Azərbaycan xalqı milliyyətcə türkdür: Oğuz soyunun ya Qınıx və ya da ki, Bayat qolundan sayılırlar. Elə "Kitabi-Dədə Qorqud" adlı məşhur dastanımız da bunu sübut edir. Türk etnosu erkən əsrlərdə(təxminən VI-VII əsrlərdə) Azərbaycanda məskunlaşandan sonra bizlər bir millət olaraq formalaşdıq. Dədə Qorqud adlı bir müdrik el ağsaqqalının ocağının başına yığıldıq, öyüd-nəsihət dinlədik. Bizlərə buyurdu: "Vətəni sevin, Oğuz dövlətini mühafizə edin və torpağı əkib-biçin!" Bizlər isə böyüklərimizin, yəni ki, Bayandur xanın, Qazan xanın yanında qərar tutduq. Sonra, onların başqa tayfa və qəbilələr ilə düşmənçilikləri, müharibələri oldu. Biz də kənarda qalmağı qeyrətimizə sığışdırmadıq, namusumuza boğuldu, xanı tək qoymadıq: döyüşdük, qan tökdük, qanımız töküldü; öldük və öldürüldük. Dədəm Qorqud əlindəki o qopuzu ilə irəliyə keçdi, and-aman edərək bizləri döyüşməkdən, qardaş qanı tökməkdən yayındırmaq istədi, əks təqdirdə, bizlərə Allahın bərk qəzəblənəcəyini, bəd dua edəcəyini və bununla da, yerlə-yeksan olacağımızı xəbər verdi. Lakin gözümüzü qan örtmüşdü: yersiz hikkələr, boş iddialara qapılaraq "Ölmək ölməkdir, xırıldamaq nə deməkdir!" deyib irəliyə atıldıq. Həqiqətən də, "Böyüyün sözünə qulaq asmayan böyürə-böyürə qalar" kəlamının düzgünlüyünə inandıq, ancaq iş işdən keçmişdi artıq. Dədəm Qorqudun o hikmətli nəfəsindən müqəddəs dərgaha ucalan şiddətli qarğış Oğuz igidlərini-sözəbaxmaz dəliqanlıları yerlə bir etdi. Amma sonra yenə çoxaldılar. Allah bu millətin kökünü kəsmədi, Dədə Qorqudun etdiyi duaya xatir onların sayını artırdı, onları gücləndirdi, onlara dövlət bəxş etdi. Lakin, buna rəğmən, yenə də imanlı olan bu adamlar bir ola bilmədilər, yollarını asdılar və parçalandılar. Oğuz dövləti-Dədə Qorqudun "Mühafizə edin!"-deyə, möhkəm-möhkəm tapşırdığı və qoyub-getdiyi əmanət yadellilərin işğalına məruz qaldı. Dəfələrlə işğallara məruz qaldıq, Allah azad etdi. Amma elə bir şeytan xislətli imperiya bu ölkəni işğal etdi ki, onunla da, bütün milli kimliyimiz, milli-mənəvi dəyərlərimiz, milli adımız, milli adət-nənələrimiz, milli dilimiz əldən getdi. Bu, düz 71 il Azərbaycan türklərinin üzərində hökmranlıq edən Şura höküməti idi. Allahdan, dindən-imandan, millilikdən uzaq və bizə tamamilə yad olan bir ideologiyanın əsasında qurulan bir iblis rejimi kimi tanınan SSRİ-nin dövründə Azərbaycan türkləri artıq yavaş-yavaş etnos olaraq həm fiziki məhv edilirdi və həm də ki, Şəxsiyyət vəsiqəsi üzərində adları dəyişdirilirdi. SSRİ-nin ikinci rəhbəri olan Stalinin hakimiyyətə gəlməsinə qədər bizim xalqın Şəxsiyyət vəsiqəsindəki milli mənsubiyyət xanasına "Azərbaycan türkü" yazılırdı. Ancaq Stalinin diktaturası özünə yer edəndən sonra artıq biz türklərin adı tədricən yox edilməyə başlanıldı. Məhz Stalinin hakimiyyəti dövründə xalqımızın şəxsiyyət vəsiqəsinə daha "Azərbaycan türkü" yox, onun əvəzinə "azərbaycanlı" yazıldı. Bu da ki, xalqımızı kağız üzərində yox etmək demək idi. Onsuzda, 1937-ci ilin o qanlı-qadalı repressiyalarında millətimizi öldürür, həbs və sürgün etdirirdilər. Lakin bundan daha ağır olanı isə onları kağız üzərində yox etmək idi. Allaha sonsuz həmd-sənalar və şükürlər olsun ki, artıq o acı günlər keçib-gedib və SSRİ kimi bir müstəmləkəçi, zalım hakimiyyət daha yoxdur. Amma sənəd-sünəd çərçivəsində həmin o lazımsız ənənə istər-istəməz yenə də davam edir. Bu dəfə Şəxsiyyət vəsiqələrinə deyil də, Doğum haqqında şəhadətnamələrə "azərbaycanlı" yazılır. Bu lazımsız ənənəyə son vermək lazımdır. Ora ya "Azərbaycan türkü" və ya da ki, elə qısaca olaraq "Türk" yazılmalıdır. Çünki, bizlər türk olaraq öz milli kimliyimizi qorumalı və mühafizə etməliyik. Bu günümüzdə vətəndaşların hər hansısa birinə "Milliyyətcə kimsiniz?" sualını verərkən, onların cahilcəsinə "azərbaycanlıyıq!" cavabını vermələri, sözün həqiqi mənasında, çox utancverici və gülünc bir haldır. Həmin adamlar Şura hökümətinin mətbəxində bişmiş bədbəxt adamlardırlar. Millət söhbəti etmirik və yaxud da ki, öz milli mənsubiyyətimizi başqa etnik azlıqlardan üstün görüb də, digərlərini aşağılamırıq. Sadəcə olaraq, günümüzdə özünə aktuallıq qazandıran problemlərdən bəhs edirik və onun yaxşı mənada həlli yollarını axtarırıq. Həm də ki, öz milli kimliyimizi bilməliyik. Bəli, Azərbaycan çoxmillətli bir ölkədir. Burada təkcə türklər yox, ləzgilər, talışlar, kürdlər, tatlar, udinlər, şapsuqlar, buduqlar, rutullar və s. milli-etnik azlıqlar yaşayırlar. Ümumiyyətlə, istəyir Şəxsiyyət vəsiqəsi olsun, istəyirsə də ki, Doğum haqqında şəhadətnamə olsun, hər birinin milli mənsubiyyət xanasında türkə "Türk", talışa "Talış", ləzgiyə "Ləzgi", tata "Tat", kürdə "Kürd", rutula "Rutul" və s. yazılmalıdır. Vətəndaşlığı olan ölkə xanasına "Azərbaycan" yazılması təbiidir: çünki, həmin insan Azərbaycan Respublikasının ərazisində yaşayır və Azərbaycan Respublikasının vətəndaşıdır. Lakin durub savadsızcasına bütün Azərbaycan vətəndaşlarının milli mənsubiyyət xanasına "azərbaycanlı"-deyə, qeyd olunması heç də düzgün deyildir. Bu cür texniki-qrammatik səhvləri düzəltmək və bərpa etmək lazımdır. Tutaq ki, Azərbaycan türkü olan bir vətəndaş Amerikanın vətəndaşlığını qəbul edir: o, vətəndaş olaraq amerikalı sayıla bilər, lakin milliyyətcə türkdür. O, öz soydaşlarına "Mən milliyyətcə amerikalıyam" və yaxud da ki, "Mən ingilisəm" deyən deyil, əksinə, öz milli kimliyini açaraq ya "Azərbaycan türküyəm", ya da ki, "Milliyyətcə türkəm" deyəcəkdir. Yəni ki, belə-belə xırda detalları nəzərə almaq lazımdır və onları qaçırmaq olmaz. Biz çox şahidi olmuşuq ki, ləzgi olan şəxs özü üçün "Ləzgiyəm" deyir, talış "Talışam" deyir; tat ya "Dağlıyam" və ya da ki, "Tatam" deyir. Ancaq bizlər isə savadsızlığımız ucbatından kim soruşursa, elə özümüzə "azərbaycanlıyıq" deyib dururuq. Əlbəttə ki, bu, heç bir əsası olmayan və yalnış bir ifadədir, daha doğrusu, özünü çox yalnış bir şəkildə təqdimetmə formasıdır. Bir daha bunu artıq yaddaşımıza həkk etməli və başqalarına da başa salmalıyıq ki, bizlər "azərbaycanlı" deyilik, Azərbaycan türküyük və "azərbaycanlı" adlı bir millət heç vaxt olmayıb və olmayacaqdır da. "Azərbaycanlıyam" deyərək özümüzü camaata güldürməyək. Özümüzə o qədər "Azərbaycanlıyıq" dedik ki, artıq türkiyəlilər də bizə "Azəri" deyir. Biz milli kimlik baxımından türkük və bunu da dərk etməliyik. Ümid edirəm ki, bu kiçik problem də öz həlli yolunu tapar, inşallah!
Ərtoğrul Aypar