
Leylidən alıbdır, elə bil dərsi,
Məcnun tək çöllərə salıb Idrisi.
Görsə utanacaq sular Pərisi,
De necə sevməyim belə gözəli?
Sevdiyi gözəli o qədər gözəl vəsf edib ki, bu şeirdə sanki şeirdəki xanımla üz-üzə dayanıb söhbət edərmiş kimi olursan.
Sevinclə, həvəslə, böyük hörmətlə oxuyuram şairin şeirlərini. Birnəfəsə oxuyuram rastıma çıxdıqca. Oxumadan öncə düşünmürəm də deyə bilmərəm. Deyirəm, görəsən, İdiris Babayev yenə hansı misrası ilə tüstümü təpəmdən çıxaracaq?! Və budur, yenə də yanılmıram. Əsrarəngiz misralar Qarabağ, ana yurd, el-oba nisgilli yaramın qaynağını yenə də qoparır. Oxuduqca oxuyur, mənimsədikcə mənimsəyirəm.
"Alasan" şeiri şairin sevərək oxuyub, qiraət etdiyim ən gözəl şeirlərdən biridir:
Baxasan, gözündən qığılcım çıxa,
Mərd görəndə qadasını alasan.
Çəkib namərdləri tarım, çarmıxa,
Oxxay deyib qisasını alasan.
Gəzəsən at üstə təpəni, dağı,
Sancasan Qalanın üstə bayrağı.
Azad eyləyəsən can Qarabağı,
Sonda gedib Şuşasını alasan.
Xəbər çata Yardımlıya, Lerikə,
Şəhidlərin ruhu gələ təbrikə.
Ay İdris, çox gözəl yola göz dikə,
Sən qayıdıb Sonasını alasan.
İdiris Babayevin şeirlərində qəribə bir ovqat duyulur. Hər kəsə doğma, yaxın, əziz olan bu əhval-ruhiyyənin daxilində gizlənən dərdin böyüklüyü oxucunu düşündürür, heyrətləndirir.
Müəllifin şeirlərində nə qüdrət varsa, oxuyan anda qanına, ruhuna hopur. Özünü onun cazibəsindən xilas edə bilmirsən. Bütün işini, gücünü bir yanda qoyaraq şairin şeirlərini oxumaq istəyirsən. Hərdən də adama elə gəlir ki, İdris müəllimin imzası ilə çap edilmiş bu şeirlər sənin özünə məxsusdur, dilinin ucundadır. Bu səbəbdən də onun şeirləri ilə min ilin dostu kimi görüşürsən. Bu da bir ədəbi uğurdur. Şairi oxuculara sevdirən, yaxınlaşdıran da onun şeirlərindəki ruh yaxınlığıdır. Nə qədər çalışsaq da, şeirlərinin ruhuna qoşulub üzü Yardımlıya tərəf getsək də, Azərbaycanın hər tərəfinə az da olsa ruhən baş çəkməli oluruq. Allah sizi qorusun şair qardaşım. Ürəyi Vətən deyə-deyə döyünən şair!
Düşüncələrini, ürəyinin odunu ağ kağıza nar sıxan kimi sıxmağı bacardığından şeirlərində iç dünyasının şəkli görsənir:
Köhnə ya iylənər, ya da çürüyər,
İlə köhnə demə, gülərlər sənə.
Yığılıb tarixdə gizlənən illər,
Vaxt olar yenə də dönər tərsinə.
On doqquzun yerin tutdu iyirmi,
Dünyanın oxu düz, özü dəyirmi,
Qədrini, ay İdris, kimsə bilirmi?..
Canını versən də qurban Vətənə.
Ədalətsizliyə, haqsızlığa hərənin bir cürə etirazı olduğu kimi İdiris Babayevin də qəribə bir etiraz tərzi var bəzi insanlara, bəzi insanlığa.Əslində onun şeirlərində şikayət yox, dərdin, qəmin belə də olmalıymış kimi təsdiqi var. Şairlər Allahın söz elçiləridir. Sözügedən şair yaxşı bilir ki, bəndədən gizli qalan Allaha ki əyandır...
Atamı çox sevdim, yoxsa anamı,
Soruşub qəddimi tamam əyməyin.
Ürəyim istəyir indi anamı,
Qəlbi yaralıdır, ona dəyməyin.
Bu kiçik ürəyim dünyadan böyùk,
Yüz yerə bölünüb hey bölük-bölük.
Elimə, obama çixmadım dönük,
Vətən eşqli ürəyimə dəyməyin.
Sevin siz dünyanı, var-dövləti yox,
Sevin Ata, Ana, Allahı ən cox.
Idrisəm, sizlərə baçqa sözüm yox,
Sevgi dolu ürəyimə dəyməyin.
İdiris Babayevin şeirləri tufan kimi, sel kimi bizi mürgülü günlərin əlindən alır, ürəyimizi tərpədir. Elə ona görə də, şair öz ömrünün kodeksini bədiiləşdirərək bizə təskinlik üçün şeirlərini süssüz təqdim edir. Əslində heç o səmimi sözlərin süsə , bəzəyə ehtiyacı yoxdur.
Bu itən ömürlərin ağrı-acısında əriyən dünyanın sirləri çoxdur. Bir şair kimi İdiris müəllimi oxuculara sevdirən onun orijinallığıdır. Min ilin köhnə sözünü təzə libasda söyləməyi bacarmasıdır. Sözün ağıllı tərəfi ilə ürəyinin dediklərini bir cığırdan keçirməyi bacaran söz ustadıdır.
İdiris Babayevin şeirlərindəki bir məziyyəti də qeyd etmək vacibdir. Bu da şairin səmimiliyidir. Xalislik üçün bu mənəvi keyfiyyət başlıca şərtdir. Adicə insani münasibətlərinin nüvəsində səmimiyyət olanda hər şey gözəl olur. Şeir səmimiyyətdən yoğrulanda, mayasında təbiilik olanda həm oxucuya xoş gəlir, həm də poetik mündəricatı zənginləşir.
Şairin şeirlərində xoşa gələn bir cəhət də müəllifin etiraf etməyi bacarmasıdır. Etirafı bacarmaq hər adamın işi olmasa da, şair etiraf etməkdən çəkinmir. Səhvi səhv, düzü düz yazması şeirlərinin ən seçilən tərəflərindən biridir. Təzadlarla dolu dünyamızın hər üzünü ustalıqla qələmə alıb oxucusuna məharətlə çatdırır.
Bütün dərdlərin, qəmlərin əlində çırpındığı bir məqamda da ona zülm verəni bağışlamağı bacarmaq qəlbin böyüklüyüdür. Bu mənada yenə də üzünü Yaradana tutub əzabları üçün şükür edən müəllifin nikbinliyi xoş təsir bağışlayır:
Başımızın üstə kölgən,
Sən nə ruhsan, nə də bədən.
Yaratdın bizi heç nədən,
Görünmürsən gözə, Allah.
Sahibisən kainatın,
Nə nəslin var, nə də zatın.
İki dünya varidatın,
Özün rəhm et bizə, Allah.
Koma qurur İdris sözdən,
Yazır dağdan, yazır düzdən.
Söz götürür oddan, közdən,
Bərəkət ver sözə, Allah.
Söz axtarışında əziyyət çəkməyən bir şairdir İdiris Babayev. Şeirləri müasir Azərbaycan poeziyasının yeni cizgiləridir. Bu şeirlərdə əks olunan o böyük kədərsə müəllifin millətinin, xalqının köçkünlük taleyinin naxışıdır.
Ürəyinizin səsi kitablar vasitəsilə daha çox evlərə söz boxçası aparsın dəyərli şairimiz!
Təşəkkür edirəm, Aynur xanım.
Aynur Yasəmən Əliyeva --AYB və AJB-lərinin üzvü, şairə, publisist.