dini radikalizm və ekstremizmlə mübarizə

Ey valideynlər, azyaşlı qızlarınızı 18 yaşına qədər çölə-bayıra tək buraxmayın!


İki yüz il bundan əvvəlki əsrə baxsaq, görərik ki, o dövrdə, sözün həqiqi mənasında, azyaşlı qız uşaqlarına qarşı valideynlər olduqca ciddi nəzarət etmiş və onları bir an belə olsun ki, yalnız buraxmamışdırlar. Amma çox təəssüflər olsun ki, bu günləri həmin o əxlaqi dəyərləri görməkdən məhrumuq, daha doğrusu, görə bilmirik. Bunun ən başlıca səbəbi də valideynlərin məsuliyyətsizliyi və azyaşlı qız övladlarının müasir dövr ilə ayaqlaşmasına qəsdən və bilərəkdən göz yummalarıdır. Parklara düşəndə görürsən ki, 14-15 yaşlı qız uşağı açıq-saçıq paltar geyinib, əlində telefon və qulağına qulaqcıq taxaraq özü üçün tək-tənha bir şəkildə gəzib-dolaşır. Bu, çox dəhşətli bir haldır. Görəsən, o azyaşlı qız uşağının valideynləri, xüsusilə atası hara baxır?! Güya ki, qızlarının könüllərini qırmamaq üçün onlara sərbəstlik yaradırlar. Daha bir şeyi düşünmürlər ki, göstərdikləri o mənasız nəvaziş, yaradılan boş sərbəstlik sonda həm onlar üçün və həm də ki, qızları üçün xoşagəlməz təhlükələr, bədbəxt hadisələr törədəcəkdir. Son zamanlarda azyaşlı qız uşaqlarının ölüm sayı artmaqda davam edir. Çünki, valideyn həddi-büluğa çatmamış qızını yalnız başına parklara buraxır, qız da dünyanın enişindən-yoxuşundan bixəbər olduğuna görə hər hansısa bir küçə avarasına rast gəlir və o manyak da onun həyatını korlayır. Belə naqis əməllərə yol verməmək lazımdır. Əgər valideynlər dünyaya övlad gətirirsə və onun məsuliyyətini çəkmirsə, deməli, o valideynlər məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdırlar. Çünki, onların bu laqeydliyi başqa ailələrə də təsir göstərir və hamı bir-birinə baxaraq "Uşaqdır, qoy, rəfiqələri ilə gəzib-dolaşsın, darıxmasın"-deyə, bu cür səhvlərə yol verir və övladlarını birmənalı olaraq uçuruma atırlar. O uçuruma ki, düşən geri qayıtmır. Elə bir səfeh dövrə ayaq basmışıq ki, vallah, bakirəsi pozulmamış, təmiz, əxlaqlı, savadlı gənc qızlara çox nadir hallarda rast gələ bilirik. Bu telefon, kompüter, internet, naqis seriallar, gic-gic videolar qız uşaqlarının başını tamamilə xarab etdi. O azyaşlı qızlardan gələcəkdə nə sədaqətli bir həyat yoldaşı və nə örnək bir ana olacaq axı?! Axı 14-15 yaşlı qız uşağının özbaşına gəzməklərdə nə işi ola bilər? Onun əlində telefon əvəzinə kitab-dəftər, qələm olmalıdır. Düzdür, elə gənc ailələr də vardır ki, onlara yaxşı mənada söz ola bilməz. Yəni ki, öz övladlarına qarşı əsil bir valideyn qayğısı göstərir, ciddi nəzarət edirlər. Oğlan uşaqlarına da nəzarət olunmalıdır, lakin qız uşaqlarına isə xüsusilə diqqət ayırılmalıdır. Gənc ailələr çalışmalıdırlar ki, övladlarını təhsilə, maarifə tərəf yönləndirsinlər; pis vərdişlərdən, avara tay-tuşlarından uzaq tutsunlar. Əgər belə olarsa, o zaman, şübhəsiz ki, heç bir ailə zərər-ziyan görməz. Bundan əlavə, əgər qız uşaqları 16 yaşları tamam olandan sonra dövlətdən Şəxsiyyət vəsiqəsi alırlarsa, gərəkdir ki, heç olmasa, valideynlər də qız övladlarını 2 il qorusunlar. Qız uşağı anadan öyrənməli, götürməli və öz hərəkətlərinə, əxlaqına yetərincə fikir verməlidir. İlk başda vurğuladığım kimi bu məsələdə yenə də valideynlər xüsusi rol oynayırlar. Ona görə də valideynləri azyaşlı qız uşaqlarına qarşı məsuliyyətli, diqqətli, ciddi olmağa və lazımlı nəzarəti gücləndirməyə səsləyirəm! Göz görə-görə balalarınızı əlinizlə məhv etməyin, onlar da yazıqdır və bizim gələcəyimizdirlər.

Ərtoğrul Aypar

Oxunub: 2 509
Oxşar xəbərlər
SON XƏBƏRLƏR